Məhkəmə qərarları › İş №2(057)-50/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-50/2023

06.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-50/2023 06.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə birgə nikah dövründə əldə olunmuş əmlak tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehdən yaşayış evinin tikintisinə xərclədiyi evin bünövrəsinin hazırlanması üçün fəhlə xərci olaraq 270 manat, 6 maşın mişar daşının alınmasına 2200 manat, şifer alınmasına 1000 manat, evin hörülməsi üçün 1600 manat, pəncərələr üçün 1200 manat, qapılar üçün 1400 manat, suvaq işləri üçün 1600 manat, döşəmə və tavanın materiallarının alınması və quraşdırılması 4400 manat, elektrik işlərinə 500 manat, evin digər təmir işlərinə 3000 manat, həyətdə dam, tualet, su baseynin tikilməsinə 2000 manat, ümumilikdə 19170 manat, 30 manat dövlət rüsumunun cəmi 19200 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, cavabdeh ilə aralarındakı nikah 2010-cu ildə rəsmiləşdirilmişdir. Aralarındakı nikah Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-1142/2020 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahlarından üç uşağı olmuşdur. 2017-ci ildən 2018-ci ilə kimi cavabdehin nənəsinin adına olan torpaq sahəsində 14x12 kv.m olan 1 mərtəbəli, 3 otaqlı, 1 mətbəx , foye, hamam və tualetdən ibarət ev tikmişlər. Həmin evdə 2 il yaşamışlar. Cabadehlə aralarında yaranmış narazılıqlara görə boşanmışlar. Evi birlikdə tikmişlər. Cavabdeh 2014-cü ildə kreditlə aldığı 015 markalı maşını 2017-ci ildə sataraq pulunu evin tikintisinə sərf etmişlər.Hal-hazırda məktəbdə müəllim işləyir. Cavabdeh işləmir. Evin tikilməsinə ümumi 19200 manat pul xərclədiyini qeyd edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi T.Rəhmanov tərəfindən verilmiş 21.05.21-ci il tarixli, 306 saylı arayışdan görünür ki, İddiaçı Cavabdeh1 ilə nikahı xx.xx.2010-cu il tarixdə qeydə alınmış və onunla birgə ailə olaraq Həsənli kəndində 2017-ci ildə tikilmiş fərdi yaşayış evində yaşamışlar. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)- 1142/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında 04 yanvar 2010-cu il tarixdə Salyan rayon Həsənli kənd inzibati ərazi nümayəndəliyində 01 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından xx.xx.2011-ci ildə anadan olmuş Gülay və Fərid, xx.xx.2018-ci ildə anadan olmuş Leyla adlı uşaqlar İddiaçı himayəsində saxlanılması, xx.xx.2021-ci il təvəllüdlü Gülay və Fərid, xx.xx.2018-ci il təvəllüdlü Leyla adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh1 qətnamə çıxarıldığı vaxtdan başlayaraq hər ay hər uşaq üçün 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmədə tədqiq olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 26 iyul 2023-cü il tarixli, 10/2873 nömrəli ekspert rəyindən görünür ki, 2016-2018-ci illəri əhatə edən dövr üzrə tədqiq olunan ev üzrə tikinti və təmir işlərinin aparılıb-aparılmamasına dair hər hansı layihə və smeta sənədləri mülki iş materiallarında olmadığından, eləcə də təqdim edilmədiyindən, tədqiq olunan evin inşasına və 2016-2018-ci illəri əhatə edən dövr üzrə təmir-tikinti işlərinə sərf olunmuş tikinti materiallarının və digər zəruri xərclərin dəyərinin müəyyən edilməsinə dair tədqiqat aparılmamışdır. Salyan rayonu, Həsənli kəndində yerləşən fərdi yaşayış evi üzrə aparılmış təmir və tikinti işlərinin bazar qiymətlərinə uyğun təqribi ümumi dəyəri 30643 manat məbləğində olduğu müəyyən olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı ilə cavabdeh 2010-cu ildən 2020-ci ilə qədər olan müddətdə nikahda olmuşlar.Tərəflər birgə nikah dövründə 2016-2018-ci illərdə Salyan rayonu, Həsənli kəndində yerləşən Ağabacı Cavadovanın adına olan torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişlər. Hər iki tərəf qeyd olunan evin tikintisini birgə nikah dövründə həyata keçirmişlər. Belə olan halda qeyd olunan evin tikintisinə sərf olunmuş vəsait onların birgə əmlakı olduğundan və hazırda iddiaçı həmin əmlakdan istifadə etmədiyi üçün onun sərf etdiyi vəsait ona qaytarılmalıdır. Ona görə də məhkəmə tərəflərin inşa etdirdikləri yaşayış evinin yarı dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddiaçı ev üçün aldığı ayrı-ayrı inşaat materialların dəyərini və sair xərcləri tələb etməkdə haqlı deyildir.Onun sərf etdiyi vəsait birgə nikah dövründə əldə olunaraq sərf olunmuş əmlaklardır.Ona göər də məhkəmə iddianın qismən təmin olunaraq mübahisəli evin yarı dəyərinin cavabdehdən alınıb iddiaçıya verilməsini daha əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. İddiaçıMülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir.Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsində qeyd olunmuşdur ki, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 31.3. Ailə kəndli təsərrüfatı üzvlərinin birgə mülkiyyəti üzərində ər-arvadın istifadə, sahiblik və sərəncam hüquqları Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində qeyd olunmuşdur ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Həmin Məcəllənin 35-ci maddəsində qeyd olunmuşdur ki, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. 36.6. Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. 36.7. Ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və ümumi əmlakın bölünməsi zamanı nəzərə alınmır. 36.8. Ər-arvadın ümumi əmlakı bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak onların birgə mülkiyyətini təşkil edir. 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh1 alınaraq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu,VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 15321,5 manat, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 15 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul Cavabdeh1 alınaraq X1 Xəzinədarlığı Agentliyinin 210005 kodlu,VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakim: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar