Məhkəmə qərarları › İş №2(058)-1236/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1236/2023

19.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1236/2023 19.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X3 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İB-nin X5 İstismar İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-nin X5 İstismar İdarəsinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən ona hesablanmış 1036,80 (min otuz altı manat, səksən qəpik) manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Seyidlər kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə “Azəriqaz” İB Gəncə şəhər RQİİ tərəfindən onun ailəsinə xidmət göstərən qaz sayğacı çıxarılmış, xx.xx.2022-ci il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunan onun evində fəaliyyət göstərən mexaniki sayğacın üzərində olan nəzarət möhürü (blom) qırılmamışdır, onun ailəsi tərəfindən qaz sayğacına müdaxilə aşkar edilməmişdir. O, həmişə sərf etdiyi qazın pulunu vaxtında ödəmişdir. Ödəniş cədvəlindən görünür ki, sayğacda göstərilən tarixə kimi onun sərf etdiyi qaza görə heç bir borcu olmamış, sərf etdiyi qazın pulunu vaxtında ödəmişdir. O, qaz idarəsinə sayğacın işləməməsi barədə məlumatı özü vermişdir. Sayğac 2009-cu il istehsalıdır, onun işləmə müddəti 5 illikdir. Sayğacın istismar müddəti bitdiyi üçün sayğac dayanmış,qaz sayğacına sahə nəzarətçisi düzgün nəzarət etməmişdir. Nəticədə sayğacın qaz sərfiyyatı 8640 kub.m qeydə alınaraq, ona 1036,80 manat debitor borcunun olması barədə akt tərtib edilmişdir. Köhnə sayğaca “Azəriqaz” İstehsalat Birliyinin laboratoriyasında ümumi baxış keçirilmiş, hesablama mexanizmi keçən qazın sərfiyyatını qeydə almadığı aşkar edilmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın çıxış borusuna müdaxilə aşkar edilmiş, sayğacın istismara yararsız olduğu təsdiq edilmiş, qaz idarəsi tərəfindən müəyyən edilmişdir ki, sayğacın düzgün işləməməsi nəticəsində 8640 kub.m qaz sərfiyyatı düzgün qeydə alınmış və 1036,80 manat təşkilata ziyan dəymişdr. Qaz sayğacının düzgün işləməməsində onun heç bir günahı yoxdur. Qaz idarəsinin işçiləri tərəfindən qaz xəttinə və sayğaca heç bir müdaxilə aşkar edilməmişdir. Bu tamamilə düzgün olmayan yanlış sərfiyyatdır. Belə ki, 8640 kub.m qazı faktiki olaraq onun bir illik sərfiyyat normasıdır. Ona görə də, həmin sərfiyyata görə ona əsassız olaraq yazılmış 1036,80 manat debitor borcu silinməlidir. Həmin aktı tərtib edən zaman qaz təczihatı haqqında “Azərbaycan Respublikası” qanunun tələbləri kobud surətdə pozulmuşdur. O, qanuna riayət edən şəxsdir, günahı olmadan qaz istismar idarəsinin səhvi ucbatından yazılmış 1036,80 manat debitor borcunu heç cür ödəmək imkanı yoxdur. Onun qaz sayğacının düzgün işləməməsində heç bir məhsuliyyəti və günahı yoxdur. Tələb olunan qaydalara həmişə düzgün əməl etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 məhkəmədən iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “abonentin saldosu”-dan görünür ki, İddiaçı 8640 kub.m qaz sərfiyyatına görə 1036,80 manat məbləğində borc yazılmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, sayğacın çıxış borusuna müdaxilə olunmuşdur. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli ******* nömrəli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən evə dair dəymiş ziyanın həcmi 8640 kub.m hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB qeyd olunan aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktda göstərilən qüsur – sayğacın gövdəsinin kənar təsir nəticəsində üst hissədən deşilməsinin aşkar edilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edilərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu sayğacın gövdəsinin kənar təsir nəticəsində üst hissədən deşici alətlə deşilməsini nəzərə alaraq, hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də, bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçılrarın tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsaslı sayır və onun təmin edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsi tərəfindən sayğacın çıxış plastmas borusunun deşilməsi səbəbinin və qaz sərfiyatına görə hesablanma qaydasının qanunauyğun olduğu barədə sübut təqdim edə bilməmişdir. Odur ki, cavabdeh “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsi tərəfindən iddiaçıya məxsus Samux rayonu, Seyidlər kəndində yerləşən fərdi yaşayış evinə qaz sərfiyyatına dair hesablanmış 1036,80 (min otuz altı manat, səksən qəpik) manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Azəriqaz” İB-nin X5 İstismarı İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən İddiaçı məxsus Samux rayonu, Seyidlər kəndində yerləşən fərdi yaşayış evinə qaz sərfiyyatına dair hesablanmış 1036,80 (min otuz altı manat, səksən qəpik) manat məbləğində borc silinsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar