Məhkəmə qərarları › İş №2(058)-219/2024

Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-219/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-219/2024 07.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Mikayılov Cəlil Ağadin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Kommersiya Bankı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehdən 3783.1 manat əsas borc, 1143.75 manat faiz borcu, 133.82 manat cərimə olmaqla cəmi 5060.67 manat pulun və ödənilmiş 70.61 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASCnə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" Kommersiya Bankı ASC arasında arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və onun ayrılmaz tərkib hissəsi olan Ümumi Oferta müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətlə illik 29,50 faiz ödəmək şərtilə 4000 manat məbləğində kredit xətti açılmışdır. X1 5.7.15-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Tərəflər arasında bağlanmış Ümumi Oferta müqaviləsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh Müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 22 dekabr 2023-cü il tarixinə "xxxx" KB ASC-yə 3783,1 manat əsas, 1143,75 manat faiz, 133,82 manat cərimə borcu olmaqla, cəmi 5060,67 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək iddianın təmin olunmasını məhkəmədən xahiş edir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq mülki iş üzrə məhkəmə baxış iclasının idiaçının nümayəndəsinin iştirakı olmadan baxılması və iddia tələbin təmin olunması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə göndərilən bildirişlər ona çatmadığından, məhkəmə, məhkəmə bildirişini onun qeydiyyatda olduğu inzibati ərazi dairəsi üzrə nümayəndəliyə göndərərək cavabdehə təqdim olunmasını xahiş etmiş, nümayəndəlik tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin həmin ərzaidə qeydiyyatda olmasına baxmayaraq hal-hazırda orada yaşamadığı bildirilmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, ərizədən görünür ki, Cavabdeh (ş/v seriya AA*******, FİN: xxxxxxx, Samux Rayonu, Əhmədbəyli Ərazi Dairəsi, Əhmədbəyli Kəndi) "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (https://unibank.az) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli, 01U/21 saylı ümumi ofertası ilə tanış olmaqla, şərtləri ilə razı olduğunu, öhdəlikləri vaxtlı-vaxtında və düzgün qeyd-şərtsiz yerinə yetirəcəyinə imzasıyla təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş 22 dekabr 2023-cü il tarixli, elektron çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə 39406nkDJb/22 saylı kredit müqaviləsi üzrə 3783.1 manat əsas, 1143.75 manat faiz borcu, 133.82 cərimə borcu olmaqla ümumi 5060.67 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 06 iyun 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 39406nkADJb/22 saylı kredit müqaviləsinə əsasən borcunu 3 iş günü ərzində ödəməsi təklif olunmuş, əks təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetiməmiş, nəticədə onun bank qarşısında öhdəlikləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən, pul müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində pul verənə qaytarmağı öhdəsinə götürür. Pul müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, cavabdeh müqavilədə göstərilən öhdəliyini yerinə yetirmədiyindən iddiaçı hazırki tələbində haqlıdır. Ona görə də iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 3783.1 manat məbləğində əsas borc, 1143.75 manat məbləğində faiz borcu, 133.82 manat cərimə olmaqla, cəmi 5060.67 manat pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 70.61 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 3783.1 manat məbləğində əsas borc, 1143.75 manat məbləğində faiz borcu, 133.82 manat cərimə olmaqla, cəmi 5060.67 (beş min altmış manat, altmış yeddi qəpik) manat pul və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 70.61 (yetmiş manat altmış bir manat) manat pul tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qətnamə qanuni qüvvəyə minir. Hakim: Tərifə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar