Məhkəmə qərarları › İş №2(057)-801/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-801/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-801/2025 17.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Cabbarov Tahir Hacıbaba oğlunun iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 31380.76 manat əsas borc, 1441.93 manat faiz borcu və 7.95 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 32830.64 manat borcun və 188.49 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 16.5% olmaqla, 48 ay müddətinə 35000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq xx.xx.2024-cü il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. 2024-cü ilin dekabrın 16-dək Cavabdeh1 banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 31380.76 manat əsas borc, 1441.93 manat faiz borcu və 31.79 manat cərimə borcu, ümumilikdə cəmi 32854.48 manat borcu vardır. Cavabdeh1 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 31.79 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 7.95 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək, iddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada təkrar xəbərdar edilmələrinə və adlarında olan nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Cavabdeh1 məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ilə müraciət edərək, SOCAR X3 Trestində işlədiyini və hazırda Türkiyə lahiyəsində çalışdığını, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Türkiyədə olacağını, xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ölkə ərazisində olacağını, həmin tarixlərə məhkəmə iclasının təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin yazılı vəsatətini nəzərə alıb məhkəmə hazırlıq iclasının təxirə salmasına baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 30-Z1-1-0-146-24 saylı, xx.xx.2024-cü il tarixli İstehlak krediti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh1 illik 16.5 faizlə 48 ay müddətinə 35000 manat kredit verilmişdir. İş materiallarında olan № Z/01100/24 nömrəli, xx.xx.2024-cü il tarixli Zaminlik müqaviləsinin 1.2-ci bəndindən görünür ki, zamin Cavabdeh2 göstərilən müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi borcalanla birgə qaydada məsulliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı cavabdehlərə aralarında bağlanılmış müqavilə əsasında yaranan borcunu, həmin borc əsasında olan faiz borcunu və cəriməni ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 banka xx.xx.2024cü il tarixə 31380.76 manat əsas, 1441.93 manat faiz, 31.79 manat cərimə borcu olmaqla, cəmi 32854.48 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 188.49 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 30-Z1-1-0-146-24 saylı, xx.xx.2024-cü il tarixli İstehlak kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında № Z/01100/24 nömrəli, xx.xx.2024-cü il tarixli Zaminlik müqaviləsi bağlanmış, zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında Cavabdeh1 ilə birlikdə cavabdehlik daşımışdır. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas, faiz və cərimə borcunun əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş hüquqi mövqeyə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göstərilən hüquqi mövqe əsas götürülməklə məhkəmə hesab edir ki, müqavilə tərəfinə pretenziya ünvanlandığı vaxtdan etibarən müqavilə ləğv edilmiş hesab edilir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 188.49 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədikləri üçün cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 31380.76 (otuz bir min üç yüz səksən manat yetmiş altı qəpik) manat əsas, 1441.93 (bir min dörd yüz qırx bir manat doxsan üç qəpik) manat faiz, 7.95 (yeddi manat doxsan beş qəpik) manat cərimə və ödənilmiş 188.49 (bir yüz səksən səkkiz manat qırx doqquz qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 33019.13 (otuz üç min on doqquz manat on üç qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 31380.76 (otuz bir min üç yüz səksən manat yetmiş altı qəpik) manat əsas, 1441.93 (bir min dörd yüz qırx bir manat doxsan üç qəpik) manat faiz, 7.95 (yeddi manat doxsan beş qəpik) manat cərimə və ödənilmiş 188.49 (bir yüz səksən səkkiz manat qırx doqquz qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 33019.13 (otuz üç min on doqquz manat on üç qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar