Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Salyan rayon İş № 2(057)-785/2023 25.07.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində Cavabdeh2 məxsus X1 tərəfindən idarə olunan **-GY-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” minik markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə **-PP-*** dövlət qeydiyyat nişanlı “Aud A6” markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisə ilə bağlı TP ******* saylı İnzibati tənbeh vermə haqqında Qərar çıxarılmış və qərara əsasən **-GY-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı avtonəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 hadisə baş verdikdən sonra hadisə yerindən yayınmışdır. Sığortalı **-PP-*** dövlət qeydiyyat nişanlı “Aud A6” markalı avtonəqliyyat vasitəsinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı "xxxx" ASC-yə zərərçəkən müraciət etmişdir. **-PP-*** dövlət qeydiyyat nişanlı “Aud A6” markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qiymətləndirilmiş, “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən 4614,00 manat (dörd min altı yüz on dörd manat, 00 qəpik) müəyyan edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli “Sığorta aktı”na əsasən 4614,00 manat (dörd min altı yüz on dörd manat, 00 qəpik) manat məbləğində sığorta ödənişi nəqliyyat vasitəsinin təmir olunması üçün təmir mərkəzinin hesabına köçürülmüşdür. Həmçinin araşdırma zamanı məlum olmuşdur ki təqsirli tərəfin icbari sığortası olmamışdır. Bu səbəbdən dəymiş zərər məbləği tam olaraq cavabdehlərdən tələb olunmuşdur. xx.xx.2022-ci il tarixində 4614,00 manat (dörd min altı yüz on dörd manat, 00 qəpik) manatın subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehlərə məktub göndərilmiş, lakin həmin məbləği geri qaytarılmamışdır. Odur ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 4614,00 manat (dörd min altı yüz on dörd manat, 00 qəpik) məbləğində vəsaitin, 66,14 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə təqdim olunmuşdur. Həmin ərizədən görünür ki, cavabdehlərin əlaqə nömrəsini əldə etmək mümkün olmadığı, məhkəmə iclasını onların iştirakı olmadan keçirib işə qiyabi icraat qaydasında baxaraq iddianın tam təmin olunması xahiş olunmuşdur. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bu səbəbdən məhkəmə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına razılıq verilməsi barədə ərizəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1 və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Məhkəmənin xx.xx.2023-cü tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli sğorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində **-PP-*** dövlət qeydiyyat nişanlı “Aud A6” markalı avtomobilə dəyən zərərlə bağlı 4614 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 13 aprel 2022-ci il tarixli məktubundan görünür ki, cavabdehlər tələblə bağlı xəbərdar olunmuşdur. İş materiallarında olan “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, “Aud A6” markalı avtomobilə dəymiş zərər 4614,00 manat müəyyan edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh1 (hadisə yerindən yayındığına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevir etmə) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə araşdırması nəticəsində yuxarıda qeyd edilən iş materialları əsasında müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus olan Cavabdeh1 tərəfindən idarə olunan **- GY-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” minik markalı avtonəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində, saat 14:45-də Bakı şəhəri, Tblisi prospektində manevretmə qaydasını pozmuş və nəticədə **-PP-*** dövlət qeydiyyat nişanlı “Aud A6” markalı avtonəqliyyat vasitəsi ilə toqquşaraq avtomobili zədələmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş, barəsində inzibati xəta haqqında protokol və müvafiq inzibati tənbeh haqqında qərar qəbul edilərək cərimə edilmişdir. Beləliklə, müvafiq yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh1 təqsiri artıq müəyyən edilmişdir. Eyni zamanda, bu avtomobil iddiaçı "xxxx" ASC tərəfindən sığorta edilmiş olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş digər avtomobilə iddiaçı tərəfindən 4614 manat məbləğində sığorta ödənişi edilmişdir. Digər Cavabdeh2 isə avtomobilin mülkiyyətçisidir. Avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 digər Cavabdeh1 hadisə yerindən yayınmşdır. Hazırda sığortaçı yol nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 4614 manat məbləğində sığorta ödənişini subroqasiya qaydasında cavabdehlərdən tələb edir. Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmamalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 936.2-ci maddəsinə görə, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 19.1-ci maddəsinə əsasən sığortaçı sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına dəymiş zərərin əvəzini digər şəxsi sığortaya aid sığorta növləri və (və ya) sosial sığorta üzrə verilən sığorta ödənişlərini, həmçinin fərdi qəza sığortası üzrə zərərvuran şəxs tərəfindən ödənilən hər hansı vəsaiti nəzərə almadan bu Qanunda nəzərdə tutulmuş qaydada ödəyir. 19.2-ci maddəsinə əsasən bu qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin sağlamlığına dəyən zərərin əvəzini bu qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnu yaradır. 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Hazırkı işdən görünür ki, Cavabdeh1 hadisə yerindən yayınmşdır. Belə olan halda, yuxarıda qeyd edilən Qanunun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəllənin: 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 925.1-ci maddəsinə əsasən, sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə görə sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya sığorta qanunvericiliyinin tələblərini nəzərə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirməlidir. 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsaslı sayılaraq təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 4614,00 manat (dörd min altı yüz on dörd manat, 00 qəpik) məbləğində vəsaitin, 66,14 manat dövlət rüsumunun, 0,40 (qırx qəpik) manat bank xidməti xərcinin tutularaq, iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" ASC-nin xeyrinə 4614,00 manat (dörd min altı yüz on dörd manat, 00 qəpik məbləğində vəsaitin, 66,14 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-785/2023
Salyan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(057)-785/2023
25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver