Məhkəmə qərarları › İş №2(057)-760/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-760/2024

06.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-760/2024 06.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə alimentin miqdarının artırılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə vermiş olduğu iddia ərizəsində Salyan Rayon Məhkəməsinin 2(057)-749/2020 saylı 21 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 24 iyun 2016-ci il təvəllüdlü X3 və 02 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması Cavabdeh Oqtay oğlundan hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı bildirmişdir ki, cavabdeh ilə 24 iyun 2016-cı il tarixdə nikaha girərək ailə qurmuş və birgə nikahlarından 24 iyun 2016-ci il təvəllüdlü X3 və 02 avqust 2019-cu il təvəllüdlü X2 olmuşdur. Uşaqlar onun yanındadırlar. Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, (057)-749/2020 saylı qətnaməsi ilə nikah pozulmuş və birgə nikahdan doğulmuş Hüseyn və Fatimə adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 120 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Uşağı böyümüş, ehtiyacları artmışdır. Cavabdeh ona 4 ay 320 manat pul ödəmişdir. Cavabdehin 360 manat aliment ödəməsinə razı deyildir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Oqtay oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə sonuncunun iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində izahat verən X4 bildirmişdir ki, cavabdeh onun oğludur. 2020-ci ilin sentyabr ayından Moskva şəhərində yaşayır. 2023-cü ilin sentyabr ayından cavabdeh iddiaçıya hər ay 320 manat aliment ödəyir. Cavabdehin hər ay 360 manat aliment verə biləcəyini qeyd etdi. Məhkəmə iddiaçını və şahidi dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 2(057)-749/2020 saylı 21 sentyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh Oqtay oğluna qarşı iddiası qismən təmin edilmiş, 24 iyun 2016-ci il təvəllüdlü X3 və 02 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 120 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından 24 iyun 2016-ci il təvəllüdlü X3 və 02 avqust 2019-cu il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Cavabdeh Oqtay oğlu tərəfindən məhkəməyə ünvanlanmış etiraz məktubunda Moskva şəhərində tikintidə fəhlə işlədiyini, iddiaçının tələb etdiyi 470 manat alimenti ödəmək imkanının olmadığını, iddianı qismən qəbul etdiyini bildirərək, gələcəkdə 2 övladı üçün ümumilikdə 350-360 manat aliment ödəyə biləcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq, uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-ci ilin yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının uşaqlarının saxlanılmasında çətinlik çəkməsi, uşağın tələbatları, uşaq üçün müəyyən edilmiş hazırki yaşayış minimumu və həmçinin himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqların olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, 24 iyun 2016-ci il təvəllüdlü X3 və 02 avqust 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(006)-749/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh Oqtay oğlundan hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat aliment tutularaq İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respubilkasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli, 2(006)-749/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh Oqtay oğlundan qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2016-cı ildə anadan olmuş Hüseyn və xx.xx.2019-cu ildə anadan olmuş Fatimə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh Oqtay oğlundan 49,20 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 21 sentyabr 2020-ci il tarixli 2(006)-749/2020 saylı qətnaməsi ilə alimentin tutulmasına hazırki məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar