Məhkəmə qərarları › İş №2(057)-643/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-643/2023

17.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-643/2023 17.04.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı Bakı Şəhər Probasiya Şöbəsinin nümayəndəsi Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Cavabdeh X3 iştirakı ilə, İddiaçı Bakı Şəhər Probasiya Şöbəsinin cavabdeh X4 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya Şöbəsinin cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 iddiaçı Bakı Şəhər Probasiya Şöbəsinin 01 ədəd mobil nəzarət qurğusunun dəyəri 1.346.03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat vəsaitin tutulub Bakı Şəhər Maliyyə İdarəsinin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X5 Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-81/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və qeyd olunan hökmün icrası Bakı Şəhər Probasiya Şöbəsinə həvalə edilmişdir. xx.xx.2020-ci il tarixdə Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mirelnur Musəvi tərəfindən məhkumun iştirakı ilə protokol tərtib edilmiş və onun cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq aktla 01 ədəd mobil nəzarət qurğu, 01 ədəd mobil qurğunun enerji adaptoru, 01 ədəd mobil qurğunun enerji toplayıcı kabeli, 01 ədəd sadə elektron qolbaq və 03 ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin cavabdeh X1 təhvil alınmış elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəyin baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı sındırılmışdır. Belə olan halda hesab edirik ki, cavabdehin məsuliyyətli olmadığından mobil qurğu yararsız hala salmış və maddi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı Bakı Şəhər Probasiya Şöbəsini təmsil edən Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini etiraf edərək, 1.346.03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat vəsaitin ödənilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdeh izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 81/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla, ona təyin edilmiş cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərinə qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokoldan görünür ki, X4 elektron nəzarət vasitəsi mobil qurğu, mobil qurğunun enerji adaptoru, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq, poverbank və 03 ədəd ev siqnal ötürücüsü təhkim olunmuş və məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verilmişdir. İş materiallarında olan İDRAK Texnoloji Transfer MMC-nin elektron nəzarət dəstinin vəziyyəti haqqında texniki rəydən qeyd edilmişdir ki, texniki baxış nəticəsində müəyyən olunmuşdur ki, nəzarət subyektinə təhkim olunmuş mobil qurğunun ekranı sındırılmışdır. İş materiallarında olan mobil nəzarət qurğusunun xüsusi proqram təminatı ilə qiyməti 1346.03 təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdehin iddianı etiraf etməsinin qanuna zidd olmadığını və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh X1 iddiaçı Bakı Şəhər Probasiya Şöbəsinin tələbi üzrə 1 ədəd mobil nəzarət qurğusunun dəyəri 1.346,03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat vəsaitin tutulub Bakı Şəhər Maliyyə İdarəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X1 iddiaçı Bakı Şəhər Probasiya Şöbəsinin tələbi üzrə 1 ədəd mobil nəzarət qurğusunun dəyəri 1.346.03 (bir min üç yüz qırx altı manat üç qəpik) manat vəsaitin tutulub Bakı Şəhər Maliyyə İdarəsinin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar