Məhkəmə qərarları › İş №2(058)-15/2023

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-15/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-15/2023 13.12.2023 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, iddiaçının nümayəndəsi X9 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X4 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdeh X4 qarşı «ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması» tələbinə dair iddia qaldıraraq, cavabdehdən "xxxx" ASC-nin xeyrinə 1010 manat əsas borcun, 26.24 manat faiz borcunun, bank xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30.77 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə cavabdeh X11 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 1010 manat məbləğində kredit verilmişdir. X2 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik haqqında şəhadətnəmədən görünür ki, X5 qalmış mirası X6 qəbul etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kretid məbləğini ödəməlidir. Bankın təqdim etdiyi maliyyə arayışına əsasən X7 vəfat etdiyi tarixə banka 1010 manat nəğd kredit borcu və 26.24 manat faiz borcu vardır. Borclu öldüyündən həmin öhdəlik mirası qəbul edən vərəsə tərəfindən yerinə yetirilməlidir. Ona görə də, iddianın təmin olunması məhkəmədən xahiş olunmuşdur. Mülki iş üzrə məhkəmə icraatı ərzində cavabdeh öldüyündən Samux Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qərardadı ilə cavabdeh X3 prosessual hüquq varislərinin müəyyən edilməsinədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Samux Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraatın dayandırılmasına səbəb olmuş əsas aradan qalxdığından iş üzrə icraat təzələnmiş, X3 uşaqları onun prosessual hüquq varisləri kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Aslanov iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi onların qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəlik vasitəsilə göndərilərək cavabdehlərə təqdim olunması xahiş olunmuş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehlərin həmin ərzaidə qeydiyyatda olmasına baxmayaraq hal-hazırda orada yaşamadığı bildirilmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli BPM**********69 nömrəli kredit müqaviləsindən görünür ki, X10 24 ay müddətinə illik 24% dərəcəsi tətbiq olmaqla 1010 manat məbləğində nəğd kredit verilmişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, X7 "xxxx" ASC-nə 1010 manat əsas borcu və 26.24 manat faiz borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə ölmüş X7 vərəsəsi arvadı Samux rayonu, Qaraağaclı qəsəbəsində qeydiyyatda olan X3 ərindən qalan mirasdan tam hissədə irs almalı olduğu qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Samux rayonu İHB-nın Qarağaclı qəsəbə İƏD üzrə nümayəndəliyinin 19 may 2023-cü il tarixli, sorğuya cavab məktubundan görünür ki, mərhum X11 və X3 övladları - xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 və xx.xx.1992-ci il təvəllüdlü Paşayeva X8 qəsəbəsində qeydiyyatdadırlar, valideynlərindən miras qalmış 1,44 ha torpaq sahəsi onların faktiki istifadəsindədir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, "xxxx" ASC ilə X11 arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirmiş, borclu isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, X11 2019-cu ildə ölmüş və ona görə də sözügedən müqaviləyə əsasən öhdəliyini icra etməsi mümkün olmamışdır. X11 öldükdən sonra onun arvadı X6 qanun üzrə birinci növbə vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmiş və bu barədə onun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin əsasla da, iddiaçı iddia tələbini borclunun mirasını qəbul etmiş vərəsəsinə, yəni, onun arvadı X4 qarşı irəli sürmüşdür. Lakin işin məhkəmə icraatı ərzində X6 da ölmüşdür. Cavabdehin prosessual hüquq varisləri müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmış, işin icraatının dayandırılmasına səbəb olmuş hal aradan qalxdıqdan sonra isə iş üzrə icraat təzələnmişdir. Belə ki, X1 qalmış miras əmlakı idarə edən, onun övladları - Cavabdeh1 və Cavabdeh2 işə cavabdehin hüquq varisləri kimi cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi mirasın aktivini qəbul etmiş vərəsə mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsənin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, iddiaçı mərhum E.Yusifovun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – arvadı X1 tələb etməkdə haqlı olmuşdur. Lakin cavabdeh işin məhkəmə icraatı ərzində öldüyündən və mübahisənin predmeti prosessual hüquq varisliyinə yol verdiyindən və X1 miras qalan əmlak onun övladlarının faktiki istifadəsində olduğundan sözügedən borc Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107 və 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu bank xidmət haqqının və dövlət rüsumundan ibarətdir. İddia təmin olunduğundan məhkəmə ödənilmiş 30.77 manat bank xidmət haqqının və dövlət rüsumunun əvəzinin cavabdehin mirasına faktiki sahiblik edən vərəsələrdən, yəni uşaqları Cavabdeh1 və Cavabdeh2 tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2019-cu il tarixli BPM**********69 nömrəli kredit müqaviləsinə əsasən 1010 manat əsas borc və 26.24 manat faiz borcu olmaqla, cəmi 1036.24 (min otuz altı manat, iyirmi dörd qəpik) və bank xidmət haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30.77 manat pul tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar