Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1318/2023 17.11.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, cavabdehdən 4000 manat məbləğində pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, JN-0576, Kod-50700001 nömrəli torpağa mükiyyət hüququna dair dövlət aktına əsasən cavabdehə məxsus olan 1.06 ha torpaq sahəsini alğı-satqı barədə aralarındakı şifahi razılaşma əsasında cavabdehdən almışdır. Həmin torpaq sahəsinin qiymətini cavabdehlə 2800 manata razılaşmışlar və razılığa gəldikləri məbləğin 1300 manat hissəsini nəğd olaraq cavabdehə vermiş, cavabdeh həmin məbləği ondan aldığını yazılı şəkildə təsdiq etmişdir. Torpağın müqabilində cavabdehə verməli olduğu qalan 1500 manatı isə rəsmi qaydada alqı-satqı olanda verəcəyini bildirmişdir. Lakin cavabdeh torpağa dair onunla rəsmi qaydada alğısatqı müqaviləsi bağlamaq istəməmiş, verdiyi vədə və aralarındakı şifahi razılaşmaya əməl etməmişdir. Bir müddət sonra cavabdeh sözügedən torpaq sahəsini başqa şəxsə icarəyə vermişdir. Cavabdehdən ödədiyi pulun geri qaytarmasını tələb etsə də, cavabdeh pulu ödəməkdən boyun qaçırmışdır. Bundan başqa o, sözügedən torpaq sahəsini əkinə yararlı hala gətirmək üçün 2300 manat pul xərcləmişdir. Ona görə də cavabdehdən 4000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, həmçinin sözügedən torpaq sahəsini əkinə yararlı hala gətirmək üçün 2300 manat xərc çədiyini, bundan başqa müxtəlif məbləğlərdə xərclər çəkdiyini bildirərək cavabdehin ona 4000 manat verməli olduğunu bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə içlasına gəlməmiş və gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, 2018-ci ildə sözügedən torpaq sahəsini 2300 manata iddiaçıya satması barədə iddiaçı ilə şifahi şəkildə razılığa gəlmişlər. O, iddiaçıdan torpağın müqabilində 1300 manat pul almış, qalan 1500 manatı isə İddiaçı rəsmi alqı-satqı müqaviləsi bağlanan zaman ödəyəcəyini bildirmişdir. İddiaçı 4 il həmin torpaq sahəsindən istifadə etmiş, amma aralarındakı razılığa əsasən ona ödəməli olduğu 1500 manat pulu verməmişdir. Bu səbəbdəndə o, həmin torpaq sahəsini başqa şəxsə icarəyə vermişdir. Ona görə də, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını və cavabdehin əvvəlki məhkəmə iclasında verdiyi izahatı nəzərə alaraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan JN-0576, Kod-50700001 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 181 saylı qərarı ilə 1.06 hektar pay torpaq sahəsi Cavabdeh və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İş materiallarında olan iltizamın surətindən görünür ki, Cavabdeh, İddiaçı 1300 manat pul vəsaitini aldığını öz imzası ilə təsdiq etmişdir. Tərəflərin izahatlarından və işdə olan sənədlərdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 1.06 ha torpaq sahəsinin alğı-satqısına dair şifahi şəkildə razılıq əldə olunmuşdur. İddiaçı cavabdehə həmin torpağın müqabilində 1300 manat pul vermiş, cavabdeh həmin pulu iddiaçıdan aldığını iltizamda öz imzası ilə təsdiq etmiş, eyni zamanda məhkəmə iclasında etiraf etmişdir. Tərəflər arasında sözügedən torpağın alğısatqısına dair yazılı formada bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilə olmamışdır. Məhkəmə qeyd edir ki, alğı-satqı predmeti daşınmaz əmlak olduğundan, həmin əmlak barəsində mülkiyyətçinin sərəncam vermək hüququ, yəni əmlakın özgəninkiləşdirilməsi alıcı və satıcı arasında yazılı formada bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilə əsasında həyata keçirilə bilərdi. İşin faktiki hallarından və iş materiallarından aydın olur ki, tərəflər arasında belə bir müqavilə mövcud olmamışdır. Bu baxımdan onlar arasında alğı-satqı müqaviləsi ilə bağlı münasibətlərin yaranması istisna olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 1300 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və cavabdehdən 1300 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1300 (min üç yüz) manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-1318/2023
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1318/2023
17.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver