Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-77/2025 27.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (atası) Nümayəndə və cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın və əldən çıxmış mənfəətin ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı “dəymiş ziyanın və əldən çıxmış mənfəətin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən ona dəymiş olan 3565.50 manat avtomobilə dəymiş ziyanın və 26388 manat məbləğində əldən çıxmış mənfəətinin ekspertiza təyin olaraq hesablanması və həmin pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Hacıqabul - Şirvan yolunun 2-ci km-də Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində yol nəqliyyatı hadisəsi baş vermişdir. Bu hadisə nəticəsində onun idarə etdiyi **-BL-*** dövlət qeydiyyat nişanlı, Mercedes markalı mikroavtobusla toqquşaraq avtomobilə ciddi xəsarət yetirmişdir. Daha sonra, AtaSığorta ASC tərəfindən tərtib edilmiş 24- 00062/01/AA-008/24 saylı sığorta aktına əsasən sığorta şirkəti tərəfindən ona 3809.50 manat məbləğində sığorta ödənişi hesablanmışdır. Lakin hesablanmış sığorta məbləği onun ziyanını qarşılamamışdır. Onun avtomobilinə dəymiş ziyana görə ümumilikdə 7375 manat məbləğində xərc çəkilmişdir. O vaxtlı-vaxtında vergilərini ödəyən sifarişlə fəaliyyət göstərən avtobus kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək fəaliyyətini dayandırdığı üçün ona maddi şəkildə ciddi ziyan da dəymişdir. İddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC tərəfindən sərnişinə təqdim olunmuş bilətdən də göründüyü kimi bir nəfər sərnişin üçün biletin qiyməti 3.80 manat təşkil edir. Avtomobilin 20 nəfər sərnişin tutumu olduğunu nəzərə alsaq işləmədiyi müddətdə hadisədən qabaq gün ərzində 3 reysə çıxdığını nəzərə alınarsa hər reysin mənfəəti yanacaq xərclərini çıxmaqla 8796 manat təşkil edir. Bu da onun işlədiyi müddətdə cəmi 26388 manat maddi ziyan dəydiyini açıq aşkar sübut edir. O, şəhid ailəsi üzvüdür. Anasının, şəhid qardaşı X2 2 övladının və öz himayəsində olan 2 övladının ümumilikdə arvadı ilə birlikdə 5 nəfər ailə üzvlərinin ehtiyaclarını mikroavtobus idarə etməklə qarşılayır. Daha sonra İddiaçı məhkəməyə iddia ərizəsinə düzəliş edilməsi barədə yazılı ərizə təqdim edərək Cavabdeh tərəfindən 3565.50 manat avtomobilə dəymiş ziyan və 26388 manat məbləğində əldən çıxmış mənfəətindən əlavə olaraq ödədiyi dövlət rüsumununda tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, ekspert rəyi ilə razılaşmır. "xxxx" ASC-nin aktı ilə ona görə razılaşmışdır ki, cavabdehin atası ona dəymiş ziyanı ödəyəcəyi barədə söz vermişdir. Məhkəmə tərəfindən təyin edilmiş ekspertiza ilə bağlı verilən rəy bazar qiymətlərinə uyğun verilməmişdir. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə bildirmişdir ki, hadisə baş verdikdən sonra sığortanın nümayəndəsi gələrək həmin yerə baxış keçirmiş və dəymiş ziyanı ödəmişdir. Sığorta tərəfindən ödənilən məbləğin ona dəymiş ziyanı ödəmədiyini iddiaçı bildirsə də, sığorta aktına qol çəkmişdir. Həmçinin 2 ay müddətində işsiz qaldığını bildirmiş, həmin vaxt ərzində sığorta tərəfindən mikroavtobus təmir olunmuşdur. Təmir müddəti və mikroavtobusa dəymiş ziyan sığorta tərəfindən müəyyən edilmişdir, əgər bir narazılığı varıydısa, sığorta şirkətini məhkəməyə verə bilərdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil bildirmişdir ki, iddia əsassızdır. Belə ki, İddiaçı həmin mikroavtobusun mülkiyyətçisi deyildir. Bu səbəbdən də, İddiaçı mikroavtobusa dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırmaq hüququ yoxdur. Mikroavtobusa dəymiş ziyanla bağlı iddia qaldırmaq hüququna həmin mikroavtobusun mülkiyyətçisi Qulu Süleymanov malikdir. Həmçinin "xxxx" ASC tərəfindən akt iddiaçının razılığı ilə tərtib olunmuşdur. Aktı özü şəxsən imzalamışdır. İddiaçı cavabdehdən əldən çıxmış mənfəət üçün 26388 manat məbləğində pul tələb etsə də, bu barədə hər hansı mötəbər sübut məhkəmədə təqdim etməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində gündə 3 reysə çıxması və hər reysin yanacaq xərclərini çıxmaqla mənfəətinin 8796 manat təşkil etməsi ilə bağlı da, hər hansı bir sübut gətirməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı tərəfindən tələb edilən məbləğlər şişirdilmişdir. Ekspert tərəfindən müəyyən edilmiş ziyanı qəbul edir. Məhkəmə İddiaçı, cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq olunmuş etibarnamənin surətindən görünür ki, mülkiyyətçi X6 “Mercedes Benz” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini İddiaçı etibar etmişdir. Etibarnamə bir il müddətinə verilib və xx.xx.2025-ci il tarixədək qüvvədədir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş 24-00062/01/AA-008/24 saylı Sığorta Aktının ksero surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Hacıqabul rayonu ərazisində baş vermiş hadisə nəticəsində **-BL-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa dəymiş ziyana görə 3809.50 manat sığorta ödənişi olunmuş və sığorta ödənişini İddiaçı akta imza çəkərək almışdır. İş materiallarında olan X1 Şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Mercedes Benz” markalı mikroavtobus, açıq yaşıl rəngli, Ban WDB9036631R333717, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. İş materiallarında olan 019595 nömrəli notarial qaydada təsdiq olunmuş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:00 dəqiqədə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Vaz 21099” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsi, “Mercedes Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun sol yan hissəsi əzilmişdir. İş materiallarında olan AE 523897 nömrəli sürücülük vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “B,C,D” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ var. İş materiallarında olan Şirvan “Avtomotoservis və Ticarət Müəssisəsi”nin mütəxəssisi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli rəy aktından görünür ki, qəza zamanı “Mercedes-Benz” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı mikroavtobusa dəymiş ümumi maddi ziyan 7375 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7790 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtomotoservis və Ticarət” müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında (5-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “X5” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərcinin 6585 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti-4785 manat, təmir-bərpa işlərinin qiyməti-1800 manat təşkil etmişdir. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarında (5-ci sıra) olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “X5” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərcinin 4435 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən dəyişilməli hissələrin qiyməti-2855 manat, təmir-bərpa işlərinin qiyməti - 1580 manat təşkil etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 152.1-ci maddəsinin tələbinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 166.1-ci maddəsinin tələbinə əsasən daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Mülki Məcəllənin 181.1-ci maddəsinə əsasən daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir. Mülki Məcəllənin 181.3-cü maddəsinin tələbinə əsasən mülkiyyətçisi olan əmlaka mülkiyyət hüququ başqa şəxs tərəfindən alqı-satqı, dəyişdirmə, bağışlama müqaviləsi və ya bu əmlakın özkəninkiləşdirilməsinə dair digər əqd əsasında əldə edilə bilər. Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Mülki Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Daşınar əmlakın rəsmi reyestrləri, onların tərtib edilməsi və aparılması qaydalarının 1.2.-ci bəndinə əsasən reyestrlərin tərtib edilməsi və aparılması hər bir növ daşınar əmlak, onun əmələ gəlməsi (istehsalı), həmin əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi), başqasına keçməsi və bu hüquqlara xitam verilməsi barəsində məlumatların reyestrlərə daxil edilməsindən, bu məlumatların təzələnməsindən və ya silinməsindən ibarətdir. MPM-in 14.2.-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1.-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, mülkiyyətçi X6 “Mercedes Benz” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu nəqliyyat vasitəsini idarə etmək səlahiyyətini İddiaçı etibar etmişdir. Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı X3 adına qeydiyyata alınmışdır və xx.xx.2024-cü il tarixdə X6 tərəfindən İddiaçı verilmiş etibarnamədə həmin avtomobilə dəymiş zərərin tələb olunması ilə bağlı səlahiyyətlər göstərilməmişdir. Məhkəmə hesab edir ki, mübahisəli avtomobil X3 mülkiyyətində olduğundan və iddiaçının avtomobilə dəymiş ziyanı başqa şəxsdən tələb etmək hüququ yaranmadığından iddia tələbi həmin hissədə təmin oluna bilməz. Belə olan halda məhkəmə iddia tələbinin bütün dəlillərinə qiymət verərək iddianı buna subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırılmış hesab edir. Nəzərə alınmalıdır ki, MPM-in 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Lakin bu zaman diqqətdən qaçırmaq olmaz ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi kimi məsələləri araşdırmalıdır. Qeyd edilməlidir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Həmin mövqeni hazırkı işə tətbiq edərək məhkəmə hesab edir ki, avtomobilə dəymiş ziyanın və əldən çıxmış mənfəət tələbi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün ilk növbədə iddia qaldıran tərəfin buna subyektiv hüququ olmalıdır. Hazırkı işdə isə İddiaçı istifadəsində olmuş avtomobil X3 mülkiyyətində olduğundan bu cür iddiayla məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın və əldən çıxmış mənfəətin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin oluna bilməz. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın və əldən çıxmış mənfəətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-77/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-77/2025
27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver