Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-624/2025 15.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Mən, Salyan rayon məhkəməsinin hakimi X5 İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Salyan rayon məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli 2(057)-1444/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 05 mart 2013-cü il təvəllüdlü X3, 05 mart 2013-cü il təvəllüdlü X4 və 10 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 235 manat olmaqla, 705 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, o, cavabdehlə 31 yanvar 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 05 mart 2013-cü il təvəllüdlü X3, 05 mart 2013-cü il təvəllüdlü X4 və 10 iyun 2014-cü il təvəllüdlü X2 anadan olmuşlar. Daha sonra münasibətləri pisləşdiyi üçün o, Salyan rayon Məhkəməsində nikahın pozulması tələbinə dair iddia qaldırmış, məhkəmənin 29 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə nikah pozulmuş, Cavabdeh hər ay hər uşağa 80 manat olmaqla, cəmi 240 manat məbləğində alimentin verilməsi qət edilmişdir. Hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. Hazırda isə həmin yaşayış üçün minimum 235 manat təşkil edir. Hazırda övladlarının maddi ehtiyacları artmış, cavabdeh tərəfindən ona ödənilən aliment uşağın (uşaqa) layiqli həyat şəraitinin təmin edilməsi üçün kifayət etmir. Uşaqlarının xərcləri çoxalmışdır. Özü bacısı ilə kirayədə qalır. Bacısının köməkliyi ilə yaşayır. Cavabdehin maddi vəziyəti çox yaxşı səviyyədədir. Ona ödənilən aliment uşaqların maddi xərclərini ödəmir. Sübutlarını məhkəmədə təqdim edəcəkdir. İddiaçı əvvəllər də “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Salyan rayon məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2(057)- 2227/2024 saylı qərardadı ilə İddiaçı iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. İddiaçı 22 oktyabr 2024-cü il tarixdə yenidən məhkəməyə eyni məzmunlu ərizə ilə nöqsanları aradan qaldırmadan müraciət etmiş, Salyan rayon məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli 2(057)-2362/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər icraata qəbul edilmədən təkrar geri qaytarılmışdır. İddiaçı 14 noyabr 2024-cü il tarixdə yenidən məhkəməyə eyni iddia tələbi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli 2(057)-2468/2024 saylı qərardadı ilə onun ərizəsi yenidən geri qaytarılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, həmin ərizə məhkəməyə poçt vasitəsilə daxil olmuşdur. İddiaçı təqdim etdiyi iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, məhkəmənin əvvəlki qərardadlarında göstərilmiş nöqsanların bir hissəsini aradan qaldırsa da, nöqsanlar tam aradan qaldırılmamışdır. Belə ki, iddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqələrinin, doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərini əlavə etsə də, iddia ərizəsinə əlavə edilmiş bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətlərini əlavə etməmişdir. Bu halda isə işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya dair öz etirazını və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim etmək hüququndan məhrum olmuş olur. Bundan başqa İddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının saxlanmaları üçün alimentin müəyyən olunması barədə məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən cəmi 1 il müddət keçmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində alimentin miqdarının artırılmasına əsas yaradacaq dəyişikliyin olması barədə sənədlər və iş üçün zəruri olan digər sübutlar əlavə edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh gəlirləri barədə heç bir rəsmi məlumat yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Həmin Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Həmin Məcəllənin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Həmin Məcəllənin 232.3-cü maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 saylı Qərarının 8.4-3-cü bəndində qeyd olunur ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.” Həmin Qərarın 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Həmin Məcəllənin 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Təqdim edilmiş iddia ərizəsindən görünür ki, alimentin miqdarının artırılması tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulan hallarla (tərəflərin maddi vəziyyətində dəyişiklik olunması) bağlı olmamaqla əsasən azyaşlı uşaqların ehtiyaclarının artması, 2024-cü il üzrə ölkədə yaşayış minimumunun uşaqlar üçün 235 manat müəyyən olunması ilə əsaslandırılmış və məhz uşaqların yaşayış minimumu üçün tələb olunan məbləğdə alimentin artırılaraq tutulması xahiş olunmuşdur. Bununla da, müəyyən olunur ki, iddia tələbi uşaqlar üçün yaşayış minimumunun artımına əsaslanmaqla iddianın mahiyyəti əslində indeksasiya xarakteri daşıyır. Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş alimentin artırılması tələbi tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişikliyin olması ilə, habelə 110-cu maddəsində nəzərdə tutulmuş alimentin indeksasiyası ilə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyindən, minimum dolanacaq xərclərinin (uşaqlar üçün yaşayış minimumunun) artması bu əsasla verilmiş iddia tələblrinin və ərizələrinin təmin edilməsinə yol verilmir. Belə olan halda, hesab edirəm ki, həmin məsələ icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olduğundan alimentin miqdarının artırılması barədə müstəqil iddianın qaldırılması istisna olunur və bu səbəbdən də Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinin tələbinə əsasən iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Həmçinin, İddiaçı qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Məhkəmə hesab edir ki, qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin və iddia ərizəsi əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. İddiaçı qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(057)-624/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-624/2025
15.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver