Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-489/2024 01.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 467 manat məbləğində pulun və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun yaşadığı evin yaxınlığında 500-600 metr məsafədə yerləşən özünə məxsus 5 sot torpaq sahəsi vardır. Həmin sahənin ətrafı hasara alınmayaraq açıq halda olsa da, orada toyuq, qaz, ördək və digər ev quşları saxlamaq üçün ayrı-ayrılıqda hinlər tikdirmişdir. Sadaladığı həmin ev quşlarını həmin hinlərdə saxlayırdı. Hinlərin qapısını qıfıl ilə bağlayırdı. Ev quşlarına daima özü nəzarət edərək qulluq etmişdir. 2023-cu il iyulun 27-də saat 09 radələrində həmin bağ sahəsindəki hindən 2 ədəd qaz, avqustun 12-də saat 09 radələrində 2 ədəd qaz və 2 ədəd ördək sentyabrın 5-də 1 ədəd qaz və 4 ədəd ördək, oktybarın 17-də saat 09 radələrində 2 ədəd qaz, və oktyabrın 25-də saat 09 radələrində 2 ədəd qaz ev quşların naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Naməlum şəxs tərəfindən ümumilikdə ona məxsus 9 ədəd qaz, 6 ədəd ördək və 25 ədəd ev quşları oğurlanmışdır. Həmin quşları saxladığı hinin qıfılları hər dəfə naməlum şəxs tərəfindən sındırıldığı üçün yenisi ilə əvəz etmişdir. Sonradan öyrənmişdir ki, onun quşlarını oğurlamış şəxs Salyan rayon, Aşağı Kürkənd kənd sakini Cavabdehdur. Oğurlanmış qaz quşunun hər birinin çəkisi 3 kiloqram olmaqla hazırda bır ədədinin bazarda satış qiyməti 30 manat olmaqla 9 ədəd qaz quşların ümumi qiyməti 270 manat, ördək quşunun hər birinin çəkisi 2 kiloqram olmaqla bir ədədin hazırda bazarda satış qiyməti 12 manat olmaqla 6 ədəd ördək quşunun ümumi qiyməti 72 manat, ev quşunun (göyərçin) bir ədədin hazırda bazarda satış qiyməti 5 manat olmaqla 25 ədəd ev quşunun ümumi qiyməti 125 manat olmuşdur. Beləliklə həmin ev quşların oğurlanması nəticəsində ona 467 manat məbləğində maddi ziyan dəymişdir. O, cavabdeh barəsində Salyan rayon Polis Şöbəsinə şıkayət vermişdir. Cavabdeh etdiyi əməli Salyan rayon Polis Şöbəsində etiraf etmişdir. Cavabdehin qanunsuz hərəkətləri ucbatından ona 467 manat ziyan dəymişdir. Odur ki, dəymiş 467 manat məbləğində maddi ziyanın və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru X2 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı DİN-in 102 xidmətinə verdiyi məlumat və rayon polis şöbəsinə yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. O, əvəllər bir neçə dəfə Cinayət Məcəlləsinin ayrı-ayrı maddələri ilə məhkum edilərək ümumilikdə 6-7 il həbsdə olmuşdur. Sonuncu dəfə həbsdən çıxandan sonra Bakı şəhərində taksi sürücüsü kimi fəaliyyət göstərərək sərnişin daşımaqla məşğul olsa da, valideyninə baş çəkmək üçün arada Salyan rayonuna gəlirmiş. 2023-cü il iyulun 27-nə keçən gecə saat 01 radələrində Asiyanın yaşadığı ünvandan bir qədər aralıda yerləşən bağ sahəsinin yaxınlığından keçərkən ətrafı açıq olan bağ sahəsində iki hin olduğunu görmüş, həmin hinlərə yaxınlaşıb nəzərdən keçirdəndə hinin birində ördək, digərində qaz ev quşlarının saxlanıldığını bilmişdir. Yaxın ətrafda yaşayış olmadığı üçün oğurluq etməyə əlverişli şərait olduğundan qərara gəlmişdir ki, ev quşlarından 2 ədədini oğurlayıb aparıb satsın. Ona görə qaz quşları saxlanılan hinin qapısındakı qifili dartıb açmaqla hindən 2 ədəd qaz quşunu oğurlayıb aparmışdır. Bundan təxminən 10-15 gün sonra gecə saatlarında həmin yerdən keçərkən yenidən həmin hinlərdən 2 ədəd qaz quşunu və 2 ədəd ördək quşunu oğurlamaq qərarına gəlmişdir. Ona görə sentyabrın 5-nə keçən gecə saat 03 radələrində həmin yerə gələrək 2 ədəd ördək və 1 ədəd qaz ev quşlarını oğurlayıb aparmışdır. Oktyabrın 17-nə keçən gecə saat 03 radələrində yenidən həmin ərazidən keçərkən hindən qaz ev quşları oğurlamaq qərarına gəlmiş və quşlar saxlanılan hindən daha 2 ədəd qaz quşunu oğurlayıb aparmışdır. Oktyabrın 25-nə keçən gecə saat 04 radələrində yenidən həmin ərazidən keçərkən daha 2 ədəd qaz quşlarını oğurlamaq qərarına gəlmiş və həmin quşları oğurlayıb aparmışdır. Beləliklə, cəmi 9 ədəd qaz və 6 ədəd ördək ev quşlarını oğurlamışdır. Hinlərin heç birinin qapısında kilid olmayıb, adi cəftə olmuşdur, həmin qaz və ördək ev quşlarını oğurlayıb apardıqda Salyan rayon avtovağzalı ərazisində tanımadığı şəxslərə qaz quşunun bir ədədini 10-15 manata, ördək quşunun bir ədədini isə 6-7 manata sataraq pulu özünə xərcləmişdir. O, ilk dəfə İddiaçı məxsus hindən ev quşlarını oğurladıqdan sonra bir daha oradan oğurluq etmək fikrində olmamışdır, lakin hər dəfə həmin ərazidən keçərkən 1-2 ədəd ev quşu oğurlamaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İsmayılov X1 Asiya Yaxşıqulu qızının bağ sahəsində yerləşən hinlərindən ayrı-ayrı vaxtlarda 9 ədəd qaz və 6 ədəd ördək ev quşlarını gizli olaraq talamışdır. “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, 1 ədəd qaz ev quşunun bazarda satış qiyməti 30 manat, 1 ədəd ördək ev quşunun satış qiyməti isə 12 manat olmuşdur. Bununla da, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 342 manat məbləğində maddi ziyan vurulmuşdur. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 22 manatı cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 342 manat məbləğində pul və 22 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 342 manat məbləğində pul və 22 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-489/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-489/2024
01.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver