Məhkəmə qərarları › İş №2(058)-110/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-110/2025

22.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-110/2025 22.01.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 3000 manat xidmət haqqı, məhkəmədə iştirakla bağlı edilən səfərlərlə bağlı 200 manat və dövlət rüsumu kimi ödənilmiş 52 manat pulun, ümumilikdə 3252 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü il tarixdə Qazı-Məmməd (indiki Hacıqabul) rayonunda anadan olmuşdur. Lakin hal-hazırda Şirvan şəhər sakinidir. O, 1-ci Qarabağ müharibəsi veteranıdır. Hüquqi yardım xidməti üzrə fiziki şəxs kimi 5 saylı Şirvan Ərazi İdarəsində qeydiyyatdan keçmişdir. Vətəndaşların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ilə bağlı hüquqlarının müdafiəsi üzrə hüquqi xidmət göstərir. Cavabdeh ona 2022-ci ilin əvvəllərində müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı hüquqi yardım göstərməsini xahiş etmişdir. O, cavabdehlə telefonda danışaraq ona göstəriləcək hüquqi yardımın dəyərini 6000 (altı min) manat təşkil edəcəyini bildirmişdir. Bu zaman o, cavabdehə bu işdə göstərəcəyi hüquqi yardımın bir ildən çox müddət tələb edəcəyini nəzərə almışdır. Cavabdeh onun təklifi ilə razılaşıb və 24 may 2022-ci ildə yaşadığı Şirvan şəhərində “Sərvət” restoranında görüşərək birgə nahar etdikdən sonra şəhər notariat kontoruna getmişlər. Orada cavabdeh ona onun adından nümayəndə kimi həmin etibarnamənin mətnində əks olunmuş və cavabdehə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı ilə bağlı işləri görməyi etibar edən etibarnamə vermişdir. Həmin tarixdən etibarən o cavabdehə güzəştli pensiya təyinatı aparılması üçün fəaliyyətə başlamışdır. Pensiya təyin edən orqan ərizəni qismən təmin edərək əvvəlcə 29 iyun 2022-ci il tarixindən cavabdehə pensiya təyin etmişdir. Lakin o, bununla razılaşmayaraq cavabdehin 57 yaşdan güzəştli pensiya hüququnu təmin etmək üçün iddia ərizəsi hazırlayaraq Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Sonradan məhkəmə prosesi dövründə cavabdeh özü məhkəmədə iştirak etməklə yanaşı, onu məhkəmədə müşaiyət etmişdir. Bu proses dövründə məhkəməyə əlavə sübutların təqdim edilməsini təşkil etmiş və nəticə etibarı ilə iki illik prosesin nəticəsi olaraq cavabdehin 57 yaşdan pensiya hüququ tanınmış və həmin yaşdan onun pensiyası yenidən hesablanaraq ödənilməyə başlanmışdır. Bundan sonra o, cavabdehin razılığı ilə pensiya orqanına müraciət ərizəsi hazırlamış və cavabdehə ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin tam və qısa vaxtda ödənilməsinə nail olmuşdur. Hazırki ərizə hazırlanarkən cavabdehə bildirmişdir ki, ona ödəniləcək məbləğdən ilk olaraq ona ödəməli olduğu məbləği ödəsin və cavabdeh buna razılaşmış, lakin cavabdeh ona olan qalıq 5500 manat puldan yalnız 1000 manat şəxsi bank kartına köçürmüşdür. Ondan səbəbini soruşduqda, hazırki maddi vəziyyətinin pis olmasını bildirmiş və əlavə etmişdir ki, növbəti ayda borcunu tam ödyəcəkdir. Lakin növbəti ayda da o, bank kartına 1500 manat, ümumilikdə isə cəmi 3000 manat ödəməklə, daha o iddiaçıya pul ödəməyəcəyini bildirmişdir. Belə olan halda o, məhkəməyə müraciət edəcəyini bildirmişdir. Cavabdeh ilə onun arasında bağlanmış müqaviləyə əsasən, o, ödənilməmiş xidmət haqqı məbləği 3000 manat təşkil edir. Cavabdehin onunla müqavilə bağlaması, bundan əvvəl onun hüquqi yardım göstərilməsi üçün etibanamə təqdim etməsi, pensiya təyinatından sonra 3000 manat ödəniş etməsi onu göstərir ki, cavabdeh həmin müqavilə ilə öhdəlikləri könüllü qəbul etmiş və qismən də yerinə yetirmişdir. Bu mənada onun həmin müqavilə üzrə öhdəlikləri olmasını həm də rəftarı ilə sübut etmişdir. Cavabdehin sonadək ödəmədiyi hüquqi xidmət haqqına görə ona 3000 manat xidmət haqqı, məhkəmədə iştirakla bağlı edilən səfərlərlə bağlı 200 manat və dövlət rüsumu kimi ödənilmiş 52 manat pulun, ümumilikdə 3252 manat pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün bütün əsaslar mövcuddur. Cavabdeh könüllü borcunu verməkdən imtina edir, ona görə də o, məcbur olub pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq xx.xx.2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etməyərək bildirdi ki, iddiaçının ona güzəştli şərtlərlə pensiya təyini üçün müvafiq orqana müraciə edilməsi və müvafiq sənədlərin hazırlanması və müqavilədə göstərilən digər hüquqi xidmətlərin göstərilməsi barədə onunla iddiaçı arasında razılaşma əldə olunmuş, müqavilə bağlanmışdır. Sözügedən müqavilədə iddiaçının ona göstərdiyi hüquqi yardıma görə onun iddiaçıya ödəyəcəyi xidmət haqqının məbləği 6000 manat müəyyənləşdirilmişdir və o həmin məbləği ödəməyə razılaşmışdır. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyini məqsədilə müvafiq məhkəməyə müraciə etməsinə, müvafiq sənədlərin tərtib olunmasında və müqavilədə qeyd olunmuş digər hüquqi xidmətlərə dair öhdəliyini yerinə yetirmişdir. Lakin məhkəmə tərəfindən ona güzəştli şərtlərlə təyin olunan pensiyanın əvvəlki müvafiq tarixdən hesablanmış və ona ödənilməli olan məbləği heç də iddiaçının ona söz verdiyi məbləğdə olmamışdır. Belə ki, iddiaçı ona vəd vermişdir ki, ona təyin olunacaq pensiya məbləği elə bir tarixdən hesablanacaq ki, ona 10000-12000 manat məbləğində pensiya məbləği ödəniləcək. Lakin reallıqda belə olmamış, ona hesablanan və ödənilən pensiyanın məbləği 6000 manat olmuş və bu səbəbdən də o, iddiaçıya müqavilədə nəzərdə tutulan məbləğdə xidmət haqqının 3000 manat hissəsini vermiş, qalan hissəsini isə verməkdən imtina etmişdir. Ona görə də, tələbin rədd edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, cavabdelə aralarında bağlanmış müqaviləyə əsasən o, cavabdehə sözügedən müqavilədə göstərilən hüquqi yardımı göstərmiş, ona müvafiq orqanlara müraciət etmək üçün lazımi sənədləri hazırlamış, məhkəməyə müraciə etməkdə yardımçı olmuş və müqavilədə nəzərdə tutulmuş bütün digər hüquqi xidmətləri göstərmişdir. Müqavilədə cavabdehoin ona ödəməli olduğu xidmət haqqının məbləği 6000 manat göstərilmiş və cavabdeh buna razılaşmışdır. Lakin cavabdehə güzəştli şərtlərlə pensiya təyin olunduqdan sonra cavabdeh ona ödəməli olduğu xidmət haqqının yarısını ödəmiş, qalan 3000 manat hissəsni isə ödəməkdən imtina etmişdir. Onun tələbi əsaslıdır və cavabdehlə aralarında bağlanmış müqavilə ilə öz təsdiqini tapır. Ona görə də tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddiaçının əvvəlki məhkəmə iclasında verdiyi izahatını nəzərə alaraq və iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 24 may 2022-ci il tarixli Xidməti Müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında, İddiaçı Cavabdeh müvafiq orqanlara müraciət üçün lazımi sənədlərin tərtib edilməsi, X2 Məhkəməsində, Gəncə Apellyasiya Məhkəməsinə və ya Azərbaycan Respublikası Ali Məhkəməsinə veriləcək (iddia, apellyasiya şikayəti və kassasiya şikayəti) ərizələrin, inzibati orqana qarşı qaldırdığı iddiasına dair işlərində sifarişçi adından sənədlərin hazırlanması və işə baxılarkən sifarişçinin təqdim etdiyi etibarnamə əsasında mülki və ya inzibati işlə bağlı vəkillə sifarişçinin hüquqlarının müdafiəsi üçün müqavilə bağlanılması da daxil olmaqla hüquqi xidmətlərin həyata keçirilməsi və Cavabdeh bütün bu hüquqi xidmətlər müqabilində İddiaçı 6 000 (altı min) manat məbləğində xidmət haqqı ödəyəcəyi barədə razılıq əldə olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X1 Elman Kamal oğluna ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ona Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1 (102)-516/2024 nömrəli qərarına əsasən, xx.xx.2024-cü il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi və sözügedən məhkəmə qərarına əsasən 57 yaşın tamamlandığı xx.xx.2017-ci il tarixindən hesablanmaqla, müvafiq məhkəmə qərarına əsasən ilk müraciət tarixinizdən keçmiş üç il müddət üçün əmək pensiyası üzrə ona ödənilməli olan 5706,30 manat pul vəsaitinin hesablandığı, həmin pul vəsaitinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlər arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülərək ona ödənildiyi qeyd edilmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1360/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Cavabdeh iddiası təmin edilmiş, onun xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək 2 nömrəli Bakı Texniki Peşə məktəbində təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsi, "Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun olaraq ona güzəştli - şərtlərlə yaşa görə əmək pensiyasının 28 fevral 2017-ci il tarixindən 57 yaşdan təyin edilməsi və ilk müraciət tarixindən əvvəlki son üç il üçün ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında yazılı formada tapşırıq müqaviləsi bağlanmış və onlar arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqaviləyə əsasən iddiaçı cavabdehə güzəştli şərtlərlə pensiya təyini ilə bağlı müvafiq məhkəməyə müraciət etmək üçün sənədləşmə işlərini görmüş, müqavilədə nəzərdə tutulmuş hüquqi xidmətləri həyata keçirmiş, sözügedən müqavilə üzrə üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirmişdir. Bu hal cavabdehin izahatı və iş materialları ilə tam şəkildə təsdiqini tapmışdır. Lakin cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, müqavilədə iddiaçı tərəfindən cavabdehə göstəriləcək hüquqi xidmətin haqqı 6000 manat müayyən edilərək razılaşdırlmasına baxmayarq cavabdeh həmin məbləğin yarısını iddiaçıya ödəmiş, qalan 3000 manat hissəsini isə ödəməkdən imtina etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliklərini tam icra etməyi tələb etməkdə haqlıdır və iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Həmin Məcəllənin 783.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 3000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, iddia tələbinin məhkəmə xərclərinin əvəzinin ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, tələb dövlət rüsumunun əvəzinin tələb edilməsi hissəsində əsaslıdır, məhkəmədə iştirakla bağlı sərf edilən 200 manat xərcin əvəzinin tələb olunması hissəsində isə əsaslı deyil, belə ki, iddiaçı, onun tərəfindən 200 manat məhkəmə xərcinin çəkilməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə, ödənilmiş 52 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehdan 3000 (üç min) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 52 manat pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar