Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-615/2023 08.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimetin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 2(057)-1377/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh sabit pul məbləgində olmaqla 220 manat alimentin tutularaq ona (iddiaçıya) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixində Salyan Rayon Məhkəməsinin 2(057)-1377/2018 saylı qətnaməsi ilə 19 oktyabr 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 100 manat aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmışdır. Hazırda həmin vaxtdan 5 il keçmiş, uşaq böyümüşdür, xərcləri kifayət qədər artmışdır. Bakıda işləyir, kirayədə qalır. Buna görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1377/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin artırılaraq xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh sabit pul məbləgində olmaqla 220 manat alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 27 mart 2023-cü il tarixdə İddiaçı vəkili və nümayəndəsi X5 məhkəmənin dəftərxanasına ərizə təqdim edərək Salyan Rayon Məhkəməsinin 2(057)-1377/2018 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarının artırılaraq xx.xx.2023-cü il tarixdən hesablanmaqla Cavabdeh 19 oktyabr 2017-ci il təvəllüdlü X1 üçün 220 manat alimentin artırılması barədə qətnamə qəbul edilərkən mediasiya üçün ödənilmiş 50 manat, vəkilə ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi X5 iddianı müdafiə edərək bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1377/2018 saylı qətnaməsi ilə 19 oktyabr 2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 100 manat aliment tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmışdır. Hazırda 2023-cü il üçün minimum yaşayış həddi bir uşağa görə 220 manat müəyyən edilmişdir. Buna görə də hər ay 220 manat sabit pul məbləğində alimentin, mediasiya xərcinin və vəkilə ödənilmiş 100 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq, səhhətində yaranan problemləri ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və atalıq borcunu yerinə yetirdiyini, alimenti vaxtında ödədiyini, alimentin artırılmasına etiraz etdiyini, heç bir yerdə işləmədiyini, heç bir əmlakının olmadığını, iddiaçının gülünc iddialarını nəzərə alınmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə İddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, cavabdehin teleqramını nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan Salyan Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(057)-1377/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 19 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2018-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilmişdir. İş materiallarına olan xx.xx.2023-cü il tarixli “X4nıda iştirak edilməsi barədə arayış və qəbzdən görünür ki, İddiaçı 50 manat X4 üçün xərci ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq, uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ilin yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilmli, İddiaçı Cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etməməsinə baxmayaraq uşağın saxlanılmasında çətinlik çəkməsi, uşağın böyüməsi ilə bağlı tələbatının artması, uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq Salyan Rayon Məhkəməsinin 29 avqust 2018-ci il tarixli, 2(057)-1377/2018 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək 19 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddiaçının vəkilə ödənilmiş 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi və alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanması hissəsində təmin edilməməlidir. “X8” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrinə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1377/2018 saylı 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla 19 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh İddiaçı tərəfindən mediasiya xərci kimi ödənilmiş 50 manat (əlli) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. Məhkəmə xərcləri – 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-615/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-615/2023
08.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver