Məhkəmə qərarları › İş №2(057)-511/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-511/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-511/2023 29.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə borcunun qaytarılması tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı etibarnamə ilə nümayəndəsi Nümayəndə rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 2000 manat pul və dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə ilə nümayəndəsi Nümayəndə rayon məhkəməsinə verdiyi iddia ərizəsini onunla əsalandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Gəncə Şəhəri 2 saylı Notariat ofsinin xüsusi notariusu X1 tərəfindən 3M-367 reyestr nömrəsi ilə təsdiq edilmiş, 26 aprel 2021-ci il tarixli “Kredit müqaviləsi"nin 1-ci bəndinə əsasən “Borc verən” yəni İddiaçı “Borc alan”a yəni Cavabdeh 2000 manat məbləğində notariusun depozit hesabı vasitəsilə borc vermişdir. Həmin “Kredit müqaviləsi"nin 2-ci bəndinə əsasən “Borc alan” krediti 2000 manatı hissə-hissə ödəmək şərti ilə xx.xx.2022-ci il tarixə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən aylıq ödənişləri ödəmir, bununla da cavabdeh müqavilə üzrə götürmüş olduğu öhdəliklərini müxtəlif bəhanələr gətirməklə icra etməkdən boyun qaçırır. Bu səbəbdən İddiaçı məcbur qalıb pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya olan borcu 2000 manat təşkil edir. Göstərilənlərə əsasən Cavabdeh 2000 manat pul alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı etibarnamə ilə nümayəndəsi Nümayəndə məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə Şəhəri 2 saylı Notariat ofsinin xüsusi notariusu X1 tərəfindən 3M-367 reyestr nömrəsi ilə təsdiq edilmiş, 26 aprel 2021-ci il tarixli “Kredit müqaviləsi"ndən görünür ki, “Borc verən” yəni İddiaçı “Borc alan”a yəni Cavabdeh 2000 manat məbləğində pul borc vermişdir. Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıdan Gəncə Şəhəri 2 saylı Notariat ofsində təsdiq edilmiş 26 aprel 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 2000 manat borc almış və aldığı borcu qaytarmamışdır.İddiaçı öhdəliyi icra etmiş, cavabdeh isə iddiaçı qarşısında olan öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 40 manat alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Hakim Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar