Məhkəmə qərarları › İş №2(058)-1157/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1157/2023

05.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1157/2023 05.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X1 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nin X2 İstismar İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nin X2 İstismar İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən ona hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Sərkar kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə “Azəriqaz” İB Gəncə şəhər RQİİ tərəfindən onun ailəsinə xidmət göstərən qaz sayğacı çıxarılmışdır. xx.xx.2023-cü il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunmuş, akt tərtib olunan zaman onun evində fəaliyyət göstərən mexaniki sayğacın üzərində olan nəzarət möhürü (blom) qırılmamış, ailəsi tərəfindən qaz sayğacına müdaxilə aşkar edilməmişdir. O, həmişə sərf etdiyi qazın pulunu vaxtında ödəmişdir. Ödəniş cədvəlindən görünür ki, sayğacda göstərilən tarixə kimi onun sərf etdiyi qaza görə heç bir borcu olmamış, sərf etdiyi qazın pulunu vaxtında ödəmiş, qaz idarəsinə sayğacından qaz sızması barədə məlumat vermişdir. Qaz idarəsinin işçiləri sayğaca xx.xx.2023-cü il tarixdə baxış keçirmiş, onun iştirakı ilə ******* nömrəli akt tərtib etmişlər. Baxış keçirən zaman sayğacın gövdəsinin kənar təsir nəticəsində üst hissədən deşilmiş olduğu müəyyən edilmiş, nəticədə yanvar-iyun aylarında sayğacın qaz sərfiyyatı 14634 kub.m qeydə alınaraq, ona 1555,20 manat debitor borcunun olması barədə akt tərtib etmişlər. Köhnə sayğaca “Azəriqaz” İstehsalat Birliyinin laboratoriyasında ümümi baxış keçirilmiş, hesablama mexanizmi keçən qazın sərfiyyatını qeydə almadığı aşkar edilmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın gövdəsi kənar təsir nəticəsində üst hissədən deşilmiş, sayğacın istismara yararsız olduğu təsdiq edilmiş və müəyyən edilmişdir ki, sayğacın üst qatının deşilməsi nəticəsində 14634 kub.m qaz sərfiyyatı düzgün qeydə alınmış və 1555,20 manat təşkilata ziyan dəymişdir. Qaz sayğacının deşilməsində onun heç bir günahı yoxdur. Qaz idarəsinin işciləri tərəfindən qaz xəttinə və sayğaca heç bir müdaxilə aşkar edilməmişdir. Faktiki olaraq onun ailəsinin 2022-ci ildə qaz sərfiyyat norması 3030 kub.m olmuşdur. 2023-cü ilin yanvar, fevral, mart, aprel, may və iyun ayı ərzində 14634 kub.m qaz sərf etdiyi göstərilmişdir. Bu tamamilə düzgün olmayan yalnış sərfiyyatdır. Belə ki, 14634 kub.m qazı faktiki olaraq onun dörd illik sərfiyyat normasıdır. O, heç vaxt 6 ay ərzində 14634 kub.m qaz istifadə etməmiş, bu səbəbdən də 6 ay ərzində 14634 kub.m qazın onun tərəfimdən istifadə olunması qeyri-qanuni olmaqla reallığı əks etdirmir. Ona görə də, həmin sərfiyyata görə ona əsassız olaraq yazılmış 1555,20 manat debitor borcu silinməlidir. Qaz sayğacının kənar müdaxilədən deşilməsində onun heç bir günahı və rolu yoxdur. Həmin aktı tərtib edən zaman qaz təczihatı haqqında Azərbaycan Respublikası qanunun tələbləri kobud surətdə pozulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarının tələblərinə cavabdeh tərəfindən əməl edilməmişdir. O, qanuna riayət edən şəxsdir, günahı olmadan ona kənar təsir nəticəsində qaz sayğacının deşilməsi nəticəsində qaz istismar idarəsindən yazılmış 1555,20 manat debitor borcunu heç cür ödəmək imkanı yoxdur, qaz sayğacının kənar təsir nəticəsində deşilməsində onun heç bir məsuliyyəti və günahı yoxdur, tələb olunan qaydalara həmişə düzgün əməl etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nin X2 İstismar İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPm-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “abonentin saldosu”-dan görünür ki, İddiaçı 14634 kub.m qaz sərfiyyatına görə 1555,20 manat məbləğində borc yazılmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, sayğacın hes/mex üst hissəsində balon hissəsində deşik vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5- 6455/2023/Q001 nömrəli “qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə” aktın surətindən görünür ki, **********9 seriya nömrəli sayğaca baxış keçirilmiş, sayğacın gövdəsi kənar təsir nəticəsində üst hissədən deşilmiş, sayğac istismara yararsızdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, akt-6455/2023/Q001 nömrəli rəyə əsasən sayğacın gövdəsi kənar təsir nəticəsində üst hissədən deşilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus Samux rayonu, Sərkar kəndində yerləşən evə dair dəymiş ziyanın həcmi 12960 kub.m hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB qeyd olunan aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktda göstərilən qüsur – sayğacın gövdəsinin kənar təsir nəticəsində üst hissədən deşilməsinin aşkar edilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edilərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu sayğacın gövdəsinin kənar təsir nəticəsində üst hissədən deşici alətlə deşilməsini nəzərə alaraq, hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də, bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçılrarın tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, “Azəriqaz” İB-nin X2 İstismarı İdarəsi tərəfindən sayğacın gövdəsinin kənar təsir nəticəsində üst hissədən deşilməsi səbəbinin və qaz sərfiyatına görə hesablanma qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmişdir. Odur ki, cavabdeh “Azəriqaz” İB-nin X2 İstismarı İdarəsi tərəfindən iddiaçıya məxsus Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evinə qaz sərfiyyatına dair hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin X2 İstismarı İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən İddiaçı məxsus Samux rayonu, Sərkar kəndində yerləşən fərdi yaşayış evinə qaz sərfiyyatına dair hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar