Məhkəmə qərarları › İş №2(057)-641/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-641/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-641/2023 04.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Vəliyevin sədrliyi X1 oğlunun katibliyi ilə "xxxx"Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx"Bankı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 322,95 AZN əsas, xx.xx.2021-ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 18 % dərəcəsi ilə hesablanmış 67,23 məbləğində adi faizlər üzrə borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 94,01 manat məbləğində penya, cəmi 484.19 manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx"Bankı ASC iddianı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, DKM/**********10420 nömrəli Kredit xətti müqaviləsinə (əmək haqqı kartı vasitəsilə) əsasən, iddiaçı tərəfindən Borcalana 12 ay müddətinə, kreditdən istifadəyə görə illik 18 % ödənilməsi şərtilə, 700 manat məbləğində kredit verilmişdir. Cavabdeh Kredit xətti müqaviləsinin 2.8-ci bəndinə əsasən kredit xətti üzrə mövcud olan əsas borcu 1.1-ci bəndlə müəyyənləşdirilmiş 12 aylıq müddətin sonuncu günündən gec olmayaraq tam həcmdə Banka qaytarmağı, faizlərin son ödənişini isə 2.10-cu bəndə əsasən kreditin son ödənişi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixinə Kredit xətti müqaviləsi üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Həmin tarixə cavabdehin iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 779,83 manat olmuşdur ki, bunun da 700 manatı vaxtı keçmiş əsas borc, 79,83 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğini təşkil etmişdir. Kreditləşmə müddətinin bitdiyi xx.xx.2021-ci il tarixindən sonra cavabdeh Banka ümumilikdə 389,65 manat ödəniş etmişdir ki, qeyd edilən məbləğ vaxtı keçmiş əsas borc məbləğinin bir hissəsinin qaytarılmasına yönəldilmişdir. İddia ərizəsinin məhkəməyə təqdim edildiyi xx.xx.2023-cü il tarixə cavabdehin iddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 390.18 manat təşkil edir ki, bunun da 322,95 manatı vaxtı keçmiş əsas borc məbləğindən, 67,23 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh kredit xətti üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit xətti müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2023-cü il tarixinə bu məbləğ 94,01 manat təşkil edir. Cavabdeh tərəfindən kredit xətti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2021-ci il tarixli 140 nömrəli Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasənərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284- 5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçı "xxxx" Bankı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, DKM/**********10420 nömrəli Kredit xətti müqaviləsinə (əmək haqqı kartı vasitəsilə) əsasən, iddiaçı tərəfindən Borcalana 12 ay müddətinə, kreditdən istifadəyə görə illik 18 % ödənilməsi şərtilə, 700 manat məbləğində kredit verilmişdir. Lakin, cavabdeh müqavilə şərtlərini pozmuş, Bank tərəfindən ona dəfələrlə xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. Cavabdehin kredit müqaviləsi üzrə 322,95 AZN əsas, 67,23 AZN adi faizlər üzrə borc və vaxtı keçmiş əsas borc məbləğinə hesablanmış 94,01 AZN cərimə olmaqla, cəmi 484,19 AZN məbləğində kredit borcu yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 322,95 AZN əsas, 67,23 AZN məbləğində faiz borcu, 94,01 AZN məbləğində penya, cəmi 484.19 AZN (dörd yüz səksən dörd manat on doqquz qəpik) borc tutularaq iddiaçı "xxxx"Bankı ASC-nin hesabına keçirilməlidir. Həmçinin, "xxxx"Bankı ASC tərəfindən ödənilmiş 30 manat (otuz manat) məbləğində dövlət rüsumu Cavabdeh tutularaq bankın hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 322,95 AZN əsas, 67,23 AZN məbləğində faiz borcu, 94,01 AZN məbləğində penya, cəmi 484.19 AZN (dörd yüz səksən dörd manat on doqquz qəpik) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq "xxxx"Bankı ASC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar