Məhkəmə qərarları › İş №2(057)-519/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-519/2024

28.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-519/2024 28.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(057)-382/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək 18 iyun 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 manat miqdarında sabit pul məbləğində aliment tutularaq, onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı nümayəndəsi X2 bildirmişdir ki, cavabdeh işləyir 500 manat əmək haqqı alır. Cavabdehin verdiyi aliment uşağın ehtiyaclarını ödəməyə yetmir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında izahat verən Cavabdeh bildirmişdir ki, aralarında olan nikah 2022-ci il tarixdə pozulmuş, aliment iki dəfə artırılmışdır. 2012-ci ildə birinci dəfə 60 manat, daha sonra 2022-ci il tarixdə isə 140 manat müəyyən olunmuşdur. 2021-ci ilin ortalarından “Veysəloğlu” şirkətində “Oba” marketdə fəhlə işləyir. 300 manat əmək haqqı alır. Alimenti hər ay ödəyir. Əmək haqqı 500 manat olsada lakin əlinə 300 manat əmək haqqı alır. Kirayədə yaşayır heç bir başqa qazancı yoxdur. İddianı qismən qəbul edərək, 150 manat aliment ödəməyə imkanı çatdığını qeyd etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(057)- 382/2022 saylı qətnaməsindən görünür ki, 18 iyun 2012-ci il il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanıması üçün Salyan Rayon Məhkəməsinin 03 dekabr 2019-cu il tarixli, 2(057)-1587/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh hər ay 140 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Mülki işə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 18 iyun 2012-ci il il təvəllüdlü X3 doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq, uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən hər ay 235 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyi, digər tərəfdən iddiaçının uşağın saxlanılmasında çətinlik çəkməsi, uşağın böyüməsi ilə bağlı tələbatının artması, uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, 18 iyun 2012-ci il il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(057)-382/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 18 iyun 2012-ci il il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(057)-382/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli 2(057)-382/2022 saylı qətnaməsi ilə alimentin tutulmasına xitam verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar