Məhkəmə qərarları › İş №2(058)-107/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-107/2025

03.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-107/2025 03.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 7000 manat pulun və dövlət rüsumunun əvəzi qismində ödədiyi 91 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-ci ildə özünə minik avtomobilini almaq qəaraına gəlmiş və həmin vaxt Samux şəhər sakini ilə telefon vasitəsilə “Merscdes markalı ** EX ***” avto maşını Cavabdeh adlı şəxsdən 7000 manata sövdələşmişdir. Bundan sonra o, cavabdehlə Göygöl rayonu Quşaqara kənd ərazisində görüşərək avtomobilə baxmış, xoşuma gəldiyi üçün avtomobili 7000 manata almaqa razılaşmışdır. O, cavabdehə bildirmişdir ki, avtomobili alqı-satqı edək və o, öz adına rəsmiləşdirsin, o, isə avtomobilin sənədini anasının adına olduğunu bildirərək anasından ona sürmək üçün etibarnamə alaraq ona vermişdir. Onlar razılaşmışlar ki, növbəti gün avtomobili alqı-satqı etsinlər. Həmin gün o, Nurlana 7000 manat pul vermişdir. Mersedes markalı **- EX-*** dövlət nömrə nişanlı avtomobili sürərək Göygöl rayona gətirmişdir. Bir gün sonra o, zəng edərək avtomobilin sənədlərini tələb etdikdə və alqı-satqı elməklərini xahiş etsə də, lakin cavabdeh müxtəlif bəhanələr edərək avtomobilin sənədlərini verməmişdir. O, fikirləşmişdir ki, avtomobil oğurluq olar, ona görə də avtomobili Nurlana qaytarmışdır. Cavabdeh Nurlan Verdiyev ona bildirmişdi ki, avtomobili satıb pulunu qaytaracaq. Lakin sonradan müxtəlif bəhanələr edərək pulunu qaytarmaqdan boyun qaçırmışdır. Bu barədə o, Samux rayon RPŞ-nə müraciət etmişdir. Tələbinin təmin olunmasını və cavabdeh X1 7000 manat pulun və ödədiyi dövlət rüsumunun əvəzinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh, əvvəlki məhkəmə iclaslarının yeri və vaxtı barədə bildirişin ona rəsmi qaydada təqdim olunmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, sonrakı məhkəmə iclaslarının yeri və vaxtı barədə göndərilən məhkəmə bildirişi cavabdehə çatmadığından, məhkəmə, sonuncu bildirişi onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərilərək cavabdehə təqdim olunmasını xahiş etmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: İddiaçının təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunan audio yazıdan görünür ki, cavabdeh iddiaçıdan, aralarındakı şifahi razılıq əsasında avtomobilin dəyəri olaraq 7000 manat pul aldığını etiraf edir və qaytaracağına dair vəd verir. Tərəfin izahatından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında cavabdehə məxsus avtomobili alqı-satqısına dair şifahi şəkildə razılıq əldə olunmuşdur. İddiaçı cavabdehə həmin razılaşmaya söykənən hal ilə əlaqədar olaraq 7000 manat pul verərək avtomobil almış, lakin onlar arasında sözügedən avtomobilə rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. İşin faktiki hallarından aydın tərəflər arasındakı razılıq avtomobilin alqı-satqısı barədə olmuşdur. Lakin alqı-satqı predmeti rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan, həmin əmlak barəsində mülkiyyətçinin sərəncam vermək hüququ, yəni əmlakın özgəninkiləşdirilməsi alıcı və satıcı arasında yazılı formada bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilə əsasında həyata keçirilə bilərdi. İşin faktiki hallarından və iddiaçnın nümayəndəsinin izahatından aydın olur ki, tərəflər arasında belə bir müqavilə mövcud olmamışdır. Bu baxımdan onlar arasında alqı-satqı müqaviləsi ilə bağlı münasibətlərin yaranması da istisna olunur. Lakin cavabdehin iddiaçıdan 7000 manat pul alması iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi sübutla öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 7000 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Beləliklə məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsası kimi əsassız varlanmaya dair normalar çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və cavabdehdən 7000 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 91 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 91 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar