Məhkəmə qərarları › İş №2(058)-148/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-148/2024

06.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-148/2024 06.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 4061 manat pulun, yol xərci ilə bağlı məhkəmə məsrəflərinin əvəzi olaraq 400 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 95 (doxsan beş) manat, cəmi 7556 (yeddi min beş yüz əlli altı) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o uzun müddətdir Azərbaycan Respublikasının Minatəmizlənmə Agentliyində (ANAMA) işləyir. Torpaqlar işğaldan azad olan gündən düşmən tərəfindən minalanmış əraziləri qarış-qarış minadan təmizləyir. 2024-cü ilin yanvar ayında kreditə pul götürüb evini təmir etdirməyi düşünmüşdür. Onun bu niyyətindən xəbərdar olan iş yoldaşı Cavabdeh1 evinin təmirini bir az yubatmağı, həmin krediti götürüb aprel ayına qədər ona borc verməyini xahiş etmişdir. O, Cavabdeh1 etibar etmədiyindən onun xahişinə qəti etiraz etmiş, lakin iki gün sonra İsmayıl onların digər iş yoldaşı, onun həmyerlisi Cavabdeh2 ilə onun yanına gəlmiş, və Cavabdeh2 kredit götürüb İsmayıla 3 ay müddətinə borc verməsini ondan xahiş etmiş, əgər İsmayıl ödəməsə, həmin pulu özünün ödəyəcəyini bildirmişdir. Cavidin israrlı xahişindən sonra ona inanıb 10000 (on min) manat kredit götürüb, apreldə borcu bağlamaq şərti İsmayıla 5000 (beş min) manat vermişdir. O, 3 ay ərzində borcun 5000 (beş min) manat hissəsini ödəmiş, 50 faiz borc ödənildiyi üçün bank müqavilə şərtləri yeniləmişdir. İsmayıl elə ilk aydan borcu ödəməkdən yayınmışdır. Onun israrlı tələblərindən sonra İsmayıl 10 ay müddətində banka cəmi 5 dəfə pul ödəmişdir. Qalan borcunu nə bir dəfəyə ödəyir, nə də banka aylıq ödəniş şəklində ödəyir. İsmayıl işdən çıxandan sonra o, dəfələrlə ondan borcu tələb etmək üçün taksiyə pul xərcləyərək Tərtər rayonundan İsmayılın yaşadığı Samux rayonuna getmiş, lakin nəticəsi olmamışdır. İsmayılın doğmalarının yanında onun borc barədə yazılı etirafı və buna dair videoçəkiliş var. Lakin buna baxmayaraq Cavabdeh1 borcunu ödəmək fikrində deyil. Həmçinin İsmayılın borcu ödəməyəcəyi təqdirdə özü ödəyəcəyini vəd edən Cavabdeh2 da borcu ödəmir. Bütün cəhdlərinin faydasız olduğunu gördükdə o, çarəni Samuxda onu hədələməkdə görmüş və bu barədə X5 102 xidmətinə bildirmişdir. Onun valideynləri məsələni həll etmək üçün Bakıdan Samux rayonuna gəlmişlər və bu hal müəyyən məsrəflərə səbəb olmuşdur. Samux rayon X6 qrupunun təhqiqatçısı polis baş leytenantı X2 06 avqust 2023-cü il tarixli qərarından məlum olduğu kimi Cavabdeh1 ona 5000 (beş min) manat borclu olduğunu etiraf etmişdir. borclu Cavabdeh1 borcu ödəmədiyi üçün o, banka olan borcu özü ödəmək məcburiyyətində qalaraq hər dəfə 405 manat olmaqla 5 ay ərzində 2025 manat ödəmiş, onun banka 2036 manat borcu qalmışdır. Həmçinin borcluların səhlənkarlığı səbəbindən o stress yaşamış, dəfələrlə bülleten açdırmaq məcburiyyətində qalmış, dərmanlara pul xərcləmiş, evinin təmiri yarımçıq qalmış və banka adı problemli müştəri kimi düşmüşdür. İşin faktiki hallarından göründüyü kimi borclular Cavabdeh1 və Cavabdeh2 ona borclu olduqları 4061 manat, taksiyə xərclədiyi 200 manat, borcluların səhlənkarlığı səbəbindən valideynlərinin Bakıdan Samuxa getmək məcburiyyətində qaldığı üçün taksiyə xərclədiyi 200 (iki yüz) manat və vurduqları mənəvi zərərə görə 3000 (üç min) manat pul alınaraq ona verilməli, həmçinin ödənilmiş 95 manat dövlət rüsumunun əvəzi də onlardan tutulmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıdan pulu Cavabdeh1 almışdır, onun bu məsələdə heç bir öhdəliyi yoxdur. Ona görə də tələbin ona münasibətdə rədd olunması barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin həmin ərzaidə qeydiyyatda olmasına baxmayaraq hal-hazırda orada yaşamadığı bildirilmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 06 avqust 2023-cü il tarixli “Cinayət işinin rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 İddiaçı izahatında göstərdiyi xüsusatları təsdiq edərək onun verdiyi izahata uyğun izahat vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən yazılmış əlyazmadan görünür ki, Cavabdeh1 İddiaçı 5000 (beş min) manat pul aldığını, həmin pulun müəyyən hissəsini, yəni 3 aya-hər ay 405 manat olmaqla qaytardığını bildirərək, qalan hissəsini qaytaracağını vəd etmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, Cavabdeh1 yuxarıda göstərilən əlyazmanı İddiaçı apardığı video çəkilişin müşaiəti ilə yazmışdır. İddiaçının nümayəndəsinin və Cavabdeh2 izahatından, iş materiallarındakı video görüntüdən və Cavabdeh1 tərəfindən yazılmış sənəddən göründüyü kimi iddiaçı Cavabdeh1 5000 manat pul vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 həmin pulun 1215 manat hissəsini iddiaçıya qaytarmışdır. Belə ki iddiaçının məhkəməyə təqdim etdiyi video görüntüdən məlum olur ki, Cavabdeh1 iddiaçıdan aldığı pulu etiraf etməsi, həmçinin onun həmin puldan 3 ay ərzində hər ay 405 manat, yəni ümumilikdə 1215 manat hissəsini iddiaçıya qaytarmasını bildirdiyi ərizəni iddiaçının gözü qarşısında və iddiaçı tərəfindən aparılan video görüntünün müşaiəti ilə yazmış və iddiaçı pulun həmin hissəsinin cavabdeh tərəfindən ona qaytarılmasına dair göstərdiklərini inkar etməmişdir. İddia ərizəsindən aydın olur ki, iddiaçı ərizəsində borc müqaviləsinə dair normalara istinad edərək iddia tələbinin hüquqi əsası kimi borc müqaviləsini göstərmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasını borc münasibətləri təşkil etmir. Belə ki, qanunvericiliyin tələbinə görə borc verilən pulun məbləği 3000 manatdan yuxarı olduqda borc müqaviləsi yazılı formada bağlanmalıdır. İşin faktiki hallarından göründüyü kimi tərəflər arasında pulun mübadiləsi barədə razılıq şifahi şəkildə əldə olunmuş, onlar arasında yazılı şəkildə bağlanmış borc müqaviləsi mövcud olmamışdır. Buna baxmayaraq Cavabdeh1, onun iddiaçıdan 5000 manat pul almasına və həmin pulun 1215 manatını iddiaçıya qaytarmasına, qalan hissəsini isə qaytaracağını vəd etməsinə dair etirafını nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıdan 5000 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Buna görə də hazırda cavabdeh əldə etdiklərini, yəni 5000 manat pulun geri qaytarılmayan hissəsini məhrum olanın tələbi ilə ona qaytarmaq öhdəliyini daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh1 oiğlundan 3785 (üç min yeddi yüz səksən beş) manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə dair hissədə təmin olunmamalıdır. Məhkəmə, həmin qənaətini onunla əsaslandırır ki, mənəvi zərərin ödənilməsi barədə tələblərə baxıldıqda zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsi, zərərvuran şəxsin təqsiri, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsi, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsi aydınlaşdırmalıdır. Hansı ki, hazırda iddiaçı tərəfindən məhkəməyə cavabdehin hərəkətləri nəticəsində ona mənəvi ziyanın dəyməsini təsdiq edəcək hər hansı sübut təqdim olunmamışdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. Belə ki, iddiaçı iddia tələbində yol xərcinə dair 400 manat məbləğində məhkəmə məsrəflərinin də əvəzini tələb etməsinə baxmayaraq həmin məsrəflərə dair də məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 57,85 manat hissəsi Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Məhkəmə hesab hesab edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə isə təmin oluna bilməz. Belə ki, Cavabdeh2 iddia tələbində sözügedən pulu iddiaçıdan alması və ya pulun Cavabdeh1 tərəfindən ödənilməyəcəyi təqdirdə həmin pulu ödəyəcəyinə dair öhdəlik götürməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 3785 (üç min yeddi yüz səksən beş) manat məbləğində pul, həmçinin ödənilmiş dövlət rümumunun 57,85 manat hissəsi tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar