Məhkəmə qərarları › İş №2(058)-173/2025

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-173/2025

08.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-173/2025 08.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 3450 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 2021-ci ilin noyabr ayında, onun ruhi əsəb xəstəsi olan qardaşı X2 təqaüd düzəltmək adı ilə ondan 3450 manat pul istəmişdir. O, cavabdehə inanaraq ona 3450 manat pul vermişdir. Lakin cavabdeh ona verdiyi vədə əməl etməmiş, həmçinin də onun cavabdehə verdiyi pulu geri qaytarmamışdır. Bu barədə polisə məlumat vermiş və Cavabdeh barəsində CM-nin 178.1ci maddəsi ilə cinayət işi açılmışdır. Həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb. Bu səbəbdən də məhkəmədə sözügedən pulun cavabdehdən alınaraq ona verilməsi barədə mülki icraat qaydasında iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, ərizəsində göstərilənlərə uyğun izahat verdi, həmçinin bildirdi ki, cavabdehin CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işində zərərçəkmiş qismində tanınsa da mülki iddia verməmişdir, belə ki, sözügedən pulu cinayət mühakimə icraatı qaydasında mülki iddia qaldıraraq tələb etmək istəmir, çünki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işə mülki icraat qaydasında baxılmasını tələb edir və cavabdehdən həmin pul məbləğinin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin həmin ərzaidə qeydiyyatda olmasına baxmayaraq hal-hazırda orada yaşamadığı və onun harada yaşaması barədə onlarda heç bir məlumatın olmadığı bildirilmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş cavab məktubundan və məktuba əlavə olunmuş ibtidai istintaqa dair sənədlərdən görünür ki, Gəncə şəhər BPİnin İstintaq və Təhqiqat İdarəsində Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Həmin cinayət işi üzrə İsmayılova (Əliyeva) Samirə Məmməd qızı zərərçəkmiş şəxs qismində tanınmışdır. Cavabdeh barəsində məhkəmənin qərarı əsasında “həbs” qətimkan tədbiri seçilərək hazırda o, 2 saylı İstintaq Təcridxanasında saxlanılır. İş materiallarına əlavə edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə göndərilmiş, Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokolun surətindən görünür ki, Cavabdeh ifadəsində X1 onun qardaşına təqaüd düzətmək adıyla 3450 manat pul aldığını etiraf etmişdir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. İşin faktiki hallarından və iş materiallarından aydın olur ki, cavabdeh iddiaçıya müəyyən vədlər verərək ondan həmin vədlərin yerinə yetirilməsi müqabilində 3450 manat pul almışdır. Daha sonra isə iddiaçı ilə aralarındakı razılaşmaya uyğun davranmamış, həmçinin iddiaçının ona verdiyi pulu geri qaytarmaqdan imtina etmişdir. Həmin hal iş materialları ilə sübuta yetirilmişdir. Beləliklə cavabdehin iddiaçıdan 3450 manat pul alması öz təsdiqini tapmışdır, lakin cavabdehin həmin pulu iddiaçıdan hansı əsasla almasına dair tərəflər arasında hər hansı bir müqavilə olmadığından cavabdeh sözügedən pul məbləğini heç bir hüquqi əsas olmadan əldə etmiş olmaqla iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Ona görə də məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsası kimi əsassız varlanmaya dair normalar çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin faktiki hallarına və qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehdən 3450 manat pul alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3450 (üç min dörd yüz əlli) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar