Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-101/2023 25.01.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 150 manat alimentin artırılaraq 250 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, heç bir yerdə işləmir, məhkəmə tərəfindən təyin edilmiş alimentlə uşağın maddi ehtiyaclarını ödəyə bilmir. Ona görə də himayəsində olan övladı xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 150 manat alimentin artırılaraq, 250 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 2(058)-266/2021 saylı 17 mart 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh qazancından və başqa gəlirlərindən hər ay 150 manat sabit pul məbləğində aliment (vəsait) tutularaq, xx.xx.2017-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2017-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1 ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd olunan maddədən görünür ki, məhkəmə tərəfindən aliment miqdarı müəyyən olunduqdan sonra həmin miqdarın dəyişdirilməsi əsaslarını tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliklərin baş verməsi təşkil edir. Hazırkı işdə isə bu əsaslar mövcud deyildir. Belə ki, Samux Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(058)-266/2021 saylı qətnaməsi qəbul olunduğu vaxt tərəflərin nikahdan olan uşağı- X2 4 yaşı olmuş, hazırda isə həmin qətnamədən 1 il 10 ay vaxt keçmiş, bu müddət ərzində uşağın zəruri ehtiyaclarında hər hansı dəyişiklik baş verməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, aliment miqdarı müəyyən edildikdən sonra, yəni son 1 il 10 ay müddətində iddiaçının və cavabdehin maddi və ailə vəziyyətində də dəyişiklik olmamış və iddiaçı bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İşin yuxarıda qeyd olunan hallarını, hazırki halda tərəflərin ailə və maddi vəziyyətlərində heç bir dəyişiklik olmadığını, qanunvericiliyin tələbinə görə hər iki valideyinin uşağı saxlamağa borclu olduqlarını və alimentin artırılmasının aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən tutulması müəyyən olunmuş alimentin miqdarının artırılması barədə iddiaçının tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-101/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-101/2023
25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver