Məhkəmə qərarları › İş №2(057)-511/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-511/2024

11.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-511/2024 11.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 8500 manat borc pulun və ödədiyi 105 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh onun qaynı arvadıdır.18 iyun 2022-ci ildə cavabdeh ondan oğlunu işə düzəltmək üçün bir aylıq müddətə pul istəmişdir. Birinci dəfə oğlu Rövşənlə birlikdə onlara gəlmiş və 5000 manat pul istəmiş, 2 gün sonra isə oğlu Rövşən gələrək 5000 manatı götürmüşdür. Cavabdeh bir ay keçməmiş yenidən 2500 manat pul istəmiş və həmin pulu da oğlu Rövşən götürmüşdür. Sonradan 600 manat və 400 manat pulu Rövşənin kartına atmışdır. Cavabdeh ondan 5000 manat götürməsi ilə bağlı qəbz yazmışdır. Həmin qəbzi X3 təqdim etmişdir. Cavabdehin hal-hazırda ona 8500 manat borcu vardır.Cavabdehə pulu faizə verməmiş, cavabdeh aldığı puldan heç bir ödəniş etməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, İddiaçı 2022-ci ilin may ayında 3000 manat, iyun ayında isə 5000 manat pul götürmüşdür. 3000 manat pula görə 600 manat, 5000 manat pula görə isə 900 manat faiz ödəmişdir. 600 manatı 2 ay ödədikdən sonra 3000 manatdan 1500 manat qaytarmışdır. Sonradan avqust ayında 5000 manatdan 2500 manatı qaytarmışdır. İki dəfə də 5000 manata görə 900 manat faiz ödəmişdir. 2022-ci ilin dekabr ayında nəvələri yanmış və bu səbəbdən 1 il 2 ay xəstəxanada olmuşdur. Qalan borcunu ödəyə bilməmişdir və hal hazırda iddiaçıya 4000 manat əsas borcu vardır. Özü əsas borcu qaytarmaq istəyir, lakin faizi qaytarmaq istəmir. Aralarında heç bir yazışma olmamışdır. Polisdə izahat verən zaman İddiaçı 8000 manat pul götürüdüyünü, 4000 manatını qaytardığını və 4000 manat borclu qaldığını bildirmişdir.Oğluna verilmiş 400 manatı oğlu İddiaçı qaytarmışdır. 4000 manatı da özü iddiaçıya qaytarmışdır.İddianın 4000 manat hissəsini etiraf edərək həmin məbləğin təmin olunmasına etirazı olmadığını bildirdi. Məhkəmədə elan olunmuş Şirvan Şəhər Polis şöbəsinin baş müstəntiqi X1 03 noyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh iddiaçıdan 8000 manat pulu almasını etiraf etmişdir. Məhkəmə tərəfləri dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə müxtəlif vaxtlarda cəmi 8000 manat pul vermiş, cavabdeh aldığı pullardan isə iddiaçıya heç bir məbləğ qaytarmamışdır.İddiaçı həmin məbləğin 8500 manat olmasını bildirsə belə həmin məbləğin tam təmin olunması üçün kifayət qədər sübut təqdim edə bilməmiş, cavabdeh isə aldığı pulun 8000 manat olmasını etiraf etmişdir.Cavabdeh aldığı 8000 manatadan 4000 manatı qaytardığını bildirsə belə iddiaçı bunu etiraf etməmişdir.Ona görə də məhkəmə bu halda iddiaçının dedikləri ilə razılaşaraq iddianın qismən, yəni 8000 manat həcmində təmin olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 8000 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütnasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 98,80 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar