Məhkəmə qərarları › İş №2(057)-764/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-764/2024

22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-764/2024 22.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh, nümayəndəsi vəkil X2 iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, Cavabdeh uzun müddətdir ki, tanıyır, sonuncu Qızılağac kənd orta məktəbində müəllimə işləyir. 2021-ci ilin aprel ayında cavabdeh ona maddi vəziyyətinin pis olduğunu deyərək 15500 manat borc almışdır.Pulu hissə-hissə qaytaracağını bildirsə belə borcunu qaytarmamışdır.Dəfələrlə pulunu tələb etsə də heç bir nəticəsi olmamış, əksinə cavabdeh ondan polis şöbəsinə şikayət etmişdir.Cavabdeh polis şöbəsində verdiyi izahatında ondan aldığı 15500 manat pulu etiraf etmişdir. Odur ki, Cavabdeh 15500 manat və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Arzu ilə Gülşənin vasitəsi ilə 2 il əvvəl tanış olmuşdur.xx.xx.2021-ci ildə Gülşən ona zəng edərək Arzunun atasının ağır ürək əməliyyatı olunacağını deyərək ona 6000 manat pulu 10 faizə verməsini demişdir.Razı olduğu üçün 6000 manatı Arzuya vermişdir.Arzu həmin pulu götürəndə tək olmuşdur.Gülşən ona Arzunun lotoreya oynadığını və onda pulunun olduğunu demişdir.Həmin lotoreya pulunu götürüb ona vercəyini demişdir.Təqribən həmin ilin avqust ayında Arzu gəlib ondan 1600 manat dəyərində 1 ədəd briliyant qaşlı üzük almış, əvvəlcə 150 manat qalan pulları isə hər ay 100 manat karta atmalı idi. 2-3 ay keçəndən sonra Sona votsapda bir cüt 40 düymə sırğa paylaşdığı üçün, Arzu ona anası üçün həmin qızılı alıb ona verməsini demişdir. Həmin qızılı alıb 1680 manat nisyə olaraq Arzuya satmışdır.Arzu birinci dəfə 150 manat qalan pulları isə hər ay 150 manat karta atmalı idi.4- 5 ay sonra 2022-ci ilin yanvar-fevral aylarında 3300 manat dəyərində eyni qayda ilə dəst satmış, əvvəlcə birinci ayda 300 manat, 4 ay isə hər ay 300 olmaqla pul vermiş, daha sonra pul verməmişdir. 5-6 ay sonra təqribən 2022-ci ilin aprel ayında 5 qram ağırlıda 4500 manat dəyərində Türkiyə istehsalı olan qızıl dəsti 2 aylıq müddətə nisyə olaraq Arzuya satmışdır.Həmin qızılın pulundan heç nə ödəniş etməmişdir.Qapısına gedərək pulunu tələb etmiş, Arzu isə onu polislə hədələmişdir.28 may 2023-cü ildə özü də polisə şikayət etmişdir.Arzu da öz növbəsində ondan şikayət etmişdir.Ərizəsində 15500 manat pul tələbi vermiş olduğu 6000 manat və qızılların dəyəridir.Cavabdehə 6000 manat, 11080 manat dəyərində qızıl vermiş, cavabdeh aldığı qızılın pulundan cəmi 3300 manat qaytarmışdır. Odur ki, verilmiş iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh bildirmişdir ki,Salehə xanımla 2021-cilin aprelin 1-də tanış olmuşdur.Həmin vaxt qardaşı maşınla qəza törətmiş və onun xərclərini qarşılamaq üçün Gülşəndən lotoreya oynuna qoşulmaq şərti ilə ona pul tapmasını xahiş etmişdir.Gülşən də Salehə xanımdan xahiş edərək ona 6000 manat pul verməsini demişdir.Ona görə də Salehənin evinə gedərək 6000 manat pulu 10 faizə 3 aylıq müddətə almışdır.Aralarında olan şərtə görə 3 ay keçdikdən sonra faizi verə bilmədiyi halda Salehəyə 1500 manat hər ay pul verməli idi.3 ay ərzində hər ay 1500 manat olmaqla faiz pul vermişdir.2023-cü ilin yanvar ayında Gülşənin məsləhəti ilə Salehənin evinə gedərək faizi saxlamasını xahiş etmişdir. Salehə razı olmamışdır.Özü isə daha pul verə bilməyəcəyini demişdir. 2021-ci ilin iyul ayından kart vasitəsi ilə təqribən 3 ilə yaxın hər ay 1500 manat, bir dəfə də 2000 manat faiz pulu vermişdir.2022-ci ilin sentyabr ayında Bankdan pul götürüb 2000 manat pulu Salehəyə vermişdir.Polisdə verdiyi ərizədə Nofəl adlı polis əməkdaşı ona təsir göstərdiyi üçün 9000 manat pulu Salehə xanıma verməli olduğunu qeyd etmişdir.Müstəntiqə verdiyi izahatında ona təzyiq olunmamış, izahatı düz yazmışdır.Salehədən 6000 manat pul götürmüş, başqa pul və ya qızıl almamışdır.32000 manat faiz qaytarmışdır.Neftçala polisində verdiyi izahat zamanı ona heç bir təzyiq olunmamışdır.Həmin izahatı təsdiq edir.Lakin iddiaçıdan 6000 manat pul almışdır. Salehə onu təhdid etdiyi üçün pulunu qaytarmamaq mümkün deyildir.İddiaçıya heç bir borcu olmadığını qeyd edərək iddianın rədd olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi vəkil X3 bildirmişdir ki,cavabdehin dedikləri ilə razıdır.İddiaçı özü 3300 manat qızılın pulunu aldığını etiraf edir. 4 ay 150 manat, 9 ay isə 100 manat ödədiyini bildirir.Təqdim etdikləri qəbzlərdə 300,200,300,80,200,250,300, 202,303, 250,80,300,200 və 2023-cü ilin fevral 20-də Salehə xanımın kartına 500 manat ödənilmişdir.Cavabdeh pulunu qaytarmışdır.7300 manat ödənilmiş,3300 manat isə iddiaçı özü etiraf edir.Qızıl əşyaları olmamışdır.Tələb 6000 manat olmalıdır.Lakin cavabdeh artıq ödəmişdir.Tərəflər arasında müqavilə olmamış, ona görə də cavabdeh faiz verməli deyildir.Cavabdeh 15500 manat pul almamış, aralırında olan qeyri rəsmi razılaşmaya əsasən 15500 manat qaytarmalı deyildir.Polisə şikayəti Arzu xanım etmişdir.15500 manat pulu etiraf olunması barədə qərarı Gülşən Salehə xanıma verib və ona iddia qaldırmağı məsləhət bilmişdir. Gülşən Arzuya qarşı iddia qıldırmış və 1653 nömrəli mülki iş olmuşdur.2021-ci ildə Arzu xanım Salehədən pul götürmüşdürsə hansı səbədən 4 il keçdikdən sonra iddia qaldırmışdır.Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş edir. Məhkəmədə elan olunmuş Cavabdeh adından Salyan RPŞ-yə yazılmış ərizədən görünür ki, Cavabdeh təxminən 2 ilə yaxındır ki, 15000 manat faizə pul götürdüyünü etiraf etmiş və 34000 manat faiz verdiyini bildirmişdir. Cavabdeh Salyan RPŞ-də 14 iyun 2023-cü ildə vermiş olduğu izahatında 2021-ci ilin aprel ayında hər ay 1550 manat faiz ödəmək şərti ilə Salehədən 15500 manat pul götürdüyünü, 2023-cü ilin aprel ayına qədər həmin pulun faizini ödədiyini bildirmişdir. İddiaçı Neftçala RPŞ-də vermiş olduğu izahatında etibar etdiyinə görə ayrı-ayrı vaxtlarda ümumilikdə 9000 manat dəyərində türk qızılını Cavabdeh verdiyini qeyd etmişdir. Cavabdeh Neftçala RPŞ-də vermiş olduğu izahatında Salyan şəhər sakini Salehədən ümumilikdə on beş minə yaxın aylıq 10 faizlə borc pul aldığını, 2022-ci ilin avqust ayında 2500 manat, 2023-cü ilin aprel ayında 12000 manat, qaytırdığını, borcunun olmadığını qeyd etmişdir. Salyan RPŞ-nin istintaq bölməsinin müsətntiqi X1 qəbul etdiyi 04 iyul 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd olunması barədə qərardan görünür ki, cavabdeh Salyan RPŞ-də izahat verərkən göstərmişdir ki, 2021-ci ilin aprel ayında ailə problemləri səbəbindən maddi vəziyyəti pis olduğu üçün əvvəllər tanıdığı Salehə adlı xanımdan hər ay 1550 manat ödəmək şərti ilə 15500 manat faizə pul götürmüşdür.2023-cü ilin aprel ayı da daxil olmaqla 15500 manatın faizini tam şəkildə, ümumilikdə 32700 manat faiz ödəmişdir. Məhkəmədə elan olunmuş "xxxx" ASC-nin vermiş olduğu İddiaçı adına olan hesabdan olan xx/xx/2022 (xx/xx/2022) nömrəli çıxarışdan görünür ki, sonu “6112” olan karta 05/08/22-də 362 manat, 781,99 manat pul vəsaiti daxil olmuşdur. "xxxx" ASC-nin vermiş olduğu İddiaçı adına olan hesabdan olan xx/xx/2023 (xx/xx/2023) nömrəli çıxarışdan görünür ki, sonu “7895” olan karta 20/02/23-də 200,00 manat və 150,00 manat pul vəsaiti daxil olmuşdur. Məhkəmədə elan olunmuş son 8 rəqəmi 10796112 olan İddiaçı adına olan karta xx/xx/2022-ci ildə 400 manat,xx/xx/2022-ci ildə 650 manat,xx/xx/2022-ci ildə 30 manat, xx/xx/2022-ci ildə 100 manat, 27/05/22-ci ildə 202 manat, 2022-ci ildə 302 manat, 2022-ci ildə saat 18:17-də 1200 manat daxil olmuşdur. Sonu 7895 nömrəsi olan İddiaçı adına olan kartdan 1390 manat pul göndərilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh İddiaçı 2021-ci ilin aprel ayında 6000 manat pulu faizə almış, sonrakı müddətlərdə isə 11080 manat dəyərində nisyə olaraq qızıl əşyaları almışdır.Cavabdeh aldığı qızılların dəyərindən iddiaçının dediyi kimi 3300 manatı qaytarmış, qalan pulları və qızılların dəyərini tam qaytarmamışdır.İddiaçı özü iddia ərizəsində 15500 manat pul tələb etdiyini qeyd etmiş olsa belə, məhkəmə baxışında məlum olmuşdur ki, cavabdehin iddiaçıya 13780 manat borcu qalmışdır.Ona görə də həmin hissədə təmin olunmalı, qalan hissədə isə rədd olunmalıdır. Cavabdeh 15500 manat pulu aldığını etiraf etmiş, lakin həmin pulun iddiaçıya qayarmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının kartına və hesabına mədaxil olan məbləğlərin iddiaçının tələb etdiyi məbləğə aid olub olmamasını müəyyənləşdirmək mümkün deyildir.İddiaçı cavabdeh tərəfindən onun kartına atdığı məbləğlərin ondan aldığı qızılların pulu olduğunu bildirmişdir.İddiaçı həqiqətnə də Neftçala RPŞ-də vermiş olduğu izahatında və həmçinin məhkəmə iclasında cavabdehə qızıl verdiyini qeyd etmişdir. Cavabdeh iddianı etiraf etməmiş, lakin 6000 manat pulu aldığını etiraf etmişdir.Həmçinin polis şöbəsində vermiş olduğu ərizə və izahatlarında iddiaçıya 15500 manat borclu olduğunu etiraf etmişdir. Ona görə də məhkəmə iddiaçının dediklərini daha əsaslı hesab edərək iddianın qismən təmin olunması qənaətinə gəlir. İddiaçının bank kartına və hesabına göndərilən pulun ümumi məbləği və ya faizə aid olduğunu müəyyən etmək mümkün deyildir.Ona görə də məhkəmə iddiaçının qızıla dair aldığı pulun 3300 manat olduğunu qeyd etdiyi üçün məhkəmə həmin məbləği doğru qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.1-ci maddəsində qeyd olunmuşdur ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 427.5. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsində qeyd olunmuşdur ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci madəsində qeyd olunmuşdur ki,əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13780 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 121,35 alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar