Məhkəmə qərarları › İş №2(057)-66/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-66/2025

26.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-66/2025 26.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh1 qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4601 manat məbləğində maddi ziyan, ödənilmiş 67 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 18:00 radələrində ona məxsus “Hyundai Sonata” markalı avtomobillə Salyan rayonu Fəhlə qəsəbəsi Çadırlı-Şirvan avtomobil yolunda hərəkətdə olarkən cavabdenin Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanu"unun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozması səbəbindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə ziyan dəymişdir. “Ümid” avtomobillərə texniki xidmət mərkəzinin verdiyi ziyan aktına əsasən avtomobilinə dəymiş ziyan 9106 manat qiymətləndirilmişdir. Dəymiş ziyanın 4505 manat məbləğini sığorta qarşılamış və ödəniş hesabına köçürülmüşdür. Qalan 4601 manat maddi ziyan cavabdeh tərəfindən ona ödənilmir. Cavabdeh ona heç bir maddi cəhətdən köməklik etməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi vəkil X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul etməyərək, dəymiş ziyanın sığorta tərəfindən ödənildiyini, tələb olunan məbləği ödəməyə imkanı olmadığını qeyd edərək, iddianın rədd olunması xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan rayonu “Ümid” firmasına məxsus avtomobillərə texniki xidmət mərkəzi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, İddiaçı məxsus “Hyundai Sonata” minik markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan ümumilikdə 9106 manat məbləğində müəyyən olunmuşdur. 15 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki, toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş və Cavabdeh1 barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh görüləsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, 05 fevral 2024-cü il tarixli, 128132 saylı sığorta aktına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə 4505 manat sığorta ödənişi ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli avtomobilin təmir-bərpa xərcinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə barədə hesabatından görünür ki, İddiaçı məxsus “Hyundai Sonata” markalı, **-OK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi mümkün olmamışdır. Qəza nəticəsində avtomobilə dəymiş ziyanın dərəcəsi və dəyəri təqdim olunmuş Salyan Rayon Məhkəməsinin 2(057)-66/2025 saylı mülki iş materiallarında olan foto şəkillər və ziyan aktına əsaslanaraq, nəqliyyat vasitəsinə 22 iyul 2025-ci il tarixinə dəymiş ziyanın təmir-bərpa dəyəri 9624 manat müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 67 manat dövlət rüsumu ödənilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli hesab fakturadan görünür ki, ekspertizanın aparılmasından ötrü mübahisələndirilən əmlak barədə aparılmış qiymətləndirmə işinə dair 300 manat xidmət haqqı iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə qeyd olunanları və Cavabdeh1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsinə dair “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı təhlil edərək belə qənaətə gəlir ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, avtomobili idarə edən zaman yol hərəkəti qaydalarını pozaraq iddiaçıya maddi zərər dəyməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirlidir və bu hal “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarla da təsdiq olunmuşdur. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh1 tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində İddiaçı maddi zərər yetirilmişdir. Bundan əlavə, məhkəmə iclasında iş materialları və tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, sığorta şirkəti tərəfindən iddiaçıya dəymiş zərərə görə 4505 manat məbləğində pul vəsaiti ödənilmişdir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. "xxxx" MMC tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli rəydə nəqliyyat vasitəsinə 22 iyul 2025-ci il tarixinə dəymiş ziyanın təmir-bərpa dəyəri 9624 manat müəyyən olunsa da, iddiaçı tərəfindən iddia tələbinin həcminin artırılmasına dair müraciət olmadığından, məhkəmə iddia tələbindən kənara çıxmayaraq həmin tələb üzrə qətnamə çıxarılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Bununla əlaqədar olaraq, həmçinin, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıya dəymiş maddi ziyan 9106 manat məbləğində qiymətləndirilərək, həmin ziyanın 4505 manat məbləğinin sığorta şirkəti tərəfindən iddiaçıya ödənildiyini nəzərə alaraq, iddia təmin edilməli, 4601 manat məbləğdə pul vəsaiti Cavabdeh1 tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərə görə 4601 manat məbləğində pul, qiymətləndirmə işinə dair "xxxx" MMC-yə ödənilmiş 300 manat xidmət haqqı və 67 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 4601 manat məbləğində pul, qiymətləndirmə işinə dair "xxxx" MMC-yə ödənilmiş 300 manat xidmət haqqı və 67 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar