Məhkəmə qərarları › İş №2(057)-680/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-680/2025

14.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-680/2025 14.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Vəkil Nizam oğlunun, Cavabdeh nümayəndəsi (əri) Kərimov Teymur Fərman oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ində yerləşən 0,55 ha torpaq sahəsinə yaxşılaşdırma işinə görə 2017-ci il tarixdən ondan həmin torpaq sahəsinin alınıb Cavabdeh verildiyi günə kimi çəkilmiş olduğu 1 kamazı 90 manat olmaqla 62 kamaz torpaq cəmi 1860 manat, 1 kamazı 150 manat olmaqla 15 kamaz mal peyni cəmi 2250 manal, hər biri 600 manat olmaqla 2 dəfə ütü işi aparlıb cəmi 1200 manal, bir dəfə də sonuncu (2023-cü ilin payız ayları) ütü işi aparılıb 350 manat, hal-hazırda işlək olan su kanalına 1200 manat, 7 il ərzində 21 dəfə (hər biri dəfəsi 10-12 saat arası olmaqla 165 manat). Suvarma işlərinə 3465 manat, 7 il ərzində hər ildə 40 manat olmaqla şumlanma işlərinə 280 manat, qaz xəttinin həmin yerin üstünə çəkilməsinə 300 manat, 3 ədəd 150 diametrli 12 metrlik işıq dirəyi hər biri 200 manat olmaqla, cəmi 600 manat, 250 metr aliminium məftil (işıq xətti üçün) 250 manat, hal-hazırda həmin sahə yararlı vəziyyətdədir, arpa və yonca toxumları əkmiş, arpaya 100 kq, 50 manat, yonca toxumu 10 kq, 60 manat və onların əkilməsinə 50 manat, cəmi 180, ümumilikdə 11915 manat və ödəmiş olduğu 125.74 manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan rayon Kürsəngi kənd sakini kimi tanıdığı X19 ilə aralarında şifahi razılaşma əsasında 2017-ci il tarixdə 0,47 ha tormaq sahəsi almış, həmin torpaq sahəsini 2017-ci il tarixdən 2024-cü ilə kimi onun faktiki istifadəsində olmuşdur. İstifadəsində olduğu müddətdə həmin 0,47 ha torpaq sahəsini əlindən alındığı müddətə qədər yaxşılaşdırma işləri aparmış, heç vaxtı kimsə ona gəlib bildirməyib ki, həmin torpaq sahəsi ona məxsusdur. Sonradan kənd sakini kimi tanıdığı Cavabdeh onu Salyan Rayon Məhkəməsinə müraciət edərək torpaq ona məxsus olduğunu və zəbt olunmuş torpaq sahəsində çıxarılması bildirmişdir. Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(057)-208/2022 saylı qətnaməsinə əsasən iddiaçının iddiası təmin edilmişdir. Həmin qətnamədən Apellyasiya şikayəti vermişdir. Şirvan Apelyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli, 2(106)-99/2023 saylı qətnaməsinə əsasən verdiyi apelyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən o Ali Məhkəməyə kassasiya şikayəti verməmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra o bilmişdir ki, iddiaçının müvafiq çıxarışı var ona görə istifadəsində olan 0,47 ha torpaq sahəsini Güldanəyə təhvil vermiş və bildirmişdi ki, o, 0,47 və ona bitşik torpaq sahələrinə xərc çəkmiş heç olmasa çəkdiyi xərci ver, o çəkdiyi xərcidə verməkdən imtina edir. Yaxşılaşdırma işinə çəkdiyi xərc aşağıdakı kimidir. Cavabdeh əlindən almış 55 ha torpaq sahəsinə 2017-ci il tarixdən xərclədiyi vəsait. 1 kamazı 30 manat olmaqla 62 kamaz torpaq cəmi 1860 manat , 1 kamazı 150 manat olmaqla 15 kamaz mal peyni cəmi 2250 manat, hər biri 600 manat olmaqla 2 dəfə ütü işi aparlıb cəmi 1200 manat, bir dəfə də sonuncu (2023-cü ilin payız ayları) ütü işi aparılıb 330 manat, hal-hazırda işlək olan su kanalına 1200 manat, 7 il ərzində 21 dəfə (hər biri dəfəsi 10-12 saat arası olmaqla 165 manat). Suvarma işlərinə 3465 manat, 7 il ərzində hər ildə 40 manat olmaqla şumlanma işlərinə 280 manat, qaz xəttinin həmin yerin üstünə çəkilməsinə 300 manat, 3 ədəd 150 diametrli 12 metrlik işıq dirəyi hər biri 200 manat olmaqla, cəmi 600 manat, 250 metr aliminium məftil (işıq xətti üçün) 250 manat, cəmi 250 manat. Hal-hazırda həmin sahə yararlı vəziyyətdədir, arpa və yonca toxumları əkmiş, arpaya 100 kq, 50 manat, yonca toxumu 10 kq, 80 manat və onların əkilməsinə 50 manat, cəmi 180 manat vəsait xərclənib, ümumi xərclənib 11915 manat həmin işləri fəhlələridə təsdiq edə bilər. (yani şahidlər). X7 həmin torpaq sahəsini almış və həmin vaxt sənədləri qaydasında olmadığına görə torpaq sahəsini sonra sənədləşdirmək fikirinə düşmüşdür. Faktiki olaraq isə həmin torpağı özü almışdır. Torpaq sahəsi 2017-ci ildən onun istifadəsindədir. Belə olduğu halda, həmin torpaq sahəsində çəkdiyi xərclər ona geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Salyan X30 Mərkəzi tərəfindən verilən akta əsasən ünvan 1ində olan 0.47 ha torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, sahə əkinə yararlı torpaq sahəsi kimi istifadə olunmuşdur, yəni əkinə tam yararlıdır. Bildirilir ki, 2017-ci il tarixdən hal-hazıradək adı çəkilən 0.47 ha torpaq sahəsində aparılan yaxşılaşdırma işinin qiymətinin hesablanması və işlərin qiyməti barədə səlahiyyətinə aid olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil bildirmişdir ki, iddiaçı şifahi razılıq əsasında torpağı almışdır. Torpağı münbitləşdirmək üçün işlər görmüş, müəyyən qədər pul xərcləmişdir. Verilən iddia əsaslıdır. Ona görə də, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 bildirmişdir ki, həmin torpaq sahəsi ilə bağlı mübahisə bir neçə ildir ki, davam edir. İş üzrə məhkəmə qətnamələri var. İddia tələbi əsassız olduğu üçün rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X3 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşıdır. Özü məcburi köçkün ailəsidir. Mübahisəli torpaq sahəsi əkinə yararsız olduğu üçün o və qardaşı İddiaçı başqa ərazidən torpaq daşıtdırıb doldurmuşlar. Torpaq sahəsini münbitləşdirmək üçün peyin tökmüşlər. Torpaq sahəsi qardaşı tərəfindən əkilmişdir. Bütün görülmüş işlər üçün pulu qardaşı Şirinağa xərcləmişdir. Nə qədər pul xərcləndiyi barədə dəqiq məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X23 bildirmişdir ki, o, Şirinağanın sifarişi ilə torpaq sahəsinə başqa ərazidən torpaq, peyin daşımış, şumlama işləri görmüşdür. Torpaq sahəsinə 62 kamaz torpaq, 12 kamaz peyin daşımışlar. Torpağı yumaq üçün nasosla su vurmuşlar. Məhkəmə iclasında şahid qismində izahatı alınmış X19 bildirmişdir ki, torpaq sahəsi əvvəl onların mülkiyyətində olmuşdur. Hazırda mülkiyyətçi qardaşı arvadıdır. O torpağ sahəsini heç kimə istifadəyə verməmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, cavabdeh 2013-cü ildə pay torpağına qonşu olmuşdur. Torpağın əvvəlki sahibi Nazim Kərimov olmuşdur. 2017-ci ildə o, Nazim Kərimovun torpağını yaxşılaşdırmaq üçün xərc çəkmişdir. O, uzun illər əvvəl torpağın yanında qazılmış kanalı torpaqla doldurmuşdur. Nazimin torpaq sahəsinə peyin daşıtdırmışdır. Nazim Kərimov kənddə olan evini və torpağını Cavabdeh satmışdır. Həmin torpağa əkin əksə də, məhsul olmamışdır. 2019-cu ildə bir dəfə yonca əkmişdir. Torpaq onun olduğu üçün xərc çəkmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 bildirmişdir ki, 1996-cı ildə isalahat zamanı qardaşlığa torpaq onlara düşmüşdür. 33 nəfər qohum ardıcıllıqla həmin sahəyə düşmüşlər. Sonra neftşirkəti ilə mübahisə düşdüyü üçün islahat yenidən getmiş, hər birinə düşən torpaq sahəsi azalmışdır. Başqa qrupdan 1 nəfər gəlib onların sahəsinə düşmüşdür. O, vaxtdanda o qardaşlarının, o cümlədən Nazimin torpağını 1 il əkmişdir. Oktay onların sahəsinə düşmüşdür. Şirinağanın bacısı X17 0.15 ha torpaq sahəsini zəbt etmişdir. Qardaşı torpaqdan istifadə edə bilmədiyi üçün satmaq qərarına gəldiyini bildirmişdir. Onlar da torpağı başqa adamın almasını istəmədiyi üçün 2021-ci ildə Nazimdən alğı-satğı müqaviləsinə əsasən almışlar. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən 0.534 ha torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş AN-İ ******* saylı, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcılar X12, X19, X15, X13, X1 rayonu, Kürsəngi kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.534067 ha olan torpaq sahəsini Alıcı Cavabdeh mülkiyyətinə verirlər. İş materiallarına əlavə edilmiş X31 X6 sektorunun baş məsləhətçisi Pərvin Sahibli tərəfindən verilmiş rəydən görünür ki, 05 sentyabr 2023-cü il tarixində Salyan X30 Mərkəzinin hüquqşünası X21, bitkiçilik sektorunun baş məsləhətçisi X9 və Kürsəngi kənd sakini X2 ilə birlikdə Kürsəngi kənd sakini İddiaçı ilə birlikdə Kürsəngi kəndində olan 0.47 ha torpaq sahəsinə baxış keçirmişlər. Baxış zamanı müəyyən edilmişdir ki, sahə əkinə yararlı torpaq sahəsi kimi istifadə olunmuşdur, yəni əkinə tam yararlıdır. Bildirirlər ki, 2017ci ildən hal-hazıradək adı çəkilən 0.47 ha torpaq sahəsində aparılan yaxşılaşdırma işlərinin qiymətinin hesablanması və işlərin qiyməti barədə mütəxəssis rəyinin verilməsi onların səlahiyyətləri xaricindədir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, ünvan 1ində fermer İddiaçı 0.47 ha torpaq sahəsinə birgə baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, sahə əkinə yararlı torpaq sahəsi kimi istifadə olunmuşdur, yəni əkinə tam yararlıdır. Bildirirlər ki, 2017-ci ildən hal-hazıradək adı çəkilən 0.47 ha torpaq sahəsində aparılan yaxşılaşdırma işləri aparmışdır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməyərək, Salyan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(057)-208/2022 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş X11 Şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X14 ilə X5 arasında nikah xx.xx.1992-ci ildə Salyan rayon Varlı kənd İnzibati Ərazi Vahidliyində bağlanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, mülkiyyətində olan, lakin İddiaçı tərəfindən qanunsuz olaraq zəbt edilmiş ünvan 1ində yerləşən 0.534 ha torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(057)-208/2022 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq, iddiaçı Cavabdeh mülkiyyətində olan ünvan 1ində yerləşən 0.534 ha torpaq sahəsinin 0.43 ha hissəsinin cavabdeh İddiaçı alınaraq, iddiaçı Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-99/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 2(057)-208/2022 saylı qətnaməsi cavabdeh İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qətnamələrin preyudisiallığına qiymət verərək Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 82.3-cü maddəsinə istinad etməyi zəruri hesab edir. Belə ki, həmin maddəyə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisiyal əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 iyul 2019-cu il tarixli Plenum Qərarında göstərilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Belə ki, Mülki-Prossesual Məcəllənin 82.3-cü maddəsindən görünür ki, qətnamənin preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşdırılır və yalnız aşağıdakı şərtlər daxilində mövcud olur- konkret fakt işdə iştirak edən şəxsin iştirak etdiyi başqa bir mülki iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş olmalıdır; - bu fakt həmin işdə iştirak edən şəxslərin iştirak etdikləri başqa bir iş üzrə də sübutetmə predmetinə aid olmalıdır. Bundan başqa, hazırda İddiaçı Salyan rayon Kürsəngi kənd sakini X19 ilə aralarında olan şifahi razılaşmaya əsasən 2017-ci ildən aldığı 0,47 ha torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı çəkdiyi xərclərin əvəzinin ona geri qaytarılmasını xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş - müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı məhkəmə iclasında verdiyi izahatında və iddia ərizəsində cavabdehlə onun arasında torpaq sahəsinin alğı-satğısı, yaxşılaşdırılması və.s ilə bağlı hər hansı bir razılaşmanın olmasını təsdiq edən sübut təqdim edə bilməmişdir. İddiaçı Salyan rayon Kürsəngi kənd sakinihazırki iş üzrə şahid qismində izahatı alınmış X19 ilə aralarında olan şifahi razılaşmaya əsaslansa da Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair, yəni torpaq sahəsinin yaxşılaşdırılması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmır. Bu səbəbdən iddia təmin edilməməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Məhkəmə hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “...Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar