Məhkəmə qərarları › İş №2(058)-1354/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1354/2023

31.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1354/2023 31.10.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2007-ci il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin artırılaraq hər ay hər hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Samux Rayon Məhkəməsinin xx.xx.2015ci il tarixli qətnaməsi ilə birgə nikahlarından xx.xx.2007-ci il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 60 manat, cəmi 120 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından xx.xx.2007-ci il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər uşağa görə hər ay 100 manat, cəmi 200 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. O işləmir, uşaqlara tək baxır. Maddi durumu pis olduğundan uşaqların saxlanılması üçün aldığı 200 manat məbləğində aliment onların tələbatını ödəməyə kifayət etmir. Ona görə də cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat məbləğində müəyyən edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, 350 manat əmək haqqı alır, maddi durumu pisdir, hazırda ödəməli olduğu alimenti belə çətinliklə ödəyir. Ona görə də iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək, iddiaçının məhkməyə təqdim etdiyi ərizəni nəzərə alaraq və məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-T № 188655 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə doğulmuş X2 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş AZ-T № 188656 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə doğulmuş X1 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023-cü il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən olunmuşdur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə görə hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin, “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsində uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi vurğulanmışdır. Məhkəmə, Samux Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən keçən dövr ərzində ölkə üzrə yaşayış minumumundakı artım məbləğini əsas gətirərək hesab edir ki, yaşayış minimumunun artması iddiaçının maddi vəziyyətindəki dəyişiklik kimi qiymətləndirilməlidir. Belə ki, qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişmədiyi halda malların və xidmətlərin qiymətinin qalxması həmin aliment məbləği ilə uşağların maddi təminatının əvvəlki səviyyəsinin saxlanmasının mümkün olmadığını göstərir. Bundan başqa uşağların yaşının artması ilə əlaqədar olaraq onların saxlanılması üçün tələb olunan xərclər də artmışdır. Lakin alimentin iddiaçı tərəfindən tələb olunduğu kimi müəyyən edilməsi üçün əlavə əsaslar (cavabdehin gəlirlərinin artması və s.) müəyyən edilmədiyindən iddia qismən təmin olunmalı, xx.xx.2007-ci il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər uşağa görə hər ay 125 manat sabit pul məbləğində müəyyən edilməli və bu miqdarda alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8- 2/2016 saylı Qərarında qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda - ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İş üzrə məhkəmə xərci ödənilməli olan dövlət rüsumundan ibarətdir. İddiaçının tələbi alimentin alınması ilə bağlı olduğundan iddiaçı dövlət rüsumunun ödənilməsindən azad edilmişdir. İddianın qiyməti aylıq ödəmənin artırılması tələb edilən məbləğin bir illik məcmusu ilə müəyyən edildiyindən və bu məbləğ 1000 manatdan az olduğundan, iddiaçının ödənilməsindən azad edildiyi 30 manat dövlət rüsumu Cavabdeh tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux Rayon Məhkəməsinin 2(058)-590/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin miqdarı artırılsın. xx.xx.2007-ci il tarixdə doğulmuş X2 və xx.xx.2017-ci il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 125 (yüz iyirmi beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Artırılmış aliment məbləği qətnamə qanuni qüvvəyə mindiyi tarixdən tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz manat) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar