Məhkəmə qərarları › İş №2(058)-128/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-128/2025

05.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-128/2025 05.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, iddiaçı X3 və cavabdeh X2 iştirakları ilə, İddiaçı X3 cavabdeh X4 qarşı «dəymiş maddi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı X7 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi ziyanın əvəzi olaraq 1500 manat pulun və ödədiyi dövlət rüsumunun əvəzi qismində 35 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun doğma qardaşıdır. Valideyinləri vəfat etdikdən sonra ata mülkündə cavabdeh yaşayır. Ata mülkümünün həyətyanı sahəsində təxminən 50 ədəd xurma (korolyok) ağacı var. Cavabeh 3 ilə yaxındır ki, onu ata mülkündən istifadə etməyə qoymur, həmin ağacların meyvəsini özü yığıb satır. O, bir neçə dəfə cavabdehə bildirmişdir ki, həmin meyvələrdən onun payına düşən hissəsini satıb yığmağa imkan versin, cavabdeh qərəzli olaraq bundan imtina edir. Buna görə də cavabdeh tərəfindən ona vurulmuş ziyanın əvəzinin ödənilməsi barədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Məhkəmədən tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştrak edən iddiaçı X7 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, cavabdeh onun doğma qardaşıdır. Valideyinləri vəfat etdikdən sonra ata mülkü o və qardaşı tərəfindən ½ hissədə miras olaraq qəbul edilmişdir. Lakin buna baxmayaraq həmin evdə faktiki olaraq cavabdeh və onun ailə üzvləri yaşayır. Ata mülkümünün həyətyanı sahəsində təxminən 50 ədəd xurma ağacı var. Həmin ağaclara cavabdeh qulluq edir və meyvələr yetişdikdə ailə üzvləri ilə birlikdə meyvələri yığaraq satır. O, isə atasından qalmış və onun tərəfindən ½ hissədə miras olaraq qəbul edilmiş evdə yaşamır, belə ki, onun özünün ayrı evi var və ailəsi ilə birlikdə həmin evdə yaşayır. Lakin hesab edir ki, atasından miras qalmış evin həyətindəki meyvə ağaclarına dair onun da hüququ var, lakin cavabdehin ona imkan verməməsi nəticəsində həmin meyvələri sataraq gəlir əldə etmək hüququndan məhrum olub. Belə olan halda ona 1500 manat maddi ziyan dəyib. Tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştrak edən cavabdeh X6 iddianı etiraf etməyərək bildirdi ki, iddia tələbi əsassızdır. İddiaçı onun qardaşıdır. Valideyinləri vəfat etdikdən sonra ata mülkü o və qardaşı tərəfindən ½ hissədə miras olaraq qəbul edilmişdir. Lakin həmin evdə faktiki olaraq o və onun ailə üzvləri yaşayır. Qardaşı Həbib isə həmin evdə yaşamır, belə ki, qardaşının ayrı evi var. O, atasından miras qalmış evdə yaşadığına görə həmin evin həyətində olan meyvə ağaclarına da ailəsi ilə birlikdə özü qulluq edir və meyvələr yetişəndə yığaraq satırlar. Qardaşı ata mülkündə yaşamadığından sözügedən meyvə ağaclarına da heç vaxt qulluq etməyib. O, qardaşının həmin evdə yaşamasına və meyvə ağaclarına qulluq etməsinə mane olmayıb. Lakin iddiaçı həmin evdə yaşamadığından və meyvə ağaclarına yalnız özü qulluq edib məhsul əldə etdiyindən həmin məhsulun satşından əldə olunmuş dəyəri də özü götürmüşdür. Buna görə də hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Məhkəmə tərəflərin izahatlarını nəzərə alaraq və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh anaları X1 vərəsələri olaraq ondan qalmış miras əmlakı hər ikisi qəbul etmişlər və onlara qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Tərəflərin hər birinin sözügedən əmlaka dair bərabər paylı mülkiyyət hüququ var, lakin əmlak naturada bölünməyib. İşin faktiki hallarından və tərəflərin izahatlarından aydın olur ki, iddiaçı sözügedən evdə yaşamır və həmin evdə cavabdeh və onun ailə üzvləri yaşayır. Belə olan halda həyətyanı torpaq sahəsindən və orada yerləşən meyvə ağaclarından da cavabdeh istifadə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən evə və həyətyanı torpaq sahəsinə dair mülkiyyət hüququ olmasına baxmayaraq, onun özünün də məhkəmə iclasında verdiyi izahatından aydın olduğu kimi, o, öz könüllü iradəsi əsasında həmin evdə yaşamır və faktiki olaraq həmin evə və həyətyanı torpaq sahəsinə sahiblik hüquqlarını həyata keçirmir. Cavabdeh isə sözügedən evdə yaşamaqla evə və həyətyanı torpaq sahəsinə sahiblik hüququnu həyata keçirir, həyətyanı torpaq sahəsində yerləşən ağaclara qulluq edərək onlardan məhsul əldə edir və məhsulun satışını həyata keçirir. Cavabdehin əməlində hər hansı təqsirli və hüquqazidd hal olmadığından onun iddiaçıya hər hansı bir ziyan vurmuş olması istisnadır. Həmçinin iddiaçı, məhkəməyə ona cavabdeh tərəfindən 1500 manat məbləğində ziyan vurulmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddia tələbini sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən və iddiaçı hazırda iddia tələbinin əsaslılığı sübuta yetirə bilmədiyindən iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 35 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı X3 cavabdeh X4 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 35 manat dövlət rüsumu iddiaçı X5 aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar