Məhkəmə qərarları › İş №2(058)-216/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-216/2024

08.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-216/2024 08.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh Qoçaq qızına qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Qoçaq qızına qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehdən 450 (dörd yüz əlli manat) manat məbləğində pulun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə 1170 manat dəyərində olan, 585 əyyarlı, 9.35 qram çəkidə olan “pandora” modelli qızıl komplekti Cavabdeh Qoçaq qızına satmış və Cavabdeh Qoçaq qızı həmin qızılın dəyərini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin o, ilkin olaraq 270 manat pul ödəmiş, qalan məbləği isə xx.xx.2022-ci il tarixdən başlayaraq 10 ay müddətinə hər ay 90 manat olmaq şərti ilə ödəyəcəyini öhdəsinə götürmüşdür. Cavabdeh Qoçaq qızı qızılın ümumu dəyəri olan 1170 manat borcdan 720 manat pul ödəmiş, lakin qalan 450 manat pulu ödəməmişdir. O, həmin pulu ödəməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq etmiş, lakin Cavabdeh Qoçaq qızı müxtəlif bəhanələr gətirərək pulu ödəməmişdir. O, həmin pulu ödəməkdən imtina edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə baxış iclasında iştirakının mümkün olmadığını bildirmiş və işə onun iştirakı olmadan baxılaraq tələbin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Qoçaq qızına məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin həmin ərzaidə qeydiyyatda olmasına baxmayaraq hal-hazırda orada yaşamadığı və bu səbəbdən də məhkəmə bildirişinin ona çatdırılmasının mümkün olmadığı bildirilmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Cavabdeh Qoçaq qızının xx.xx.2022-cü il tarixdə yazdığı və imzası ilə təsdiq etdiyi əlyazmadan görünür ki, o, İddiaçı məxsus 585 əyyarlı, 9.35 qram çəkidə olan “pandora” modelli qızıl komplekti 270 manat ilkin ödəniş etməklə, qalan məbləği 10 aya, hər ay 90 manat ödəmək şərtilə aldığını, səbəbsiz olaraq qızılı qaytarcağı halda heç bir ödəniş tələb etməyəcəyini, ödənişi vaxtında ödəmədiyi halda qızılı qaytarcağını qeyd etmişdir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh Qoçaq qızına xx.xx.2022-ci il tarixdə 585 əyyarlı, 9.35 qram çəkidə olan “pandora” modeli qızıl komplekti nisyə qaydada satmışdır. Bu hal cavabdeh tərəfindən yazılmış və imzalanmış, iddiaçı tərəfindən sübut kimi iş materiallarına əlavə edilmiş əlyazma ilə öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsası kimi nisyə alqı-satqı müqaviləsinə dair normalar çıxış edə bilər. Göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı öz öhdəliyini yerinə yetiməsinə baxmayaraq cavabdeh sözügedən müqavilədən irəli gələn öhdəliklərini tam icra etməmişlər. Ona görə də iddiaçının hazırki tələbi əsaslı olmaqla o, cavabdehdən öhdəliklərinin tam icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh Qoçaq qızından 450 (dörd yüz əlli manat) manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Qoçaq qızından 450 (dörd yüz əlli manat) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar