Məhkəmə qərarları › İş №2(058)-1408/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-1408/2023

19.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-1408/2023 19.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ X8 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Samux Elektrik şəbəkəsi tərəfindən artıq yazılmış 410 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Samux rayonu, Alıuşağı kəndində mərhum atası X4 miras yaşayış evi qalmış, hazırda o və ailə üzvləri həmin evdə yaşayır. X11 02 yanvar 2017-ci ildə vəfat etmişdir. Yaşadığı evə aid qaz, elektrik və digər sayğaclar hazırda mərhum atası Adilin adınadır. O və ailəsi elektrik enerijisindən və digər kommunallardan istifadə edirlər, qeyd olunan kommunallara aid sayğaclar quraşdırılmışdır. 02 mart 2023-cü il tarixdə ona və ailə üzvlərinə məxsus elektrik sayğacı dəyişdirilib və həmin vaxt onun və ailə üzvlərinin heç bir borcu olmamış, hər ay sərf etdiyi elekirik enerjisinin dəyərini vaxtında ödəmiş, buna baxmayaraq qanunsuz və əsassız olaraq Samux rayon Elektrik şəbəkəsinin əməkdaşkarı tərəfindən ona 440 manat cərimə yazılmış, səbəbini soruşanda bildirmişlər ki, elektrik xəttinin qoşulmasında 0 (sıfır) ilə fazanın yeri dəyişik bağlanmışdır. Hər dəfə söz vermişlər ki, qanunsuz yazılmış cəriməni özləri siləcək, lakin hazırki günə qədər silməmişlər. O, 44 günlük vətən müharibəsində iştirak etmişdir, müharibə veteranıdır, hazırda maddi vəziyyəti çox ağırdır, özünün mütəmadi olaraq müalicə və müayinəyə ehtiyacı vardır. Buna baxmayaraq cavabdeh ondan qanunsuz və əsassız olaraq pul tələb etmişdir. Ona görə də, Samux Elektrik şəbəkəsinin əməkdaşları tərəfindən artıq olaraq ona yazılmış 410 manat borc silinməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mərhum X10 onun atası olmuş və o, xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. O, ailəsi ilə birlikdə mərhum X11a məxsus evdə yaşamış, hazırda da həmin evdə yaşayır. Hər ay o, istifadə etdiyi elektrik enerjisinə görə pul ödəyir. Borcu ödəmək ona maddi cəhətdən cətinlik yaradır. İddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 məhkəmədən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli NDM 030861 nömrəli aktdan görünür ki, "xxxx" ASC-nin əməkdaşları Rauf Rəfiyevin və Tağı Nəsirovun iştirakları ilə X7 məxsus Samux rayonu, Alıuşağı kəndində olan evində quraşdırılmış abonent kodu **********00332 nömrəli sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğac kənar mənbədən götürülmüş ”0” xətti vasitəsilə sayğac saxlanılmışdır. Belə ki, sayğacda faza ardıcıllığı pozulmuş, faza xətti yuvasında “0” xətti, “0” xəttində isə faza xətti aşkar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abunə haqqında cədvəldən görünür ki, X7 məxsus Samux rayonu, Alıuşağı kəndində olan yaşayış evinə enerji sərfiyyatına görə 410,81 manat məbləğində borc yazılmışdır. İş materiallarında olan xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X1 birgə nikahlarından xx.xx.1987-ci il tarixdə İddiaçı doğulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli sərəncamı ilə İddiaçı “Suqovuşanın azad olunmasına görə” medalı ilə və xx.xx.2022-ci il tarixli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli NDM 030861 nömrəli aktın surətindən görünür ki, X6 adına 3,3 kvt x 24 saat x (0,7) x 60 gün = 3326 kvts, tarif (0,08 man) -400 kvts x 0,08 = 32 man, tarif (0,09 man) -200 kvts x 0,09 = 18 man, tarif (0,13 man) -2726 kvts x 0,13 =354,40 man, cəmi 404,40 manat borc yazılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə görə istehlakçılar elektrik və istilik enerjisini təchizatçılarla bağlanılmış müqavilələr əsasında alırlar. Elektrik və istilik enerjisi istehlakçısının (əhali istisna olmaqla) enerji təchizatı şəbəkəsinə qoşulması və ya əlavə enerji (güc) alması üçün yeni tikinti (qurğu) və avadanlıq tələb edilə bilər. Bu halda istehlakçı həmin tikintilər (qurğular) və avadanlıqlar üçün tələb olunan xərclərdə iştirak edir. Xərclər müvafiq olaraq yeni güc sifarişçiləri arasında bölünə bilər. İstehlakçıların yerləşdiyi ərazidən asılı olmayaraq enerji təchizatçısını seçmək hüququ vardır. Bu halda təchizatçı enerjinin ötürülmə xərclərinin ödənilməsində iştirak edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarının: - 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. - 7.7-ci bəndinə əsasən bu Qaydaların 7.4-cü, 7.5-ci və 7.6-cı (məişət abonenti istisna ol-maqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının, həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələrin və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun (elektrik naqilinin) mülkiyyətçisinin üzərinə düşür. - 7.10-cu bəndinə əsasən istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. - 7.11. Yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerji təchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. İş materiallarından görünür ki, mərhum X7 məxsus Samux rayonu, Alıuşağı kəndində olan yaşayış evinə enerji sərfiyyatına görə cərimə 60 gün müddətinə görə hesablanmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfindən yaşayış evində yerləşən elektrik sayğacına hər ay baxış keçirilmişdir, ona görə də məhkəmə hesab edir ki, elektrik enerjisinə görə hesablanma əmsalı 60 gün deyil, 30 gün müddətinə aşağıdakı qaydada hesablanmalıdır. (3.3 kvt x 24 saat x 0.7 manat x 30 gün - W=1663 kvt.s, W1= 200 kvt.s x 0,08 manat =16 manat, W2 = 100 kvt.s x 0,09 manat=9 manat, W3=1663 kvt.s x 0,13 manat=177,19 manat, dəyəri 16+9+177,19= 202,19 manat, 404,40 manat – 202,19 manat = 202,21 manat.) Nəticə etibarilə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC-ti tərəfindən xx.xx.2023-cü il tarixli 030861 nömrəli akta əsasən mərhum X7 məxsus Samux rayonu, Alıuşağı kəndində yerləşən yaşayış evinə enerji sərfiyyatına görə hesablanmış (404.40) - 202,21 (iki yüz iki manat, iyirmi bir qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-ti tərəfindən xx.xx.2023-cü il tarixli 030861 nömrəli akta əsasən mərhum X7 məxsus Samux rayonu, Alıuşağı kəndində yerləşən yaşayış evinə enerji sərfiyyatına görə hesablanmış (404.40) - 202,21 (iki yüz iki manat, iyirmi bir qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar