Məhkəmə qərarları › İş №2(057)-63/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-63/2023

11.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-63/2023 11.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X16 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, iddiaçı X3 nümayəndəsi Nümayəndənın iştirakı ilə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X8 və İddiaçı1 rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər Cavabdeh, X4, X7, X5 və X2 onlara 5000 manata satdıqları torpaq sahəsini geri aldıqları üçün, torpaq sahəsinin bu günə olan qiymətini 28000 manat pul vəsaitinin və ödənilmiş dğvlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq onların xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar eyni zamanda məhkəməyə verdikləri ərizədə cavabdehlərdən 5000 manat və dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun alınıb onlara verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X6 nümayəndəsi Nümayəndə bildirmişdir ki, 2011-ci ildə cavabdehlər Cavabdeh, X4, X7, X5 və X2 və sonuncuların atasından iddiaçılar X8, İddiaçı1 4.6 hektar torpaq sahəsini 5000 manata almışlar. Cavabdehlərin atası vəfat etmişdir. Lakin ailə üzvlərindən biri razı olmadığı üçün alqı-satqı müqaviləsinin bağlanması mümkün olmamışdır. Ona görə də torpağı satanlar etibarnamə vermişlər. Etibarnamə verilən zaman əlyazma ilə cavabdehlərdən biri 1800 manat pul almağını etiraf etmişdir.Eyni zamanda Salyan Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsində hazırki iş üzrə cavabdeh X14 iddiaçılardan 5000 manat pul aldıqlarını etiraf etmiş və hətta həmin pulu qaytarmaq istədiklərini bildirmişlər.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmədə elan olunmuş 14 yanvar 2011-ci il tarixli ƏN-İ№ 144994 saylı etibarnamədən görünür ki, həqiqətəndə cavabdehlər Salayn rayonu AİK-nin xx.xx.1997 ci il 400c saylı qərarı ilə verilmiş JN-0035 (kod ********) saylı Dövlət aktına əsasən Salyan rayonu Aydıngün kəndində yerləşən 4.60 ha torpaq sahəsindən onlara məxsus olan 3.0666 ha-dan ibarət olan hissəsini iddiaçıya etibar etmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, həmin iş üzrə məhkəmədə izahat verən X14 atasının torpağa görə 5000 manat pul aldığını və həmin pulu qaytarmaq istədiyini, lakin qarşı tərəfin qəbul etmədiyini bildirmişdir. Məhkəmədə elan olunmuş 17 avqust 2021-ci il tarixli AR-İİ№ 413418 salylı etibarnamədən görünür ki, X1 İlqar Möhübbət oğluna məhkəmədə iştirak etmək üçün lazım olan səlahiyyətləri etibar etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən icra olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçılarla cavabdehlər arasında qanunvericilyin tələblərinə əməl olunmadan əqd bağlanmış və həmin əqd etibarsız olduğundan cavabdelərə aid olan torpaq sahəsi onlara qaytarılmış, iddiaçıların əks tərəfə verdikləri pulu iddiaçılar ala bilməmişlər.İddiaçı iddia ərizəsində 28000 manat pul tələb etsə belə sonradan həmin məbləği deyil, 5000 manat tələb etdiyindən və həmçinin torpaq sahəsinə görə iddiaçıların verdiyi məbləğ 5000 manat olduğundan həmin hissədə təmin olunmalı, qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X13 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X13 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X13 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyrimaddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsində qeyd olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır (Mülki Məcəllənin 389.1-ci maddəsi). Əqdlər iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir və yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı). Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları). Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır (Mülki Məcəllənin 324.5 və 404.1-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında Mülki Məcəllənin məhz bu normalarına əsaslanaraq hesab etmişdir ki, mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar). O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Mülki Məcəllədə əqdlərin etibarsızlığı ilə əlaqədar göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.1, 337.4 və 337.5-ci maddələri). Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Mülki Məcəllənin 340.2-ci maddəsinə uyğun olaraq, yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Bir sıra ölkələrin qanunvericiliyində də yalan əqdlərlə bağlı münasibətləri tənzimləyən eyni məzmunlu normalar nəzərdə tutulmuşdur. Belə ki, Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinin saxta əqdlər adlanan 117-ci paraqrafına əsasən, əgər şəxsə yönəlmiş iradə ifadəsi onun özünün razılığı ilə görüntü üçün edilmişdirsə bu müqavilə əhəmiyyətsizdir. Əgər saxta müqavilə digər həqiqi müqaviləni pərdələmək üçün bağlanmışdırsa, pərdələnən əqdə aid qaydalar tətbiq edilir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin vurğulayır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olubolmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir: - Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh,X9, X14, X10 və X2 5000 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınıb X8 və İddiaçı1 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar