Məhkəmə qərarları › İş №2(058)-149/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-149/2024

28.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-149/2024 28.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X2 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli ******* nömrəli aktla ona hesablanmış 980,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Samux rayonu, Çobanabdallı kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə “Azəriqaz" İB Gəncə şəhər RQİİ tərəfindən ailəsinə xidmət göstərən qaz sayğacı çıxarılmış və xx.xx.2023-cü il tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib olunmuşdur. Akt tərtib olunan zaman onun evində fəaliyyət göstərən mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. O, həmişə sərf etdiyi qazın pulunu vaxtında ödəmişdir. Ödəniş cədvəlindən görünür ki, sayğacda göstərilən tarixə kimi onun sərf etdiyi qaza görə heç bir borcu olmamış, sərf etdiyi qazın pulunu vaxtında ödəmişdir. O, qaz idarəsinə sayğacın işləməməsi barədə məlumat vermişdir. Sayğac 2009-cu il istehsalıdır və işləmə müddəti 5 (beş) illikdir. Sayğacın istismar müddəti bitdiyi üçün sayğac dayanmışdır. Qaz sayğacına sahə nəzarətçisi düzgün nəzarət etməmiş, nəticədə sayğacın qaz sərfiyyatı 6480 m3 qeydə alınaraq, ona 980,40 manat debitor borcunun olması barədə akt tərtib etmişlər. Köhnə sayğaca “Azəriqaz” İstehsalat Birliyinin laboratoriyasında ümümi baxış keçirilmiş, hesablama mexanizmini keçən qazın sərfiyyatını qeydə almadığı aşkar edilmişdir. Sayğaca baxış keçirilən zaman sayğacın çıxış borusuna müdaxilə aşkar edilmiş, sayğacın istismara yararsız olduğu təsdiq edilmişdir. Qaz idarəsi tərəfindən müəyyən edilmişdir ki, sayğacın düzgün işləməməsi nəticəsində 6480 m3 qaz sərfiyyatı düzgün qeydə alınmış və 980,40 manat təşkilata ziyan dəymişdir. Qaz idarəsinin işçiləri tərəfindən qaz xəttinə və sayğaca heç bir müdaxilə aşkar edilməmişdir. Bu tamamilə düzgün olmayan yalnış sərfiyyatdır. Belə ki, 6480 m3 qaz faktiki olaraq onun bir illik sərfiyyat normasıdır. Ona görə də, həmin sərfiyyata görə ona əsassız olaraq yazılmış 980,40 manat debitor borcu silinməlidir. Qaz sayğacının düzgün işləməməsində onun heç bir məsuliyyəti, günahı və rolu yoxdur. O, qanuna riayət edən şəxsdir, günahı olmadan qaz istismar idarəsinin səhvi ucbatından yazılmış 980,40 manat debitor borcunu heç cür ödəmək imkanı yoxdur. Tələb olunan qaydalara həmişə düzgün əməl etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ona məxsus Samux rayonu, Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evində qaz sərfiyyatına görə əsassız olaraq 980,40 manat borc yazılmışdır. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh “Azəriqaz” İB-nin X3 İstismar İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPm-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi ilə istehlakçı İddiaçı arasında qazın verilməsi barədə xx.xx.2018-ci il tarixdə müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə” aktın surətindən görünür ki, İddiaçı məxsus Samux rayonu, Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır, sayğac istismara yararsızdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, sayğaca ümumi baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır, sayğac istismara yararsızdır, sayğac əvəzlənmişdir. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilmişdir. İtirilmiş qazın həcmi 6480 m3 (6 x 12 x 90) hesablanmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib olunmuş “abonentin saldosu”-dan görünür ki, İddiaçı məxsus Samux rayonu, Çobanabdallı kəndində yerləşən fərdi yaşayış evinə 6480 m3 qaz sərfiyyatına görə 777,60 manat məbləğində borc yazılmışdır. İş materiallarına əlavə edilmiş “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, İddiaçı məxsus Samux rayonu, Çobanabdallı kəndində yerləşən evdə quraşdırılmış G-4 markalı qaz sayğacınınmaksimal qaz sərfi 6 m3/ saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 6480 m3 (6 x 12 x 90) olmuşdur. İş materiallarına əlavə edilmiş Samux rayon İcra Hakimiyyəti Başçısının Çobanabdallı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü İddiaçı Samux rayonu, Çobanabdallı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə ərazisində istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarının 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimləsi barədə” 28 noyabr 2016-cı il tarixli, 18 nömrəli qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 4.1.1-ci sətirində əhali kateqoriyasına aid istehlakçılar üçün illik istehlak həcmi, yəni təbii qazın bir təqvim ili ərzində istehlak həcmi 1700 m3-dək (1700 m3 daxil) olan hissəsi üçün dəyəri 100,0, (ƏDV ilə, manat/min m3), 4.1.2-ci sətirində 1700 m3-dən çox olan hissəsi üçün dəyəri 200,0 (ƏDV ilə, manat/min m3) müəyyən edilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfindən sayğaca müdaxilə olunması mübahisələndirilmiş və hesab edilmişdir ki, “Azəriqaz” İB qeyd olunan aktı tərtib edərkən qanunvericiliyin tələblərini pozmuşdur. Həmin aktda göstərilən qüsur – sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsinin aşkar edilməsi cavabdehə əsas vermir ki, iddiaçının sayğaca müdaxilə etdiyini güman edilərək sonuncuya əlavə sərfiyyat hesablasın. “Azəriqaz” İB borcu sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsini nəzərə alaraq, hesabladığından iddiaçının borc məbləği ilə bağlı hər hansı bir sübutetmə vəzifəsi yaranmır. Çünki, “Qazdan istifadə” Qaydalarının 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır ki, “Azəriqaz” İstehsalat Birliyi də, bu tələbə riayət etməmişdir. Cavabdeh məhkəmədə sübut etməlidir ki, iddiaçı qaz sayğacına müdaxilə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Beləliklə, məhkəmə qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, tərəflər arasında yaranmış hüquq münasibətlərini tənzimləyən normalara əsaslanaraq, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini qismən əsaslı sayır və onun qismən təmin edilməsi qənaətinə gəlir. Belə ki, iddia tələbində 980,40 qəpik borcun silinməsi tələb edilsə də, xx.xx.2024-cü il tarixli “abonentin saldosu”-dan görünür ki, xx.xx.2023-cü il tarixli akta əsasən hesablanmış cərimənin məbləği 777.60 manat təşkil edir. Məhkəmə hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsinin səbəbinin və qaz sərfiyyatına görə hesablanma qaydasının qanunauyğunluğu olduğu barədə sübut təqdim edə bilməmişdir. Odur ki, cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən iddiaçıya məxsus Samux rayonu, Çobanabdallı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə qaz sərfiyyatına dair hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən Samux rayonu, Çobanabdallı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə qaz sərfiyyatına dair hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar