Məhkəmə qərarları › İş №2(058)-1073/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1073/2023

18.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1073/2023 18.09.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Samux Rayon Notariat Ofisinə və Azərbaycan Beynəlxalq Bankı ASC-nə qarşı «kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Samux Rayon Notariat Ofisi və Azərbaycan Beynəlxalq Bankı ASC-nə qarşı «kredit müqaviləsinin və icra qeydin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC ilə onun arasında bağlanmış kredit müqaviləsinin, həmçinin ondan 7194,91 manat pulun Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyirinə tutulması barədə Samux Rayon Notariat Ofisinin xx.xx.2022-c il tarixli icra qeydinin ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC aralarında bağlanmış kredit müqavilə üzrə düzgün hesablanmamış borcun tutulmasına dair notariusa müraciə edərək icra qeydi almışdır. Belə ki, icra qeydində göstərilən, yəni onun tələbkara ödəməli olduğu məbləğlə razı deyil, həmin borc məbləği düzgün hesablanmamışdır. Həmçinin notarius tərəfindən icra qeydi verilərkən ona məlumat verilməmişdir. Qeyd olunan kredit müqaviləsinə əsasən yaranmış borcun dəqiq müəyyən edilməsi, kredit müqaviləsinin və icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. 18 avqust 2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı iddia ərizəsi müdafiə edərək bildirmişdir ki, icra qeydi aparılmazdan əvvəl bank tərəfindən ona bu barədə məlumat verilməmişdir. İcra qeydi əsassızdır, həmin qeyddə borcun məbləği düzgün göstərilməyib. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Beynəlxalq Bankı ASC-nin nümayəndəsi iddianı etiraf etməyərək iddianın əsassız olduğunu, müqavilənin ləğv edilməsi üçün heç bir əsasın olmadığını, eyni zamanda icra qeydinin aparılacağı barədə borcluya qanunamüvafiq qaydada xəbərdarlıq edildiyini bildirdi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Samux Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə məktub göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş maliyya arayışın surətindən görünür ki, İddiaçı banka olan borcu cəmi 7194.51 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı borcunu 20 gün ərzində ödəməyəcəyi təqdirdə həmin borcun tutulmasına dair notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbardarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Samux Rayon Notariat Ofisinin icra qeydinin surətindən görünür ki, İddiaçı BPM**********56 nömrəli müqaviləsinə əsasən Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyirinə 7194 manat 91 qəpik pul tutulması qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Samux rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, icra sənədi üzrə borcunu ödəməsi üçün İddiaçı 10 gün vaxt verilmişdir. İş materiallarından da göründüyü kimi, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərmişdir. Beləliklə tələbkar tərəfindən icra qeydinin aparılması üçün notariat ofisinə müraciət olunması üçün qanunvericiliyin tələblərinə tam əməl olunduğundan hazırda həmin icra qeydinin ləğv edilməsi üçün əsas yoxdur. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli, 24 nömrəli qərarı ilə təsdiq edilmişdir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Məhkəmə iddia tələbinin müqavilənin ləğvinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, tərəflər sözügedən müqavilənin bütün şərtlərinə dair yazılı razılığa gələrək aralarında kredit müqaviləsi bağlanmışdır. Qanunvericiliyin tələbinə görə müqavilə tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Hazırda iddiaçı, bank tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulmasına və ya müqavilənin ləğv edilməsinə əsas olacaq digər hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.Ona görə də iddia tələbi həmin hissədə də təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, qətetdi: İddiaçı cavabdehlər Samux Rayon Notariat Ofisinə və Azərbaycan Beynəlxalq Bankı ASC-nə qarşı «kredit müqviləsinin və icra qeydinin ləğv edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar