Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-220/2025 18.02.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada satdığı qızıl-zinət əşyalarının dəyəri olan 7760 manatın və dövlət rüsumunun əvəsi qismində 98 manat pulun müştərək qaydada tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 bir neçə dəfə nisyə qızıl əşyaları satmış, Xəyalə aldığı malın pulunu vaxtında ödədiyi üçün etibarını qazanmışdır. Odur ki, o, cavabdehin xahişi ilə 2021 -ci ildə ona 13859 manat dəyərində nisyə qızıl-zinət əşyaları satmış və indiyədək aldığı malın pulundan bir qismini hissə-hissə vermiş, lakin bu günə kimi onun qızıl-zinət əşyalarına görə 7760 manat borcu qalmışdır. O, Cavabdeh1 verdiyi malın pulunu istədikdə o, bu gün, sabaha saxlamış, nəhayət işdən çıxdığını bildirərək ona olan borcunu digər cavabdehlər olan valideynlərinin verəcəyini demişdir. Valideynlərinin hər ikisi də öhdəsinə götürmüşlər ki, qızları aldığı qızılın pulunu bir neçə aya ona ödəyəcəklər. Lakin onlar son 9 ayda ona cəmi 100 manat pul vermişlər. Cavabdeh1 borcuna dair ona yazılı qəbz də vermişdir. Cavabdehlərin ona qarşı etdiyi bu cür hərəkətlər üzündən ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, aldığı malların pulunu ödəmək üçün o, borc-xərc etmiş, əsəb sarsıntısı keçirmişdir. Əslində cavabdehlərdən onun əmlakını özündə saxlamaqla ona vurduğu əldən çıxmış faydanı da tələb edə bilər. Lakin o, cavabdehlərdən verdiyi malın dəyərini və məhkəməyə ərizə vermək üçün xərclədiyi 98 manat dövlət rüsumunu tələb edir. Bu gün qızılın dəyəri bahalanmasına baxmayaraq o, cavabdeh Xəyaləyə verdiyi mala görə 2021-ci ilin qiymətini istəyir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, o, Cavabdeh1 bir neçə dəfə nisyə qaydada qızıl-zinət əşyaları satmış, Xəyalə aldığı malın pulunu vaxtında ödədiyi üçün onun etibarını qazanmışdır. Lakin Cavabdeh1 sonuncu dəfə ondan nisyə qaydada aldığı 7760 manat dəyərində olan qızıl-zinət əşyalarının pulunu ödəməmişdir. O, Cavabdeh1 pulunu istədikdə Xəyalə işdən çıxdığını bildirərək borcunu digər cavabdehlərin, yəni onun valideynlərinin verəcəyini demişdir. Valideynlərinin hər ikisi də qızının borcunu verəcəklərini öhdələrinə götürslər də, son 9 ayda ona cəmi 100 manat pul vermişlər. Buna görədə onların hər üçünə qarşı məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, iddiaçıdan nisyə qaydada qızıl-zinət əşyalarını o alıb. Tələbin təmin olunmasına etirazı yoxdur. Digər cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də onlar, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək və iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən, yəni Cavabdeh1 münasibətdə təmin edilməli, digər cavabdehlərə münasibətdə isə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlər aşağıdakılar müəyyən edilir: Cavabdeh1 yazdığı və imzası ilə təsdiq etdiyi əlyazmadan görünür ki, o, İddiaçı 7760 manat borcu olduğunu qeyd etmişdir. Mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə tərəflər arasında sübut etmə yükünü düzgün müəyyən etməli və hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında və müqavilə müddəalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması üçün iddia tələbinin qanuni əsasını təşkil edən müqavilə və ya qanun normalarının, o cümlədən, mübahisəyə tətbiq edilməli olan digər maddi hüquq normalarının müəyyənləşdirilməsi vacib əhəmiyyətə malikdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı və Cavabdeh1 arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn hüquq münasibətləri mövcud olmuşdur və həmin müqaviləyə əsasən onların öhdəlikləri yaranmışdır. İddaiaçı öz öhdəliyini yerinə yetirsədə Cavabdeh1 sözügedən müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmişdir. Bu hal iddiaçının və Cavabdeh1 izahatları, həmçinin iş materiallarındakı sübutla öz təsdiqini tapmışdır. Digər cavabdehlərə münasibətdə isə iddia tələbi əsassızdır. Belə ki, həmin cavabdehlərlə iddiaçı arasında hər hansı bir öhdəlik hüquq münasibətlərinin mövcudluğu məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin hüquqi əsası kimi nisyə alqı-satqı müqaviləsinə dair normalar çıxış edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 57-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsində əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh1 7760 manat pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 98 manat dövlət rüsumunun əvəzinin də Cavabdeh1 tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 7760 (yeddi min yeddi yüz altmış manat) manat pul və ödənilmiş 98 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Cavbdehlər Cavabdeh2 və Cavabdeh3 münasibətdə isə iddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-220/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-220/2025
18.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver