Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1196/2025 17.12.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Qəhrəmanov Rəşad Elşad oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3000 manat pulun və hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödəmiş olduğu 50 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh onun həmkəndlisi və qohumudur. Cavabdehin ehtiyacı olduğu üçün ona 11000 manat borc pul vermişdir. Bu barədə öz aralarında 02 mart 2023-cü il tarixdə akt tərtib etmişdirlər. Cavabdeh aktı imzlayaraq bildirmişdir ki, 31 mart 2023-cü il tarixinə kimi 11.000 manat pulu qaytaracaqdır. Lakin cavabdehin hazırda sözügedən borcdan 3000 (üç min) manat borcu qalmışdır. Dəfələrlə o, cavabdehdən pulunu tələb etməsinə baxmayaraq cavabdeh borcu qaytarmaqdan boyun qaçırmışdır. Ona görə də o, cavabdehə qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Tələbin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddiasını müdafiə edərək izahatında bildirdi ki, o, cavabdehlə aralarındakı qohumluq münasibətlərinə etibar edərək cavabdehə 11000 manat borc pul vermişdir. Cavabdeh ondan aldığı borcun 7000 manat hissəsinin əvəzində ona torpaq sahəsi vermiş, belə ki, sözügedən torpaq sahəsi cavabdehin arvadı Nübar Hümbətovanın mülkiyyətində olmuş, Nübar Hümbətova etibarnamə əsasında ona həmin əmlaka dair sərəncam hüququnu həyata keçirmək səlahiyyəti vermiş və o, sözügedən əmlakı cavabdehin ona olan borcunun 7000 manat hissəsinin əvəzində qəbul etmiş, daha sonra o, cavabdehin arvadının verdiyi etibarnamə əsasında sözügedən torpaq sahəsini üçüncü şəxsə 7000 manata sataraq pulunu götürmüşdür. Həmin torpaq sahəsinin alqısatqı müqaviləsində torpağın satış qiyməti 5000 manat göstərilsə də, reallıqda o, torpağı 7000 manata satmış, alqı-satqı müqaviləsində torpağın dəyərinin az göstərilməsində məqsədi daha az dövlət rüsumu ödəmək olmuşdur. Hazırda cavabdehin ona 3000 manat borcu qalmışdır. Tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, arvadı xəstə olduğundan onu müalicə etdirməyə pulu olmadığı üçün iddiaçıdan 11000 manat borc pul almışdır. Borcunu nəğd pul şəklində qayatarmağa maddi imkanı olmadığına görə həmin pulun əvəzində arvadı Nübar Hümbətovanın mülkiyyətində olan, Samux rayonu Sərkar kəndində yerləşən, 0,08 ha torpaq sahəsini iddiaçıya vermişdir. Belə ki, sözügedən torpaq sahəsi onun arvadı Nübar Hümbətovanın mülkiyyətində olmuş, Nübar Hümbətova etibarnamə əsasında iddiaçıya həmin əmlaka dair sərəncam hüququnu həyata keçirmək səlahiyyəti vermiş və iddiaçı sözügedən əmlakı onun iddiaçıya olan borcunun əvəzində qəbul etmiş, daha sonra iddiaçı onun arvadının verdiyi etibarnamə əsasında sözügedən torpaq sahəsini üçüncü şəxsə sataraq pulunu götürmüşdür. Onun iddiaçıya heç bir borcu qalmamışdır, belə ki, onlar arasındakı razılığın mahiyyəti ondan ibarət olmuşdur ki, o, arvadının mülkiyyətində olan sözügedən torpaq sahəsini iddiaçıya ödəməli olduğu borcunun əvəzində vermiş, iddiaçı da bu razılaşmaya əsasən borcun əvəzində sözügedən torpaq sahəsini qəbul etmişdir. Tələbin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki,iddiaçı və cavabdeh onun həmkəndliləridir. O, cavabdehin arvadı X3 məxsus Samux rayonu, Sərkar kəndində yerləşən 0.08 hektar torpaq sahəsini N.Hümbətovanın etibarnamə üzrə nümayəndəsi İddiaçı 8000 manata almışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh İddiaçı 11000 manat pul borc aldığını qeyd etmiş və imzası ilə təsdiqləmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edən-X4 etibar edilən-İddiaçı ƏMDK-nin yanında DƏDRX-nin Gəncə Ərazi idarəsi tərəfindən verilmiş. ********** qeydiyyat nömrəli, **********54 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Samux rayonu, Sərkar ünvanında yerləşən ümumi sahəsi 0.08 ha torpaq sahəsinin üzərində sərəncam verməyi, buna müvafiq olaraq- bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən; almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, ipoteka qoymaq, bu əqdlər üzrə haqq-hesab aparmağı, adımdan istənilən növ ərizə yazmağı və imzalamağı, bütün növ sənədləşmə işlərini aparmağı. Bank orqanlarında nümayəndəm olmağı, depoziti, hesabına pul qoyub pul çıxarmağı, mədaxil və məxaric əməliyyatlar aparmağı, bütün növ sənədlərə imza etməyi. Asan Xidmət; mərkəzlərində, DƏDRX-nin Ərazi idarələrində, notariat ofisində təmsil etməyi, bütün işləri, o cümlədən qeydiyyat işlərini aparmağı bağlanmış alqı-satqı müqaviləsini ləğv etdirməyi, bölgü planına imza atmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmiş, etibarnamə 30 il müddətinə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən məlum olur ki, həmin müqaviləyə əsasən İddiaçı etibarnamə ilə verilmiş səlahiyyət əsasında X2 mülkiyyətində olan, Samux rayonu Sərkar kəndində yerləşən 0.08 hektar torpaq sahəsini alıcı X1. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, cavabdeh iddiaçıdan 11000 manat borc almış, daha sonra almış olduğu borcun əvəzində iddiaçıya Samux rayonu Sərkar kəndində yerləşən 0,08 ha torpaq sahəsi vermişdir. Belə ki, sözügedən torpaq sahəsi cavabdehin arvadı Nübar Hümbətovanın mülkiyyətində olmuş, Nübar Hümbətova etibarnamə əsasında iddiaçıya həmin əmlaka dair sərəncam hüququnu həyata keçirmək səlahiyyəti vermiş və iddiaçı, sözügedən əmlakı cavabdehin iddiaçıya olan borcunun əvəzində qəbul etmiş, daha sonra iddiaçı cavabdehin arvadının verdiyi etibarnamə əsasında sözügedən torpaq sahəsini üçüncü şəxsə sataraq pulunu götürmüşdür. İddiaçı izahatında sözügedən torpaq sahəsini 7000 manata satdığını bildirmiş, məhkəmə iclasında dindirilmiş şahid (torpağın alıcısı) isə sözügedən torpaq sahəsinin iddiaçı tərəfindən ona 8000 manata satıldığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin arasındakı razılığın mahiyyəti cavabdehin iddiaçıya olan borcunun əvəzində arvadının mülkiyyətində olan 0,08 ha torpaq sahəsini iddiaçıya verməsi, iddiaçının isə bu razılaşmaya əsasən cavabdehin ona olan borcunun əvəzində həmin torpaq sahəsini qəbul etməsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 531.1-ci maddəsinə əsasən öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir. Məhkəmə qeyd edir ki, işin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddiaçıya verdiyi torpaq sahəsini ona ödəməli olduğu borcunun əvəzində verdiyini, iddiaçı isə cavabdehin verdiyi həmin torpaq sahəsini borcun yalnız 7000 manat hissəsinin əvəzində qəbul etdiyini bildirir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin ona olan borcunun əvəzində cavabdehin ona verdiyi torpaq sahəsini borcun yalnız 7000 manat hissəsinin əvəzində qəbul etdiyini bildirsə də, məhkəməyə, cavabdehlə ararında belə bir şərt kəsildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə ki, iddiaçı, cavabdehin ona borcunun əvəzində verdiyi torpaq sahəsini qəbul etdiyini etiraf etdiyinə və bu hal həmçinin iş materialları ilə də öz təsdiqini tapdığına görə iddiaçının həmin torpaq sahəsini borcun yalnız 7000 manat hissəsinin əvəzində qəbul etmiş olmasını, yəni aralarında belə bir şərtin olmasını sübut etmək yükü məhz iddiaçının üzərinə düşür. İddiaçı isə istinad etdiyi bu halı sübuta yetirə bilmədiyindən məhkəmə onun gətirdiyi bu dəlili əsassız sayır və tərəflər arasında mövcud olmuş borc müqaviləsindən irəli gələn öhdəliyə, öhdəliyin digər icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə xitam verilmiş olması əsası ilə iddia tələbinin rədd edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1196/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1196/2025
17.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver