Məhkəmə qərarları › İş №2(058)-116/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-116/2023

03.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-116/2023 03.03.2023 SAMUX RAYON MƏKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh və X4 qarşı “kreditin, ona hesablanmış faiz borcunun və cərimənin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh və X4 qarşı “kreditin, ona hesablanmış faiz borcunun və cərimənin ödənilməsi” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh və X2 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyirinə 4801,8 AZN əsas, 978,85 AZN faiz, 1,8 AZN cərimə borcu olmaqla, cəmi 5782,45 AZN borcun, 0,40 AZN xidmət haqqının və dövlət rüsumu olaraq ödənilmiş 77,83 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış1241nkGNDJ/21 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2026-cı ilədək illik 25 faiz ödəmək şərtilə 5496 AZN məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq X6 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Hazırda borclu müqavilənin şərtlərini pozaraq kredit borcunun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etmir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 4 oktyabr 2022-ci il tarixinə "xxxx" KB ASC-nə 4801,8 AZN əsas, 978,85 AZN faiz, 1,8 AZN cərimə borcu olmaqla, cəmi 5782,45 AZN borcu yaranmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul edərək bildirdi ki, maddi vəziyyəti pis olduğundan banka olan borcunu ödəyə bilməmişdir. İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X5 məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Digər cavabdeh X4 isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir üzürlü səbəb göstərməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 16 iyun 2021-ci tarixli 1241nkGNDJ/21 saylı kredit sazişinə əsasən Unibank KB ASC tərəfindən Cavabdeh xx.xx.2026-cı il tarixinədək illik 25 faiz dərəcəsi ilə ödəmək şərtilə 5496 manat verilmişdir. Həmin müqavilədən görünür ki, X1 Elmir Yasin oğlunun 16 iyun 2021-ci il tarixli, 1241nkGNDJ/21 saylı kredit müqaviləsi üzrə öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 4 oktyabr 2022-ci il tarixli elektron çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 04 oktyabr 2022-ci il tarixə 4801,8 manat əsas borc, 978,85 manat faiz borcu, 1,8 manat cərimə, cəmi 5782,45 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, bankla cavabdehlər arasında kredit və zaminlik müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə onun bank qarşısında öhdəlikləri yaranmışdır. C.Qafarov Cavabdeh öhdəliklərinin icrası üçün zamin kimi məsuliyyəti öz üzərinə götürmüşdür. Müqavilə şərtlərinə görə Cavabdeh krediti illik 25% olmaqla götürmüşdür və buna görə də hal-hazırda iddiaçıya 978,85 manat faiz borcu, 4801,8 manat isə əsas borcu vardır. İddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh ilə "xxxx" KB ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə üzrə cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 4801,8 manat əsas borc, 978,85 manat faiz, 1,8 manat cərimə borcu olmaqla, cəmi 5782,45 manat borc və 0,40 AZN xidmət haqqı tutularaq, iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 77,83 manat dövlət rüsumunun da cavabdehlərdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 4801,8 manat əsas borc, 978,85 manat faiz, 1,8 manat cərimə borcu olmaqla, cəmi 5782,45 (beş min yeddi yüz səksən iki manat, qırx beş qəpik) manat borc, 0,40 manat xidmət haqqı və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 77,83 manat pul tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar