Məhkəmə qərarları › İş №2(058)-1225/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1225/2023

03.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1225/2023 03.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, VAZ 21063 markalı sedan, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi qismində 1400 manat, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi qismində isə 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, VAZ 21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olsa da, Niyaməddin Məmmədov həmin avtomobili etibarnamə əsasında ona vermiş və həmin avtomobil onun faktiki sahibliyində olmuşdur. O, sözügedən avtomobili 2022-ci il dekabr ayında Cavabdeh satmışdır. Cavabdeh avtomobili 8 ay idarə etmiş, lakin avtomobilin dəyərini ona ödəməmişdir. Belə olan halda o, cavabdehdən avtomobilini geri almışdır. Cavabdeh tərəfindən avtomobilə 1400 manat məbləğində maddi ziyan vurulmuşdur. Həmçinin cavabdehin həmin hərəkətləri nəticəsində keçirdiyi daxili stres və əsəb nəticəsində ona mənəvi ziyan dəymişdir. Ona görə də, VAZ 21063 markalı sedan, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilinə cavabdeh tərəfindən vurulmuş maddi zərərin əvəzi qismində 1400 manat, həmçinin ona vurulmuş mənəvi zərərin əvəzi qismində 500 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştrak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bildirdi ki, avtomobili 2022-ci ilin noyabr ayında cavabdehlə aralarında əldə olunmuş şifahi razılıq əsasında nisyə qaydada cavabdehə satmışdır. Cavabdeh 8 ay avtomobildən istifadə etmiş, lakin avtomobilin dəyərini ödəməmişdir. Belə olan halda o, avtomobili cavabdehdən geri almışdır. Lakin avtomobilə cavabdeh tərəfindən 1400 manat həcmində maddi ziyan vurulmuşdur. Eyni zamanda cavabdehin həmin hərəkətləri nəticəsində ona mənəvi ziyan dəymişdir. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştrak edən Cavabdeh bildirdi ki, iddiaçı sözügedən avtomobili onun etibarnaməli idarəçiliyinə vermişdir. İddiaçı ilə aralarında avtomobilin nisyə alğı-satqısına dair şifahi şəkildə razılıq olmuşdur. Lakin avtomobil ona verilən vaxtdan etibarən o, avtomobildə müəyyən nasazlıqlar olduğunu görmüş və avtomobilin təmiri üçün 350 manat xərc çəkmişdir. Avtomobilin dəyəri kimi iddiaçı ilə aralarında razılaşdırılmış pulu iddiaçıya ödəyə bilmədiyindən iddiaçı ondan avtomobili geri almışdır. O, avtomobilə heç bir ziyan vurmamış, avtomobil ona nasaz vəziyyətdə verildiyindən əksinə o, avtomobilin təmir-bərpasına xərc çəkmişdir. Tələbin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iddia tələbinin rədd olunmasına dair qənaətini, iddia tələbinin əsaslı olmasına dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübutun təqdim edilməməsi ilə əsaslandırır. İddiaçı məhkəmədə VAZ 21063 minik markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsini və maddi ziyanın məhz cavabdeh tərəfindən vurulmasını sübut edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən və iddiaçı hazırda iddia tələbinin əsaslılığı sübuta yetirə bilmədiyindən iddia tələbi təmin oluna bilməz. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı ona mənəvi ziyanın vurulmasına səbəb kimi cavabdehin ona məxsus avtomobilə maddi ziyan vurması nəticəsində onun əsəb və daxili stres keçirməsini göstərmişdir. Lakin hazırda sözügedən avtomobilə cavabdeh tərəfindən maddi ziyanın vurulması öz təsdiqini tapmadığından iddia tələbi mənəvi ziyanın əvəzinin ödənilməsi hissəsində də təmin oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 40 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 40 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar