Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-215/2024 28.03.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 15000 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə dostu Ələddin vasitəsi ilə tanış olmuşdur. Söhbət zamanı Cavabdeh ona bildirmişdir ki, o, Azərbaycan Dövlət Aqrar Universitetində qaraj müdiri vəzifəsində işləyir, həmin universitetdə ağır tonlu yük avtomobilləri hərrac yolu ilə satılacaq və siyahıda “Kamaz”, “Qazel” və s. markalı yük avtomobilləri olacaq. Bildirmişdir ki, hərraca çıxacaq avtomobillər münasib qiymətə satılacaq və həmin yük avtomobillərini almağı ona təklif etmişdir. O, cavabdehlə ADAU-nin qarajına gedərək həmin avtomobillərə baxmış və özünə məxsus telefonla avtomobillərin foto şəkillərini çəkmişdir. Həmin foto şəkillər sübut olaraq hal-hazırda telefonundadır. O, 1 ədəd “Kamaz” və 1 ədəd “Qazel” markalı yük avtomobili alacağınına dair cavabdehlə şifahi qaydada razılığa gələrək 18 aprel 2023-cü il ona tarixdə ümumilikdə 15.000 (on beş min) manat məbləğində pul vermişdir. Cavabdeh söz vermişdir ki, uzağı on gün ərzində hər iki yük avtomili ona təhvil verəcək. Bir ay keçdikdən sonra Cavabdeh şifahi razlaşma əsnasında götürdüyü öhdəliyi yerinə yetirmədiyi üçün 18 may 2023-cü il tarixdə öz xətti və imzası ilə yazılı qaydada söz vermişdir ki, hər iki yük avtomobil üçün məndən aldığı 15.000 (on beş min) manat məbləğində pulu iki aya ona geri ödəyəcək. Lakin, Cavabdeh bu günə kimi ona olan borcunu ödəməkdən dolayı yollarla boyun qaçırır. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh məqsədi onun pulunu əldə etmək olmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və tələbin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək hazırda cavabdehin ona qaytarmalı olduğu pulun 500 manat hissəsini qaytardığını bildirərək həmin halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuş əlyazma onun tərəfindən yazılıb imzalanmışdır, lakin həmin əlyazmada o, iddiaçıdan 15000 manat aldığını yazmış olsa da, əslində ondan 5000 manat alıb. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş, iddiaçının məhkəməyə təqdim etdiyi əlyazmadan görünür ki, Cavabdeh İddiaçı 15000 manat pul aldığını qeyd etmişdir. Tərəflərin izahatlarından göründüyü kimi iddiaçı ilə cavabdeh arasında avtomobil alqısatqısı barədə şifahi şəkildə razılıq əldə olunmuşdur. İddiaçı cavabdehə həmin avtomobilin müqabilində 15000 manat pul vermiş, lakin onlar arasında sözügedən daşınar əşyaya dair rəsmi alqı-satqı müqaviləsi bağlanmamışdır. Cavabdeh iddiaçı ilə aralarındakı şifahi razılaşmaya uyğun davranmadığından iddiaçı cavabdehə ödədiyi pulun geri qaytarılmasını cavabdehdən tələb etmiş, lakin cavabdeh həmin pulu qaytarmamışdır. Cavabdeh iddia tələbini qismən qəbul etməsinə baxmayaraq iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuş əlyazmanın onun tərəfindən yazıldığını və imzalandığını etiraf etmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı predmeti rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əmlak olduğundan, həmin əmlak barəsində mülkiyyətçinin sərəncam vermək hüququ, yəni əmlakın özgəninkiləşdirilməsi alıcı və satıcı arasında yazılı formada bağlanmış və notarial qaydada təsdiq olunmuş müqavilə əsasında həyata keçirilə bilərdi. İşin faktiki hallarından və tərəflərin izahatlarından aydın olur ki, tərəflər arasında belə bir müqavilə mövcud olmamışdır. Bu baxımdan onlar arasında alqı-satqı müqaviləsi ilə bağlı münasibətlərin yaranması istisna olunur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan 15000 manat pulu hər hansı hüquqi əsas olmadan əldə etmiş və əsassız olaraq varlanmışdır. Bu hal cavabdehin iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim olunmuş əlyazmanın onun tərəfindən yazıldığını və imzalanmdığını etiraf etməsi ilə öz təsdiqini tapmışdır. Bununla yanaşı iddiaçı məhkəməyə təqdim etdiyi ərizəsində, həmçinin məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, cavabdeh ona qaytarmalı olduğu pulun 500 manat hissəsini hazırda ona geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan normalara uyğun olaraq məhkəmə hesab edir ki, cavabdehin iddia tələbində sözügedən məbləğdən 500 manatını iddiaçıya qaytarmasına dair iddiaçının izahatı və məhkəməyə təqdim etdiyi ərizəsi nəzərə alınaraq iddia qismən təmin edilməli və cavabdehdən 14500 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 14500 (on dörd min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-215/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-215/2024
28.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver