Məhkəmə qərarları › İş №2(057)-782/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-782/2023

26.07.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-782/2023 26.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ilk, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiaları üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 10000 manat borcun, 300 manat hüquqi xidmət üçün ödənilmiş pulun, 121 manat dövlət rüsumu üçün ödənilmiş pulun və 17.5 manat etibarnamə üçün ödənilmiş pul olmaqla, ümumilikdə 10438.5 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında olan 10000 (on min) manat məbləğində borc pulu cavabdeh xx.xx.2023-cü il tarixli yazılı qəbzlə qısa vaxt ərzində ödəməyə öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmək əvəzinə, ona borclu olduğu pul vəsaitini qaytarmaqdan dolayısıyla boyun qaçırmağa başlamışdır. Cavabdehin üzərinə götürdüyü öhdəliyini yerinə yetirərək borclu olduğu pul vəsaitini qaytarıb-qaytarmamaq niyyətində olduğunu dəqiqləşdirmək üçün, ona rəsmi qaydada pretenziya ilə müraciət etmiş, cavabdeh pretenziya məktubunu aldıqdan sonra ona hədə-qorxu gələrək pulunu qaytarmaq niyyətində olmadığını açıq-aşkar şəkildə bəyan etmişdir. Artıq cavabdehin ona məxsus pul vəsaitini qaytarmaq niyyətində olmadığını və pozulmuş hüququnu başqa cür bərpa oluna bilməyəcəyini görüb məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh 10000 manat borcun, 300 manat hüquqi xidmət üçün ödənilmiş pulun və 121 manat dövlət rüsumu üçün ödənilmiş pulun, 17.5 manat etibarnamə üçün ödənilmiş pul olmaqla, ümumilikdə 10438.5 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, ilkin iddianın təmin edilməməsini və 10290 manat pul və 121 manat dövlət rüsumu İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinə əsasən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ona qarşı 10000 (on min) manat pul tələbi barədə iddiası tamamilə əsassız olduğundan iddia tələbi təmin edilməməsini bildirmişdir. O, İddiaçı 88 qəbz olmaqla cəmi 6676 manat MilliÖn aparatından pul göndərmiş və bütün qəbzlər ondadır. Eyni zamanda əmək haqqı kartından 1756 manat pul və anası X1 da 1858 manat pul çıxarmışdır ki, bu barədə bankomatdan çıxardığı pullar barədə "xxxx" ASC-dən foto görüntülər əldə etmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməməsini və 10290 manat pul və 121 manat dövlət rüsumu İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 bildirmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 10000 (on min) manat pulu Ülviyyədən almış və bu barədə öz xətti ilə qəbz yazıb təsdiq etmişdir. Əvvəllər ayrı-ayrı vaxtlarda cavabdeh iddiaçıdan müxtəlif məbləğlərdə pul almışdır və sonradan həmin pulu hissə-hissə olmaqla qaytarmışdır. Sonuncu dəfə 14000 manat borc pul almışdır. Həmin borcun ödənilməsi üçün Arif əmək haqqı kartını Ülviyyəyə verdikdən 1-2 ay sonra kartın müddəti bitmişdir. Daha sonra borcunu ödəməkdən boyun qaçırmışdır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etmişdir. Eyni zamanda ilk iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə yazılı izahat təqdim etmişdir. Həmin izahatda iddiaçının nümayəndəsi göstərmişdir ki, Cavabdeh ilə aralarında olan 10000 (on min) manat məbləğində borc pul məbləğinin cavabdeh xx.xx.2023-cü il tarixli yazılı qəbzlə qısa vaxt ərzində ödəməyə öhdəlik götürmüşdür. Buna baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmək əvəzinə, ona borclu olduğu pul vəsaitini qaytarmaqdan dolayısıyla boyun qacırmağa başlamış, iddiaçıda məcbur qalıb iddia qaldırmışdır. Cavabdeh İddiaçı iddia tələbinə qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın təmin edilərək 10290 manat pul vəsaitinin İddiaçı tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmənin nəzərinə çatdırır ki, tərəflər arasında müxtəlif vaxtlarda borc münasibətləri yaranmışdır. Cavabdeh sadə yazılı formada yazdığı qəbzlərlə həmin borc məbləğini etiraf etmiş, özünə məxsus maaş kartını yaranmış borcun ödənilməsi məqsədilə İddiaçı qalmasına etiraz etməmişdir. Tərəflər arasında olan borc münasibətlərinin qalıq məbləği xx.xx.2023-cü il tarixə 10000 (on min) manat olmuş, Cavabdeh da bu məbləğlə razılaşaraq öz xətti ilə bu barədə qəbz yazıb vermişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən qəbzlərdən göründüyü kimi həmin ödənişlər 2022-ci ilin noyabr ayınadək ödənilmişdir. Hazırda tələb olunan borc məbləği isə 27 yanvar 2023-cü il tarixdən sonrakı müddətdə ödənilməli olan borc məbləğidir. Bu səbəbdən ilkin iddia tələbinin təmin olunması, qarşılıqlı iddianın isə rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh göstərmişdir ki, bacısının müalicəsi üçün Ülviyyədən 20 faizlə pulu götürmüşdür. İki dəfə 4000 manat ödəniş etmişdir. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdə ödəniş etmişdir. Lakin ödəniş qəbzini özündə saxlamamışdır. X2 adına olan kartdan 1858 manat pulu vəsaitini Ülviyyəyə vermişdilər. Ülviyyə ona borcunun faizlərlə birlikdə 10000 (on min) manat olduğunu bildirmiş və 10000 (on min) manat borcunun olması barədə qəbzi yazaraq imzalanmasını yazmasını təkitlə tələb etmiş, qəbzi yazmayacağı təqdirdə faizin artacağını söylədiyi üçün məcbur qalıb qəbzi yazmışdır. Məhkəmədə Cavabdeh nümayəndəsi, Vəkil2 ilk iddianı qəbul etməmiş, qarşılıqlı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia təmin edilməli, qarşılıqlı iddia isə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli (Cavabdeh tərəfindən yazılmış və imzalanmış) qəbzdən görünür ki, Cavabdeh İddiaçı 10000 manat borcu olmasını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh borcunu ödəməsini, əks təqdirdə yaranmış borcun qaytarılmasının gecikdirilməsinə görə əldən çıxmış gəlirlərin, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan 8 vərəqdə olan e-manat ödəniş vasitəsi ilə İddiaçı adına olan LeoBank və Unibank hesablarına ödəniş qəbzlərindən n görünür ki, İddiaçı adına müəyyən vaxtlarda müəyyən məbləğlərdə pullar köçürülmüşdür. 2022-ci ildə müxtəlif tarixlərdə İş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə mədaxil qəbzindən görünür ki, Bakı Şəhər 27 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul ödənilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq müəyyən etdi ki, tərəflər arasında borc münasibəti olmuş, İddiaçı Cavabdeh müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borc pul vermişdir. Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda borc pul almış, xx.xx.2023-cü il tarixli qəbzi özü imzalamış, 2022-ci ildə müxtəlif tarixlərdə İddiaçı məxsus elektron karta müxtəlif məbləğlərdə pul köçürmüşdür. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdeh borc pul verdiyini, xx.xx.2023-cü il tarixə 10000 (on min) manat borc qaldığını, Cavabdeh da bu məbləği öz xətti ilə yazdığı qəbzlə etiraf etdiyini bildirir. Qarşılıqlı iddiaçı Cavabdeh isə əksinə, İddiaçı 20 faizlə pulu götürdüyünü, ilk dəfə 4000 manat ödəniş etdiyini, axırıncı dəfə isə xx.xx.2022-ci il tarixdə ödəniş etsə də, ödəniş qəbzini özündə saxlamadığını göstərmişdir. İddiaçı 6676 manat pulu köçürtmə yolu ilə ödədiyini, X2 adına olan kartdan 1858 manat pulu vəsaitini İddiaçı çıxardıb özünə götürdüyünü, bu barədə bankdan foto görüntülər əldə etdiyini göstərmişdir. Həmin 10290 (on min iki yüz doxsan) manat pulun və ödənilmiş 121 manat dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsini iddia edir. Eyni zamanda Cavabdeh göstərmişdir ki, İddiaçı ona borcunun faizlərlə birlikdə 10000 (on min) manat olduğunu bildirmiş və 10000 (on min) manat borcunun olması və bu barədə qəbzi yazaraq imzalanmasını tələb etmiş, qəbzi yazmayacağı təqdirdə faizin artacağını söylədiyi üçün məcbur qalıb qəbzi yazdığın göstərmişdir. xx.xx.2023-cü il tarixdə tərtib olunmuş qəbzin Cavabdeh tərəfindən öz xətti ilə yazmasını etiraf etmişdir. Həmin qəbzdə görsənir ki, Cavabdeh İddiaçı 10000 manat məbləğində borc pul almışdır. Həmin pulun götürməsi barədə qəbz yazaraq öz imzası ilə təsdiq etmişdir. O, ümumiyyətlə həmin qəbzi təziq altında yazdıqlarına dair hər-hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də, məhkəmə hesab edir ki, ilk iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İddiaçı 10000 (on min) manat məbləğində pulun qaytarmalı olduğu sübuta yetirildiyindən, həmin pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə qarşılıqlı iddiaya qiymət verərək qeyd edir ki, Cavabdeh İddiaçı borcunu qaytardığını qeyd etsədə bu faktı təsdiqləyən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməmlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 121 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 121 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, Cavabdeh 10000 manat məbləğində pul, hüquqi xidmət üçün ödənilmiş 300 manat pulun, etibarnamə üçün ödənilmiş 17.5 manat məbləğində pul və 121 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk iddiası təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul, hüquqi xidmət üçün ödənilmiş 300 manat pulun və etibarnamə üçün ödənilmiş 17.5 manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddiaçı tərəfindən ödənilmiş 121 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. Cabdehdən 121 manat məbləğində pul alınaraq iddiaçıya verilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar