Məhkəmə qərarları › İş №2(057)-808/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-808/2023

08.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-808/2023 08.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 2(057)-1131/2019 saylı, 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X4 doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş və birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X4 onun yanında saxlanılması, onun saxlanılması üçün hər ay 120 manat məbləğində alimentin Cavabdeh alınaraq, ona verilməsi qət edilmişdir. Cavabdehin “Holsim” şirkətində tır sürücüsü işlədiyini, 1500-2000 manatadək əmək haqqı aldığını və onun şəxsi avtomobili olduğunu bildirmişdir. Uşaq böyüdükcə ona sərf olunan xərclər də artmışdır. Bundan əlavə, hər il uşaq üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. Cavabdehin alimenti qaldırmağa kifayət qədər imkanının olduğunu, videodisk və fotoşəkilləri ərizəyə əlavə etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehin “Holsim” şirkətində tır sürücüsü işlədiyini, aylıq olaraq 1500-2000 manatadək əmək haqqı aldığını, cavabdehin sosil şəbəkələrdə canlı açdığını, çox pulu olmasını nümayiş etdirdiyini də nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, “alimentin artırılmasına etirazım var, belə ki, birgə nikah dövründə anadan olmuş xx.xx.2016-cı il təvəllüdlü X1 üçün hər ay tərəfindən gecikmə olmadan aliment ödənilir, həmçinin uşağın lazımı xərcləri ödənilir. Uşaq üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarından da artıq xərc ödədiyini, ağ ciyər xəstəsi olduğunu, müalicə aldığığını, həmçinin hal-hazırda Qarabağ iqtisadi zonasında sürücü kimi işlədiyini, ikinci dəfə ailə həyatı qurduğunu bildirmişdir. Aylıq gəlirinin 345 manat aldığını, həmin maaşla müalicə olunduğunu, yeni ailəsinə baxdığını və aliment ödədiyini göstərmişdir. İddiaçının alimentin artırılması haqqında məhkəməyə müraciət etməsinə səbəb onun yenidən ailə həyatı qurması, qısqançlıq nəticəsində məhkəməyə müraciət etdiyini, aylıq qazancının 345 manat olduğu üçün onun örddə bir hissəsi aliment kimi tutulmalı olduğunu, yəni 86,25 manat. Lakin o, qanunvericiliklə nəzərdə tutulandan da, çox ödədiyi üçün iddianın təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə İddiaçının və Cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq hesab ediri ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan Salyan Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(057)-1131/2019 saylı qətnamənin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Salyan Rayon Qeydiyyat şöbəsində 15 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından 03 iyul 2016-cı il tarixdə doğulmuş X4 nikah pozulandan sonra anaları İddiaçı yanında qalmış, tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, hər ay 120 manat məbləğində aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X2 ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş X4 doğulmuşdur. İş materiallarında olan “Vətəndaşın iş yeri haqqında” arayışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də sürücü vəzifəsində işləyir və 345 manat əmək haqqı alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq, uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ilin yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşağın saxlanılmasında çətinlik çəkməsi, uşağın böyüməsi ilə bağlı tələbatının artması, uşaq üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, birgə nikahlarından doğulan 03 iyul 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(057)- 1131/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrinə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 03 iyul 2016-cı il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 24 sentyabr 2019-cu il tarixli, 2(057)-1131/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 39.2 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar