Məhkəmə qərarları › İş №2(057)-597/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-597/2023

13.06.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-597/2023 13.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4876.54 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2015-ci ildə maddi ehtiyacı olduğundan kredit götürmək məqsədilə "xxxx" ASC-nin Salyan rayon Filialına müraciət etmişdir. Bankın müdiri ona bildirmişdir ki, özünə məxsus pensiya kartını Notarius vasitəsi ilə Bankın əməkdaşı Cavabdeh verməlidir ki, hər ay o, pensiya kartından pulu çıxardıb, Banka ödəniş etsin. Bankın müdiri İbrahimov Əlinin tapşırığı ilə bankın işçisi Cavabdeh ilə Notariat kontoruna gedib Bankın əməkdaşı Cavabdeh adına etibarnamə verərək, kartı ona təhvil vermişdir. Bundan sonra Bankla 28 sentyabr 2015-ci il tarixli kredit müqaviləsi bağlayaraq ona 24 ay müddətinə 28 faiz olmaqla, 3700 manat kredit verilmişdir. Onlara verdiyi pensiya kartından hər ayda Cavabdeh tərəfindən müəyyən məbləğ çıxarılaraq götürülürdü. 2017-ci ilin noyabr ayında ona kredit borcunun qurtardığını bildirmişlər oda pensiya kartını geri almışdır. Ona ödəniş çeki verilmiş və ona əsasən "xxxx" ASC-dən kredit götürmüşdür. Beləliklə də, 3 il müddətində onun pensiya kartından Məmmədağa pulları çıxarmış və ona həmin pulları kredit borcunun əvəzinə Banka ödədiyini bildirmişdir. O da, onun sözlərinə inanaraq etibar etmişdir. Cavabdeh onun etibarından sui-istifadə edərək pensiya kartından pulu çıxararaq mənimsəmiş və həmin pulları Banka ödəməmişdir. Məmmədağanın qanunsuz əməlinin nəticəsində onun pensiya kartından çıxarılmış pullar Banka ödənilmədiyindən nəticədə onun Banka borcu yaranmış və bu səbəbdən Bankın rəhbəri Salyan Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq 7370,77 manat kredit borcunun tutulması ilə bağlı mənə qarşı iddia qaldırmış və məhkəmənin 12 may 2022-ci il tarixli qətnaməsi ilə ondan 3419,69 manat əsas borc, faiz borcu üzrə 1406,85 manat, 50 manat cərimə borcu, cəmi 4876,54 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq banka verilməsi qərara alınmışdır. Pulu ödədiyi halda ondan pul tələb edirlər. Odur ki, Cavabdeh 4876.54 manat pulun alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, iddia ərizəsində qeyd edildiyi kimi, 2015-ci il tarixdə "xxxx" ASC-nin Salyan rayon filialından kredit götürmüşdür. Bankın müdiri X1 ona bildirmişdir ki, öz pensiya kartını etibarnamə əsasında banka verməlidir ki, ödənişlər kartdan çıxarılsın. O, da bank işçisi Cavabdeh etibarnamə ilə kartı vermişdir. Hər ay ödənişi kartdan ödədiklərini bildirmişlər. Lakin sonradan məlum olmuşdur ki, ödəniş olunmamışdır. Bankın rəhbəri Salyan Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq 7370,77 manat kredit borcunun tutulması ilə bağlı ona qarşı iddia qaldırmış və məhkəmənin 12 may 2022-ci il tarixli qətnaməsi ilə ondan 3419,69 manat əsas borc, faiz borcu üzrə 1406,85 manat, 50 manat cərimə borcu, cəmi 4876,54 manat məbləğində borc və 20 manat dövlət rüsumu tutularaq banka verilməsi qərara alınmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, banka gələndə o, bankda olmamışdır. İddiaçı kredit borcundan 1500 ödəniş etmiş və ondan pulu bankın müdiri qəbul etmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu İddiaçı qarşı Salyan Rayon Məhkəməsində iddia tələbinə baxılarkən İddiaçı ödədiyi pulun qəbzlərini məhkəməyə təqdim etmiş və onun borcundan 1500 mant pul silinmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək, İddiaçı ona qarşı 4876.54 manat pul tələbi barədə iddiasının rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 13 noyabr 2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 1559 manat "xxxx" ASC-nin Salyan Filalına ödənmişdir. İşdə olan Salyan Rayon Məhkəməsinin 2(057)-116/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçıdan 3419.69 manat əsas borc, faiz borcu üzrə 1406.85 manat, hesablanmış cərimə borcuna görə 50 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 20 manat tutularaq Ləğv prosessində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun hesabına köçürülməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı "xxxx" ASC-nin Salyan rayon Filialına kredit üçün müraciət etmişdir. Bankla İddiaçı arasında 28 sentyabr 2015-ci il tarixdə Kredit Müqaviləsi bağlanmış, 24 ay müddətinə 28 % olmaqla, 3700 manat kredit verilmişdir. İddiaçı özünə məxsus pensiya kartını notarial qaydada verdiyi etibarnaməyə əsasən bankın əməkdaşı olan Cavabdeh onun kartından pul çıxartması və banka olan kredit borcunun ödəməməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, cavabdehin iddiaçı qarşısında öhdəliyinin əmələ gəlməsi əsasına dair heç bir sübut olmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar