Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-727/2024 24.04.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-259/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment olmaqla 470 manat alimentin atası Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 259/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh aralarında olan nikah pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Bildirir ki, bu məbləğ uşaqlarının ehtiyaclarını ödəmir. Odur ki, onların birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-259/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment olmaqla 470 manat alimentin atası Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehdən hər ay hər uşağa 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment təyin edilmişdir. 240 manat aliment pulu ilə uşaqlara baxa bilmir. Cavabdehdən hər ay hər uşağa 235 manat sabit pul məbləğində aliment tələb edir. Cavabdeh ilə əlaqəsi yoxdur. Cavabdehin aylıq qazancı barədə heç bir məlumatı yoxdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə poçt vasitəsi ilə etiraz vermişdir. Etirazda göstərmişdir ki, iddiaçının iddiasını qəbul etmir, etirazında qeyd etdiyi xüsusatların nəzərə alınmaqla iddianın təmin edilməməsini xahiş edir. Belə ki, iddiaçının iddia ərizəsinin surəti ona təqdim edilməməsinə baxmayaraq, iddiaçı ilə birgə ailə həyatlarından olmuş və iddiaçının himayəsində olan Saleh və Valeh adlı uşaqlarının maddi cəhətdən saxlanmaları üçün Salyan Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə təyin edilmiş hər uşağa görə ayda 120 (bir yüz iyirmi) manat sabit pul məbləğində alimentin artırılaraq hər uşağa görə ayda 235 manat sabit pul məbləğində tələbinə dair mediasiya təklifini almışdır. Qeyd edir ki, onun artırılacaq məbləğdə alimenti heç bir halda ödəməyə maddi imkanı yoxdur. Ona görə ki, əvvəla o iddiaçı ilə boşanandan sonra həmyerlisi Nemətova Safura adlı qadınla evlənib ailə qurmuş və birgə ailə həyatlarından Səid və Hüseyn adlı uşaqları olmuşdur. O, özü isə rəsmi olaraq heç bir icarə və müəssisədə işləmir və ailənin maddi təminatını günəmuzd işlərdə, o da olduğu halda işləməklə ayda orta hesabla 300 manata qədər vəsaitlə təmin etməyə çalışır. Eyni zamanda barəsində qanuni qüvvəsini almış məhkəmə hökmü ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsinə görə Şəmkir rayonun hüdudlarından kənara çıxa bilmir və bu səbəbdən də icraatda olan mülki işin məhkəmə iclasında iştirak edə bilmir. Həmçinin, iddiaçıya məhkəmə qətnaməsi ilə təyin edilmiş alimenti ödəyə bilməməsinə görə yığılmış altı min manatdan artıq borcunu ödəyə bilmədiyi halda iddiaçı ona qarşı məlum alimentin artırılması iddiasını qaldırmışdır. Belə bir tələb nə qədər əsaslıdır. Ailə vəziyyətini və maddi imkanını ətraflı olaraq bildirmişdir. Ümid edir ki, iddiaçının iddiasının əsassız olmasına görə təmin edilməməsi barədə qətnamə çıxarılacaqdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə Regional “Asan Xidmət” X8 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ № seriyalı, 568666 nömrəli X2 ksero surətindən görünür ki, Cavabdeh ilə X5 arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmış, həmin tarixdən nikahın bağlanması haqqında akt qeydləri kitabında 531 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nemətova soyadı verilmişdir. İş materiallarında olan X1 ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X10 doğulmuşdur. İş materiallarında olan X1 ksero surətlərindən görünür ki, Cavabdeh və X3 birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X12 və xx.xx.2023-cü il təvəllüdlü X7 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və Cavabdeh iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarına əlavə edilmiş elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin 1(076)-54/2023 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə ittihamedici hökm çıxarılmışdır. İş materiallarına olan Salyan Rayon Məhkəməsinin 2(057)-259/2020 saylı, 11 mart 2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Gəncə şəhəri, “ASAN Xidmət” Mərkəzində 03 may 2017-ci il tarixdə bağlanmış və 920 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahından xx.xx.2014-cü ildə anadan olmuş Saleh və xx.xx.2017-ci ildə anadan olmuş Valeh adlı uşaqlar İddiaçı himayəsində saxlanılması, xx.xx.2014-cü ildə anadan olmuş Saleh və xx.xx.2017-ci ildə anadan olmuş Valeh adlı uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu ildən başlayaraq hər uşağa ayda 120 manat olmaqla, cəmi 240 manat miqdarında alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdehin ikinci nikahından da iki uşağı var. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşaqların saxlanılmalarında çətinlik çəkməsi, uşaqların böyüməsi ilə bağlı tələbatlarının artması, həmçinin hazırda cavabdehin evli olmasını və həmin evlilikdən də yetkinlik yaşına çatmayan iki uşağının olmasını və uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin 2(057)- 259/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay, hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməlidir. Məhkəmə iddiaçının Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tələb etməsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbin həmin həcmdə təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmiş, təqdim olunmuş sübutlar isə həmin tələbin tam həcmdə təmin olunmasına kifayət etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-259/2020 saylı, 11 mart 2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 56 (əlli altı) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-727/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-727/2024
24.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver