Məhkəmə qərarları › İş №2(058)-1313/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1313/2023

01.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1313/2023 01.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçı X2 və onun vəkili X1 iştirakı ilə, İddiaçı X2 “Azəriqaz” İstehsalat Birliyinə qarşı “əssasız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı X6 “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən ona hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” X5 şəhər RQİİ tərəfindən onun yaşadığı ünvana aid qaz sayğacı çıxarılmış və bu barədə xx.xx.2023-cü il tarixdə akt tərtib olunmuşdur. Sayğac çıxarılarkən sayğacın üzərindəki nəzarət möhürü qırılmamışdır və sayğaca hər hansı bir müdaxilə olunması barədə onlara heç bir söz deyilməmişdir. O, həmişə sərf etdiyi qazın pulunu ödəmişdir. Azəriqaz İB-nin labaratoriyasında sayğaca baxış keçirilən zaman sayğacın hesablama mexanizminin qaz sərfiyyatını qeyd etmədiyi və sayğacın qoruyucu şüşəsinin deşildiyi müəyyən edilmiş və ona 1036,80 manat borc hesablanmışdır. Həmin borc əsassız hesablanmışdır. Belə ki, onun tərəfindən sayğaca heç bir müdaxilə edilməyib. Buna görə də iddiasının təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçı X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, billdirmişdir ki, Samux rayonunun Kolayır kəndində yerləşən ona məxsus evin sayğacı X7 əməkdaşları tərəfindən dəyişdirilərək yenisi ilə əvəz edilərkən sayğacda hər hansı bir qüsurun olması barədə ona heç bir məlumat verilməmişdir. Sayğac həyətdən kənarda ümumi istifadədə olan məhəllədə yerləşdiyindən ev sahibi olaraq onun sayğacının təhlükəsizliyini təmin etməyi faktiki olaraq mümkün deyil, buna görə də iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının vəkili X4 iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 28 avqust 2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Samux rayonu Kolayır kəndində yerləşən, X2 yaşadığı ünvana quraşdırılmış “max” G-4 markalı, **********7 nömrəli sayğac “max” G-4 markalı, **********2 nömrəli sayğacla əvəz olunmuşdur. İş materiallarına əlavə olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında ******* nömrəli 31 avqust 2023-cü il tarixli aktdan görünür ki, istehlakçı kimi qeydə alınmış X2 yaşadığı ünvanda quraşdırılmış **********7 nömrəli qaz sayğacına baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin sınıq olduğu və sayğacın qaz sərfiyyatını qeyd etmədiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş **********00000 nömrəli “abonentin saldosu” adlı sənədin surətindən görünür ki, Samux rayonu Kolayır kəndində yaşayan abonent X2 2023-cü ilin avqust ayından etibarən akt üzrə 1036,80 manat borcunun olduğu qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Tərəflər **********7 nömrəli qaz sayğacına müdaxilə olması ilə bağlı mübahisə edirlər. Cavabdeh bilavasitə iddiaçının yaşadığı ünvanda yerləşən qaz sayğacı üçün borc hesablamışdır. Cavabdeh bu hərəkətini iddiaçı tərəfindən qaz sayğacına müdaxilə faktı ilə əsaslandırır. Lakin, iş materiallarından göründüyü kimi cavabdeh **********7 nömrəli qaz sayğacına müdaxilə edilməsini təsdiq edən heç bir sübut təqdim etməmişdir. Şərh olunan normalardan da göründüyü kimi fiziki şəxs olan istehlakçı yalnız plombun toxunulmazlığına görə məsuliyyət daşıya bilər. Sayğaca müdaxilə olunmadan hesablama mexanizmində xəta aşkarlanmışdırsa, buna görə fiziki şəxs olan istehlakçı məsuliyyət daşımır. İşlək sayğacın quraşdırılması və onun işlək vəziyyətdə qalması üçün məsuliyyət qaz paylayıcının üzərinə düşdüyündən məhkəmə hesab edir ki, cavabdeh Azəriqaz İB tərəfindən itirilmiş təbii qaz üçün 1036,80 manat borc heç bir faktiki və hüquqi əsasa söykənmədən hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. Samux rayonu Kolayır kəndində yerləşən fərdi yaşayış evində təbii qazdan istifadə qaydalarının pozulmasına görə abonent X3 cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən hesablanmış 1036,80 (min otuz altı manat səksən qəpik) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar