Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-549/2024 01.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1070 (bir min yetmiş) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cəmi 1100 (bir min yüz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Salyan şəhəri, Ə.Hüseynov küçəsində mebel mağazası vardır. O mağazada olan məhsulları həm nağd, həm də hissəhissə ödənişlə nisyə olaraq satır. Cavabdeh təxminən 01 il yarım bundan əvvəl onun mağazasından 450 manata 01 ədəd dolab, 300 manata 01 ədəd taxt, 120 manata 2 ədəd tumba, 200 manata 01 ədəd masa, 400 manata 6 ədəd stol, 400 manata tək divan, 700 manata künc divanı almışdır. Cavabdeh borcunun bir hissəsini ödəsə də, qalan 1070 manat borcunu ödəmir. Dəfələrlə Cavabdeh ona olan 1070 manat borcunu qaytarmasını tələb etsə də, o, müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən imtina etmiş, hətta onu təhqir edərək hədələmişdir. Cavabdehin bundan sonra da borcunu ödəmək fikri yoxdur. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona 1070 manat borclu olmasını təsdiq edən “Whatsapp” proqramı vasitəsilə olan yazışmaları və səs yazıları vardır. Həmin sübutlarını iddia ərizəsinə əlavə etmişdir. Cavabdehdən ona borclu olduğu 1070 manat pulun alınmasını tələb edir. Ona görə də, Cavabdeh 1070 (bir min yetmiş) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun cəmi 1100 (bir min yüz) manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, cavabdehin borcunu vaxtında ödəməsini bildirmişdir. Cavabdeh 1070 manat borcundan 70 manat ödəniş etmiş, hazırda 1000 manat borclu qalmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı bildirmişdir ki, cavabdehə təxminən bir il yarım bundan əvvəl 450 manata 01 ədəd dolab, 300 manata 01 ədəd taxt, 120 manata 2 ədəd tumba, 200 manata 01 ədəd masa, 400 manata 6 ədəd stol, 400 manata tək divan və 700 manata künc divanı satmışdır. Cavabdeh borcunun bir hissəsini ödəsə də, sonradan ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, borcunu ödəyir. İddiaçı ilə bir daha görüşmək istəmədiyi üçün onun kart nömrəsini tələb edir. İddiaçı tərəfindən bir daha narahat edilmək istəmir. İddianı qəbul edir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, iddiaçıdan 3000 manata yaxın mebel əşyaları almışdır. Aldığı mallardan stolun pulunu vermişdir. İddiaçı dəfələrlə ondan pul almaq üçün evinə getmiş, qapısına pul almaq üçün gəlməməsini ona demişdir. Taxtı aldıqdan sonra dəfələrlə sınmış, hətta bir dəfə iddiaçı özü onun evinə usta göndərərək təmir etdirmişdir. Bu səbəbdən onun pulunu verməmişdir. Cavabdeh məhkəməyə ərizə təqdim edərək göstərdi ki, “İddiaçı ona qarşı pul tələbinə dair iddia ərizəsi ilə tanışdır. İddia tələbini qəbul edir və bu barədə qətnamə çıxarılmasına etiraz etmir”. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Salyan şəhəri, Ə.Hüseynov küçəsində yerləşən mağazada mebel əşyalarının satışı ilə məşğul olur. Cavabdeh 2023-cü ildə mağazadan 450 manata 01 ədəd dolab, 300 manata 01 ədəd taxt, 120 manata 02 ədəd tumba, 200 manata 01 ədəd masa, 400 manata 6 ədəd stol, 400 manata tək divan, 700 manata künc divan almışdır. Cavabdeh borcunun bir hissəsini ödəsə də, hazırda 1000 manat borcu qalmışdır. İddiaçı cavabdehə satdığı mebel əşyalarının dəyərinin tam ödənilməsini tələb edir. Cavabdeh iddianı qəbul edir. Həmçinin cavabdeh iddiaçı məhkəməyə müraciət etdikdən sonra iddiaçıya borcundan 70 manat pul ödəmiş, 1000 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Həmin Məcəllənin) 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarında olan mobil telefonda adı “Konul Kominkoz” kimi qeyd olunmuş “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalarlardanda görünür ki, cavabdeh iddiaçıdan mebellər almış və ona borclu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllənin) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən tələbi təmin edilməli, Cavabdeh 1000 ( min ) manat pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 (bir min) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-549/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-549/2024
01.04.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver