Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-495/2024 25.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq verilmiş 3000 (üç min) manat pul və 50 (əlli) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mərhum həyat yoldaşı X4 2021-ci ilin yay aylarında özünü hüquqşünas kimi təqdim edərək 9 ədəd boş torpaq sahəsi ilə bağlı ona sənəd almaqda köməklik edəcəyəni bildirərək ondan ümumilikdə 7400 manat pul almışdır. Bir müddət Ağahüseyn Fərzəliyevin ona vəd etdiyi işlərin alınmadığını görüb ondan ona verdiyi 7400 manat pulu geri tələb etdikdə, o, qeyd edilən puldan cəmi 4400 manatını ona qaytarmış, qalan 3000 manatını isə qaytarmaqdan imtina etmişdir. Qeyd edilən məsələ ilə bağlı Salyan Rayon Polis Şöbəsinə müraciət etmişdir. Salyan Rayon Polis Şöbəsindən aparılan araşdırma zamanı həqiqətən Ağahüseyn Fərzəliyevin ondan pul alması öz təsdiqini tapmışdır. Hal-hazırda Ağahüseyn Fərzəliyev vəfat etmişdir. X15 Xidmət Mərkəzində Notariat Ofisindən sorğuya verilmiş cavabda X1 vərəsəsinin arvadı Cavabdeh olduğu qeyd edilmişdir. O, cavabdehə müraciət edərək mərhum ərinin ona borclu olduğu 3000 manatı qaytarmasını xahiş etsə də, müraciəti cavabsız qalmışdır. Cavabdehin ona olan borcunu ödəməməsi səbəbindən hal-hazırda məhkəməyə müraciət etmişdir. Odur ki, Cavabdeh borc olaraq verilmiş 3000 (üç min) manat pulun və 50 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili X6 iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən halları təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək mərhum əri Ağahüseyn Fərzəliyevin iddiaçıya heç bir borcu qalmadığını, borcun hamısının qaytarıldığını, bununla bağlı işdə şahidlərin olduğunu bildirmişdir. Ona qarşı irəli sürülmüş iddia əsassızdır və rədd edilməlidir. Odur ki, İddiaçı ona qarşı qaldırdığı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Ağahüseyn Fərzəliyevin qardaşı oğludur. O vaxt aralarında pul haqq-hesabı olanda pulun müəyyən hissəsi Əliquluya ödənilmişdir. Pul ödənildikdən sonra aralarında 2000 manat ekspertiza pulunun qaytarılması ilə bağlı mübahisə olmuşdur. Ekspertiza pulunu isə Əlqulu özü ekspertə ödəmiş, bununla bağlı qəbz də vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, Ağahüseyn Fərzəliyevin sürücüsü olmuşdur. O vaxt aralarında pul haqq-hesabı olanda Ağahüseyn ona pulun müəyyən hissəsini, 1600 manatını bir dəfəyə, təxminən 3400 manatını isə hissə-hissə qaytarmışdır. 1600 manat pulu özü şəxsən Əlquluya aparıb vermişdir. Əlqulu pulları aldıqdan sonra ona “bircə ekspertizaya verilən 2000 manat pul qaldı” demişdir. Ekspertiza pulunu Əlqulu özü ekspertə ödəmiş, bununla bağlı qəbz də vardır. Məhkəmə tərəflərin izahatını, şahid ifadələrini dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; “Cinayət işinin başlanmasının rədd olunması haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı ərizə ilə Salyan rayon prokurorluğuna müraciət edərək məhkəmədə mübahisələndirilən mülki işlə əlaqədar onu təmsil etməsi adı ilə Salyan şəhərində vəkilliklə məşğul olan Ağahüseyn adlı şəxsin ondan 7400 manat pul alaraq öz vədinə əməl etməməsi, verdiyi pulu tələb etdikdə isə 4400 manat hissəni qaytardığını, qalan 3000 manat pulu isə qaytarmadığını bildirmiş və qanunamüvafiq tədbir gğrülməklə dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Araşdırma zamanı X1 izahatı alınmış və o, izahatında məhkəmə işləri ilə əlaqədar 7400 manat pul aldığını, Əliqulunun 9 işi üzrə məhkəmədə iddia qaldırdığını, sonradan iddia təmin edilmədiyindən 4400 manat məbləğində pulu Əliquluya qaytardığını, 2000 manat məbləğində pulun ekspertə verildiyini, 1000 manat pulun isə gördüyü işlərin müqabilində zəhmət haqqı olduğunu bildirmişdir. Toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından X4 barəsində cinayət işinin başlanması rədd edilmişdir. X15 Xidmət Mərkəzində notariat ofisinin 1307 g nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş mərhum X1 vərəsəsi onun arvadı Cavabdehdır. 308435 nömrəli, xx.xx.2022-ci il tarixli kassa məxaric orderi qəbzinin surətindən görünür ki, X8 tərəfindən 515, 520, 521, 522, 523, 524, 525, 526, 527, 528 və 554 nömrəli ekspertiza rəyləri üçün 2000 (iki min) manat kassaya mədaxil edilmişdir. Azərbaycan Respublikası “X9” tərəfindən müxtəlif vaxtlarda verilmiş 520, 521, 522, 523, 526, 527 və 528 nömrəli mütəxəssis rəylərinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş torpaq sahələri faktiki coğrafi məkan göstəriciləri əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən 2014-cü ildə tərtib olunan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxemində (elektron xəritəsi üzərində) kəndaltı ştrixlə qeyd olunan bələdiyyənin ehtiyat fond torpaqları hüdudlarında yerləşməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası “X9” tərəfindən müxtəlif vaxtlarda verilmiş 515 və 554 nömrəli mütəxəssis rəylərinin surətindən görünür ki, tədqiqata təqdim olunmuş torpaq sahələri faktiki coğrafi məkan göstəriciləri əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzi tərəfindən 2014-cü ildə tərtib olunan Neftçala bələdiyyəsinin mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu sxemində (elektron xəritəsi üzərində) yaşıl rəngli ştrixlə qeyd olunan bələdiyyənin ehtiyat fond torpaqları hüdudlarından kənarda olduğu, müvafiq olaraq dövlət mülkiyyəti torpaqlarına aid olması müəyyən olunmuşdur. xx.xx.2022-ci il tarixli, 8609 nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsi üçün 96 manat xidmət haqqı ödənilmişdir. Beləliklə, məhkəmə islasında müəyyən olundu ki, X4 2021-ci ilin avqust ayından etibarən İddiaçı ayrı-ayrı vaxtlarda 7400 manat pul almış, həmin pulu alarkən onun məqsədi İddiaçı ona etdiyi müraciəti əsasında bir hüquqşünas kimi məhkəmə ilə bağlı işlərində ona hüquqi cəhətdən köməklik göstərilməsindən ibarət olmuşdur. Sonradan məhkəmədə qaldırılan iddialar təmin edilmədiyindən, narazı qalan İddiaçı Ağahüseyn Fərzəliyevə verdiyi 7400 manat pulu ondan geri tələb edərkən, A.Fərzəliyev həmin puldan 4400 manat pulu ona qaytarmış, qalan 3000 manat pulu isə qaytarmamışdır. Məhkəmə verilən pul vəsaitinin qaytarılması halının iddiaçı tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən, tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 786.2-ci maddəsinə əsasən, əgər müqavilədə ayrı şərt qoyulmayıbsa və ya tapşırığın xarakterindən ayrı şərt irəli gəlmirsə, vəkalət verən və ya vəkalət alan öldükdə, fəaliyyət qabiliyyətini itirdikdə və ya ödəniş qabiliyyəti olmayan elan edildikdə tapşırıq müqaviləsinə xitam verilir. 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1153-cü maddəsinə əsasən, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “MPM-in 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli qərarında əks olunmuş hüquqi mövqeyə əsasən, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqlar, o cümlədən bütövlükdə hüquq münasibətləri aid edilir. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən: 1) cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi; 2) hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər və ya 3) iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər. Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair qərarının təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Beləliklə, tərəflərin izahatları, məhkəmə islasında dindirilmiş şahid ifadələri və tədqiq edilmiş sübutlar əsasında müəyyən olundu ki, iddiaçı iddia ərizəsində Mülki Məcəllənin 739-cu maddəsinə əsaslanaraq pul məbləğini tələb etsə də, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə Cavabdeh vərəsəsi olduğu X4 arasındakı münasibət borc müqaviləsindən deyil, məhz tapşırıq müqaviləsindən irəli gəlmişdir. Belə ki, cinayət işinin rədd edilməsi haqqında qərardan da görünür ki, həqiqətən iddiaçı tərəfindən hüquqi işlərin görülməsi ilə bağlı X2 tapşırıq verilmiş, X4 isə həmin tapşırığı müəyyən haqq müqabilində yerinə yetirməyi öhdəsinə götürmüşdür. Lakin həmin qərardan da görünür ki, mərhum iddia tələbi olan 3000 manat məbləğində pulun 2000 manatını ekspertə ödədiyini, qalan 1000 manatın isə gördüyü işlərin müqabilində zəhmət haqqı olduğunu bildirmişdir. Bu halda, iddiaçının barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq tapşırıq müqaviləsindən irəli gələn marağıdır. Sözügedən iddianın obyekti olan pul isə iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. Belə ki, tapşırıq müqaviləsinin predmeti vəkalət alanın vəkalət verənə qeyri-maddi olan vasitəçilik xidmətlərinin göstərilməsidir. Vəkalət alanın vasitəçilik xidmətlərinin nəticəsi maddi formada təcəssüm olunmur və xidmətlərin konkret nəticə əldə olunmasına təminat verilmir. Tapşırıq müqaviləsinə görə, vəkalət verən vəkalət alana onun adından və onun vəsaiti hesabına hər-hansı hüquqi hərəkətləri icra etməyi tapşırır. Bundan başqa, vəkalət alan göstərdiyi xidmətin nəticəsinə təminat vermir. Göründüyü kimi, tapşırıq müqaviləsindən irəli gələn vəzifələr əmlak xarakterli deyil, xidmət xarakterli öhdəlikdir. Bu səbəbdən də, tapşırıq müqaviləsindən irəli gələn münasibətlər zamanı şəxsin ölümü ilə onun öhdəliklərinə xitam verilir və obyektiv həqiqətin müəyyən edilməsi şəxsi hərəkətlərin icra edilməsindən irəli gəldiyindən, bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli deyil və mirasın passivinə daxil edilməməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə iddianın rədd edilməsi qənaətinə gələrkən, qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaysan Respublikasının MPM-nin 216-220, 227, 233, 259, 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-495/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-495/2024
25.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver