Məhkəmə qərarları › İş №2(058)-1217/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1217/2023

09.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1217/2023 09.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X6 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixdə anadan olmuş X2 və xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması müəyyən edilmiş alimentin artırılaraq hər ay hər uşaq üçün 250, cəmi 500 manat müəyyən edilməsinə, onun tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə birgə nikahdan 2 uşağı - 17 sentyabr 2015-ci il təvəllüdlü X4 və 15 dekabr 2016-cı il təvəllüdlü X3 anadan olmuşdur. Samux Rayon Məhkəməsinin 2(058)-508/2020 nömrəli 20 iyul 2020-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşaqların saxlanması üçün hər ay 50 manat, cəmi 100 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır, Bakı şəhərində “Bolt” firmasında taksi fəaliyyəti ilə məşğuldur. Hər gün 100-200 manat pul qazanır, xeyli gəlir əldə etməsinə baxmayaraq, uşaqların saxlanması üçün alimentdən başqa heç bir maddi yardım göstərmir, qazancı qeyri-müntəzəm və dəyişkəndir, o, isə uşaqları saxlamaqda çətinlik çəkir. Heç bir yerdə işləmir. Cavabdehin verdiyi alimentlə uşaqların gündəlik qidalanmasını ödəməkdə çətinlik çəkir, uşaqlar daima inkişafda olduğundan və böyüdüyündən daima təzə paltarlar almaq məcburiyyətindədir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ünvanlayaraq, iddia tələbini azaldaraq, hər uşağa görə 125 manat, cəmi 250 manat sabit pul məbləğində alimentin alınmasını və əməliyyat olunması ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirib qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, hazırda o, işləmir, iddiaçı tərəfindən tələb edilən hər ay hər uşağa görə 125 manat, cəmi 250 manat məbləğində aliment ödəməsi ilə bağlı iddiaçı ilə aralarında raızlığa gəlmişlər. Məhkəmədən iddia tələbinin təmin olunmasına etiraz etmədi. Məhkəmə cavabdehin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Samux Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(058)-508/2020 nömrəli qətnaməsindən görünür ki, 17 sentyabr 2015-ci il tarixdə anadan olmuş X2 və 15 dekabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər növ qazancından hər uşaq üçün 50 manat, iki nəfər uşaq üçün 100 manat sabit pul məbləğində alimentin (vəsaitin) tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 17 sentyabr 2015-ci il tarixdə X4 doğulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından 15 dekabr 2016-cı il tarixdə X3 doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Göstərilən prosessual hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə — iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, Samux Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(058)- 508/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 17 sentyabr 2015-ci il tarixdə anadan olmuş X2 və 15 dekabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 125 (yüz iyirmi beş) manat, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Samux Rayon Məhkəməsinin 20 iyul 2020-ci il tarixli 2(058)-508/2020 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh 17 sentyabr 2015-ci il tarixdə anadan olmuş X2 və 15 dekabr 2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Artırılmış alimentin tutulmasına Samux Rayon Məhkəməsinin bu iş üzrə xx.xx.2023-cü il tarixli 2(058)-1217/2023 nömrəli qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. Mediasiya xidməti üçün ödənilmiş 60 (altmış) manat Cavabdeh tutularaq, İddiaçı ödənilsin. Cavabdeh 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar