Məhkəmə qərarları › İş №2(057)-69/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-69/2025

06.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-69/2025 06.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil2 Miriş oğlunun, Cavabdeh və onun nümayəndəsi vəkil Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 6845 manat və tərəfindən ödənilmiş 84.85 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11 aprel 2024-cü il tarixdə saat 00:30 radələrində Cavabdeh idarə etdiyi “Nissan Note” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində hərəkət edərkən ara məsafəsi seçməmiş, avtomobilin qabaq hissəsi ilə qarşıda dayanmış vəziyyətdə olan ona məxsus “Ford Mustang” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı 2016 buraxılışlı avtomobilini arxadan vurmuşdur. Bundan sonra X5 tərəfindən İnzibati Xəta haqqında protokol tərtib edilmiş və cavabdehin izahatı alınmışdır. Nəticədə cavabdehin İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi müəyyən edilmişdir. Həmin vaxt cavabdeh tərtib edilmiş protokolla tam razı olmuş və bu barədə protokolda qeyd edib imzalanmışdır. Bildirir ki, hadisə vaxtı ona məxsus avtomobil etibarnamə ilə X1 istifadəsində olmuşdur. Daha sonra dəymiş ziyana görə sığorta ona 5000 manat ödəmişdir. “Avanqard Avtoservis” qurumunun hesablamalarına görə tərtib edilmiş aktdan aydın və mübahisəsiz görünür ki, hadisə ilə əlaqədar faktiki olaraq cəmi 11485 manat zərər vurulmuşdur. Yaranmış fərq 6485 manat təşkil edir, lakin cavabdeh müxtəlif bəhanələrlə zərəri ödəməkdən boyun qaçırır. Cavabdehin təqsiri nəticəsində o, uzun müddət müxtəlif qurumlara müraciət etmiş, yersiz vaxt itirmiş, mülkiyyətində olan avtomobildən istifadə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil2 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, avtomobilin ehtiyyat hissələri Azərbaycan Respublikasında satılmır. Ehtiyyat hissələri xaricdən alınmışdır. İnternet resuslarında olan ehtiyat hissələrinin qiymətlərinin üzərinə nəqliyyat xərci də əlavə edilməlidir. Araşdırma zamanı X2 izahatında avtomobilə təxminən 5000 manat ziyan dəydiyini yazmış olsa da, sonradan avtomobilə dəymiş zərərin daha artıq olduğu məlum olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. Avtomobilin ehtiyat hissələri xeyli şişirdilmişdir. Həmin ehtiyat hissələri satışda var. Avtomobilin modeli köhnədir. Avtomobilin özünün dəyəri 20000 manatdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil1 bildirmişdir ki, İddiaçı tərəfdən möhtəbər sübut təqdim edilməmişdir. Araşdırma zamanı avtomobilə 5000 (beş min) manat ziyan dəydiyi göstərilmişdir. İddianın rədd olunmasını xahiş edirlər. Məhkəmə proses iştirakşılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 (qırx) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan sığorta ödənişi ilə bağlı 0547524/01 aktdan görünür ki, yol nəqliyyat hadisəsi zamanı “Ford Mustang” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyana görə sığorta tərəfindən İddiaçı 5000 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Bakı Şəhər BPİ DYPİ-nin YNHÜ Şöbəsinin inspektoru Zaur Abbasov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi “Nissan Note” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi ilə “Ford Mustang” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi toqquşmuşdur. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 radələrində etibarnamə ilə idarə etdiyi **-AV- *** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində hərəkətdə olan zaman düzgün ara məsafəsi seçməyib avtomobilinin qabaq hissəsi ilə qarşısında dayanmış vəziyyətdə olan “Ford” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili arxadan vurmuşdur. O sərxoş olmamış, xəsarət almamışdır. Aparılan araşdırmadan şikayətçi deyildir. Hadisədə özünü təqsirli bilir. Avtomobilinə təxminən 4000 manat maddi ziyan dəymişdir. İş materiallarında olan X1 xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, o xx.xx.2024-cü il tarixdə saat 00:30-da yol vərəqəsi ilə idarə etdiyi “Mustang” markalı, **-ZM-*** nömrəli avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti əsas yolda avtomobilində nasazlıq yarandığı üçün saxlamışdır. Təxminən 15 dəqiqə qəza işığını yandırıb dayanmışdır ki, arxadan hərəkətdə olan “Nissan Note” markalı, **-AV-*** nömrəli avtomobil idarə etməni itirərək qarşı hissəsi avtomobilinin arxa hissəsinə vurmuşdur. Sərxoş olmamış, xəsarət almamışdır. Avtomobilinə təxminən 5000 manat ziyan dəymişdir. Araşdırmadan şikayəti yoxdur. İş materiallarında olan Bakı Şəhər BPİ DYPİ-nin YNHÜ Şöbəsinin inspektoru Zaur Abbasov tərəfindən verilmiş arayışın ksero surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 00:30 dəqiqədə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində baş vermiş yol-nəqliyyat hadisəsində “Nissan Note” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısı, X1 idarə etdiyi “Ford Mustang” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi əzilmişdir. İş materiallarında olan “X4” tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Mustang” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11485 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun ksero surətindən görünür ki, hadisə zamanı Cavabdeh ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun ksero surətindən görünür ki, hadisə zamanı X2 ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının ksero surətindən görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı 5000 manat sığorta ödənişi edilmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ekspert qarşısında qoyulmuş sualın həll edilməsi üçün tədqiqat obyekti olan 2016-cı il buraxılışlı “Ford Mustang” markalı avtomobilin ehtiyyat hissələrin satışı barədə Respublikada yerləşən yerli internet saytlarında məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan “Ford Mustang” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin məbləği 23 noyabr 2024-cü il tarixə 4890 manat təşkil edir. İş materiallarına əlavə olunmuş məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli məlumatından görünür ki, qoyulmuş sualın həll edilməsi üçün tədqiqat obyekti olan 2016-cı il buraxılışlı “Ford Mustang” markalı avtomobilə dəymiş ziyanla əlaqədar ekspertiza tədqiqatına təqdim edilmiş iş materiallarında olan “Avangard Avtoservis” tərəfindən tərtib edilmiş qüsur aktında qeyd edilən ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmadığından ekspertiza qarşısında qoyulan suallara cavab vermək mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli UNİ/17-637/24 nömrəli mütəxəssis rəyində 2016-cı il buraxılışlı “Ford Mustang” markalı avtomobilin ehtiyyat hissələrinin qiymətləri əsasən xarici internet saytlarına istinad edilməklə müəyyən edilmişdir. Qeyd edilmişdir ki, Məhkəmə-Əmtəəşünaslıq ekspertizası yalnız Respublikada mövcud olan qiymətlər əsasında aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb qismən təmin olunmalıdır. Göründüyü kimi, digər məsuliyyət növlərində olduğu kimi, mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Mülki Məcəllənin 1096.1 və 1097.1-ci maddələri zərərçəkənin üzərində zərərin vurulmasını, onun həcmini, həmçinin zərərin məhz cavabdeh tərəfindən vurulduğunu (onun hərəkətləri ilə vurulmuş zərər arasındakı səbəbli əlaqəni) sübut etmək öhdəliyinin olduğunu ehtiva edir. Bu zaman yuxarıda qeyd edilən maddələrdə nəzərdə tutulmuş məsuliyyət zərərin mövcudluğunu, zərərvuranın hərəkətlərinin hüquqazidd olmasını və onun təqsirini, vurulan zərərin həcminin təsdiqini, həmçinin hüquqazidd davranışla arzuolunmaz nəticə arasında səbəbli əlaqəni ehtiva edən şərtlərin məcmusu zamanı yaranır. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən,.....və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə, saat 00:30 radələrində Cavabdeh etibarnamə ilə idarə etdiyi **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospektində hərəkətdə olan zaman “Nissan Note” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısı, X1 idarə etdiyi “Ford Mustang” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi əzilmişdir. Nəticədə “Nissan Note” minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə və X1 idarə etdiyi “Ford Mustang” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Bundan sonra qeyd olunan hadisə ilə bağlı Cavabdeh əməllərində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinin pozulması qərara alınmışdır. Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı dəymiş zərərin məbləği 7095 (yeddi min doxsan beş) manat müəyyən edilmiş və xx.xx.2024-cü il tarixdə sığorta şirkəti tərəfindən 5000 (beş min) manat sığorta ödənişi edilmişdir. İddiaçı Sığorta Şirkəti tərəfindən ona ödənilmiş məbləğlə razılaşmamış, “X4” tərtib edilmiş dəymiş zərərin hesablanmasına dair akt almışdır. Həmçinin, Cavabdeh hazırlıq iclasında dəymiş zərərin hesablanmasına dair aktla razılaşmayaraq "xxxx" MMC tərəfindən tərtib edilmiş dəymiş zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyini məhkəməyə təqdim etmişdir. Məhkəmə baxışı zamanı 2 dəfə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də, ekspertizanın aparılması mümkün olmadığından imtina edilmişdir. Dəymiş zərərin hesablanmasına dair aktla və zərərin müəyyən edilməsi barədə mütəxəssis rəyində həmin rəylərdə göstərilən həddə ziyan müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “Ford Mustang” minik markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulması, iddiaçıya Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 5000 (beş min) manat sığorta ödənişinin edilməsi işin mübahisəsiz halıdır. Məhkəmə zərər məbləğinin İddiaçının təqdim etdiyi dəymiş zərərin hesablanmasına dair aktla və cavabdehin təqdim etdiyi mütəxəssis rəyi ilə deyil, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müəyyən edilmiş zərərə münasibətdə müəyyən edilməsini daha əsaslı hesab edir. Belə ki, dəymiş ziyan fərziyə olaraq deyil, “dəymiş zərərin hesablanmasına dair akt” məlumatlarına əsasən, avtomobilin ehtiyat hissələrin qiymətləri nəzərə alınmaqla təxmini olaraq hesablanmışdır. Ona görə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən təqdim edilən 7095 (yeddi min doxsan beş) manat dəyərində ziyan aktı MPM-in 88-ci maddəsinin tələbləri baxımından mötəbər sübut kimi əsas götürülməklə müəyyən edilməlidir. Dövlət Sığorta Kommersiya Şirkəti İddiaçıya 5000 (beş min) manat məbləğində sığorta ödənişi etdiyindən, cavabdehdən dəymiş zərərin əvəzi olaraq 2095 (iki min doxsan beş) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, tərəflər Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən müəyyən edilmiş zərərin məbləğini mübahisələndirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun əvəzində 40.95 (qırx manat doxsan beş qəpik) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən, MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət Etdi: İddia qismən təmin edilsin. Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq 2095 (iki min doxsan beş) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 40.95 (qırx manat doxsan beş qəpik) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar