Məhkəmə qərarları › İş №2(057)-622/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-622/2023

15.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-622/2023 15.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmiyyətin xeyrinə 6767.88 manat əsas məbləğ üzrə, 877.12 manat faiz üzrə, 2.02 manat cərimə, cəmi 7647.02 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 96.88 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC ilə cavabdeh X7 arasında bağlanmış № 1502sSLY/18 saylı xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə, illik faiz dərəcəsi 35 %-dək olmaq şərtilə 20 000 AZN məbləğədək krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 4 AZN komisyon haqqı tutmaqla cavabdehə verə bilər. Cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür.Cavabdeh xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Salyan Rayon 2 saylı Xüsusi Notariat Ofisinin məlumatına əsasən Cavabdeh mərhumun vərəsəsi olduğu müəyyən edilmişdir. Göstərilənlərə əsasən Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 6767.88 manat əsas məbləğ üzrə, 877.12 manat faiz üzrə, 2.02 manat cərimə, cəmi 7647.02 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 96.88 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" Kommersiya Bankı ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razılaşmayaraq ərinin vəfat etdiyinin, özünün də maddi imkanının pis olduğu üçün borcu ödəyə bilməyəcəyini bildirdi. Daha sonra cavabdeh ərizə təqdim edərək, əri X2 05 may 2021-ci il tarixində vəfat etdiyini, 24 may 2021-ci il tarixində mərhum X2 "xxxx"ASC-in Şirvan filialındakı hesabında olan 947.14 manat vəsaiti aldığını ona görə də bankdan aldığı 947.14 manat məbləğinə uyğun olan hissədə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, № 1502sSLY/18 saylı kredit müqaviləsindən görünür ki, X5 120 ay müddətinə, illik faiz dərəcəsi 35 %-dək olmaq şərtilə 20000 manat məbləğədək krediti, kredit prosedurlarına görə 5 % (minimum 20 manat) məbləğədək, kredit müraciəti üçün 4 manat komisyon haqqı tutmaqla cavabdehə verə bilər. İş materiallarında olan 14 fevral 2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh 6767.88 manat əsas, 877.12 manat faiz, 2.02 manat cərimə, 0 manat komisyon haqqı, cəmi 7647.02 manat məbləğində borcu vardır. Məhkəmədə elan olunmuş bildirişdən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 96.88 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan X6 surətindən görünür ki, X7 ölmüşdür. İş materiallarında olan Salyan Ravonu 2 saylı Xüsusi Notariat Ofisinin xx.xx.2023cü il tarixli X11 X3 görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi: arvadı - Salyan rayon Kürsəngi kəndində qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə pay almış və verilən miras Rabitəbank”ASC-in Şirvan filialının xx.xx.2021-ci il tarixli RB18/02/209 saylı məktubuna əsasən mərhum X2 Rabitəbank”ASC-in Şirvan filialındakı hesabında olan 947.14 manat vəsaitdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, X2 xx.xx.2021-ci il tarixdə ölmüş və onun vərəsəsi arvadı- Salyan rayon Kürsəngi kəndində qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia qismən təmin edilməli, iş üzrə tələb olunan məbləğ X1 947.14 manat qəbul etdiyi miras əmlakdakı payına mütənasib olaraq tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş iddia tələbi təmin edilmiş hissədə cəmi 11.99 manat məbləğində dövlət rüsumu və bank xidmət haqqı cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli Cavabdeh 947.14 manat məbləğində əsas borc, və 11.99 manat ödənilmiş dövlət rüsumu İddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 947.14 manat məbləğində əsas borc və dövlət rüsumu olaraq ödənilmiş 11.99 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" X12 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar