Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-227/2025 07.05.2025 SAMUX RAYON MƏHKƏMƏSİ Hakim Kərimova Tərifə Əbülfət qızının sədrliyi, Zərgərli Ata Nərbala oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və cavabdeh X1 iştirakları ilə, İddiaçılar X4 və İddiaçı2 cavabdeh X2 qarşı «ümumi istifadədə olan gediş-gəliş yolunun açılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi istifadələrində olan və cavabdeh tərəfindən bağlanmış gediş-gəliş yolunun açılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 181 saylı qərarı ilə iddiaçılara 0,12 ha həyətyanı torpağın xüsusi mülkiyyətinə verilməsinə dair JN-093F, kod-50703018 nömrəli mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin həyətyanı torpaq sahəsi islahatdan əvvəldə istifadədə olmuşdur. Həmin torpaq sahəsində iddiaçılara məxsus yaşayış evi vardır. Əvvəldən də həyətyanı torpaq sahəsinə gediş-gəliş üçün yol olmuşdur. İslahatdan sonra da həyətyanı sahəyə giriş-çıxış üçün yol işlək vəziyyətdə olmuşdur. 2024-cü ilin oktyabr ayından cavabdeh X3 gediş-gəliş yollarını özbaşına bağlamışdır. Bu səbəbdən də iki ailənin öz evinə gediş -gəlişinə maneə yaranmışdır. Bununla əlaqədar bağlanmış yolun acılması ilə əlaqədar dəfələrlə müraciət olunmuş, cavabdeh X3 heç bir əsas olmadan dəfələrlə münaqişə yaratmışdır. Əlli ildən artıq istifadədə olmuş gediş-gəliş yolunun bağlanması ilə əlaqədar Samux rayon İcra Hakimiyyəti Başçısının Qarayeri qəsəbəsi üzrə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə rəsmi müraciət olumuşdur. Biz iddiaçıların müraciətinə baxılmış və həqiqətən müəyyən olunmuşdur ki, cavabdeh ümumi istifadəmizdə olan yolu özbaşına bağlayaraq gediş-gəlişə icazə vermir. Bununla əlaqədar müvafiq aktlar tərtib olunmuşdur. Bu səbəbdən də ümumi istifadədə olan yolun bağlanması və gediş-gəlişin təmin olunması məqsədilə məhkəməy müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək bildirdi ki, iddia ərizəsində sözügedən, cavabdeh tərəfindən bağlanmış yol (qapı) hazırda onların hər birinin yaşadığı evlərin yerləşdiyi həyətyanı torpaq sahəsinə daxil olmaq üçün ümumi gediş-gəliş yolu, ümumi giriş qapısıdır. Həmin həyətyanı torpaq sahəsi isə onların ümumi paylı mülkiyyətindədir. Belə ki, sözügedən həyətyanı torpaq sahəsi onun və cavabdehin anasından onlara miras qalıb və miras əmlak onlar tərəfindən qəbul edilərək müvafiq məhkəmə qətnaməsi ilə payları müəyyən edilmişdir. Hazırda iş materiallarında olan mülkiyyət sənədində məhkəmənin müvafiq qətnaməsinə əsasən müəyyən edilmiş payları qeyd olunmuşdur. İddia tələbində sözügedən gediş-gəliş yolu (qapı) ümumi həyətə giriş-çıxış yolu, ümumi darvazadır. Cavabdeh onun bacısıdır. Cavabdeh və o eyni həyətdə onların hər birinə məxsus ayrıca evdə yaşayırlar. Lakin həmin evlər analarından onlara miras qalmış və hazırda onların ümumi paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşir. Paylı mülkiyyət naturada bölünməyib, ona görə də sözügedən darvaza da həmişə ortaq istifadə olunmuşdur. Həmin həyətə başqa yerdən giriş-çıxış yolu yoxdur, çünki ətrafdakı evlər, həyətyanı torpaq sahələri qonşulara məxsusdur. Cavabdeh ümumi paylı mülkiyyətdə olan həyətə vahid giriş-çıxış yolunu bağladığından onlar öz evlərinə və həyətuyanı torpaq sahələrinə girib-çıxa bilmirlər, hər dəfə bu məsələylə əlaqədar onlar arasında mübahisə yaranır. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuzdur və onun mülkiyyət hüquqlarını pozur. Bu əsasla da tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, iddia ərizəsində sözügedən, cavabdeh tərəfindən bağlanmış yol (qapı) onun qızının da payının olduğu ümumi paylı mülkiyyətdir. Belə ki, sözügedən həyətyanı torpaq sahəsi onun qaynanasından miras qalıb və əri həyatda olmadığı üçün müvafiq məhkəmə qətnaməsi ilə miras əmlakdan onun qızının payı müəyyən edilib. Hazırda iş materiallarında olan mülkiyyət sənədində məhkəmənin müvafiq qətnaməsinə əsasən onun qızının müəyyən edilmiş payı qeyd olunmuşdur. Hazırda qızı ərə gedib və ər evində yaşayır. Qızının paylı mülkiyyətçi olduğu, sözügedən həyətyanı torpaq sahəsində yerləşən evdə hazırda o yaşayır. Ərinin sağlığında həmin evdə o, əri və qızı ilə birlikdə yaşamışdır. İddia tələbində sözgedən, cavabdeh tərəfindən bağlanmış yol onların yaşadığı evlərin yerləşdiyi həyətyanı torpaq sahəsinə daxil olmaq üçün ümumi gediş-gəliş yolu, ümumi giriş qapısıdır. Cavabdeh onun baldızıdır. Cavabdeh və o eyni həyətdə onların hər birinə məxsus ayrıca evdə yaşayırlar, lakin evlərə dair mülkiyyət sənədləri yoxdur. Evlərin yerləşdiyi həyətyanı torpaq sahəsi isə paylı mülkiyyət hüququ ilə onun qızına da məxsusdur. Qızı ərə gedən gündən həmin evdə o yaşayır. Sözügedən paylı mülkiyyət naturada bölünməyib. Cavabdehin bağladığı darvaza həmişə ortaq istifadə olunmuşdur. Həmin həyətə başqa yerdən giriş-çıxış yolu yoxdur, çünki ətrafdakı evlər, həyətyanı torpaq sahələri qonşulara məxsusdur. Cavabdeh ümumi paylı mülkiyyətdə olan həyətə vahid giriş-çıxış yolunu bağladığından onlar öz evlərinə və həyətyanı torpaq sahələrinə girib-çıxa bilmirlər, hər dəfə bu məsələylə əlaqədar onlar arasında mübahisə yaranır. Hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuzdur və bu əsasla da tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X3 iddianı qəbul etməyərək bildirdi ki, İddiaçı1 onun qardaşı, digər İddiaçı2 isə onun vəfat edən qardaşının arvadıdır. İddia tələbində sözügedən giriş-çıxış yolu onların hər birinin yaşadıqları evlərin yerləşdiyi həyətyanı torpaq sahəsinə giriş-çıxış yolu, ümumi darvazadır. Həmin həyətyanı torpaq sahəsi onun anasından miras qalıb və məhkəmənin müvafiq qətnaməsi ilə vərəsələrin payları müəyyən edilib. O, yaşlı qadındır, qorxduğu üçün ümumi giriş-çıxış qapısını axşam düşən kimi bağlayır. İddiaçılar isə bəzən evə gec gəlir və onlar gələndə o artıq qapını bağlamış olur. Bundan başqa hesab edir ki, həmin qapı torpaq sahəsinin onun payına düşən hissəsində yerləşir, bu səbəbdən iddiaçılar özlərinə başqa giriş-çıxış qapısı açmalıdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Samux rayonu, Qarayeri qəsəbəsində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyət hüququ ilə X2, İddiaçı1 və mülkiyyət sənədində adları qeyd olunan digər mülkiyyətçilərə məxsusdur. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının Qarayeri Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş aktdan görünür ki, X3 ümumi istifadədə olan yolu bağlayaraq gediş-gəlişə maneə törədir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından aydın olmuşdur ki, iddiaçılar və cavabdeh eyni həyətyanı torpaq sahəsində yerləşən evlərdə yaşayırlar. Sözügedən həyətyanı torpaq sahəsi İddiaçı1 və Cavabdehnın ümumi paylı mülkiyyətindədir. Digər İddiaçı2 isə həmin paylı mülkiyyətdə payı yoxdur, belə ki, o, sadəcə olaraq qızının həmin paylı mülkiyyətdəki payında yerləşən evdə yaşayır. Eyni zamanda məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ümumi paylı mülkiyyətdə olan mübahisəli həyətyanı torpaq sahəsi naturada bölünməmişdir. Məhkəmə tərəfindən sözügedən mübahisəli həyətyanı torpaq sahəsinə və həmin həyətə ümumi girişçıxış qapısına yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin həyətyanı torpaq sahəsinə girişçıxış üçün iddia tələbində sözügedən qapıdan başqa yer yoxdur və həmin qapı həyətə vahid girişçıxış yoludur. Məhkəmə hesab edir ki, iddia tələbində sözügedən həyətyanı torpaq sahəsi İddiaçı1 və Cavabdehnın ümumi paylı mülkiyyətində olduğundan və paylar naturada bölünmədiyindən həmin həyətyanı torpaq sahəsinə ümumi giriş-çıxış qapısından hər iki mülkiyyətçi bərabər istifadə hüququna malikdirlər. Cavabdehin hazırda sözügedən qapıdan İddiaçı1 istifadəsinə maenə yaratması İddiaçı1 ümumi paylı mülkiyyət hüquqlarının pozulmasına gətirib çıxarır. Belə ki, qanunvericiliyin tələbinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Cavabdehin hərəkətləri qanunvericiliyin tələbinə tamamilə zidd olduğundan İddiaçı1 öz tələbində haqlıdır və onun tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ, subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Məhkəmə qeyd edir ki, digər İddiaçı2 isə sözügedən əmlaka dair heç bir hüquqa malik olmadığından o, hazırki tələbi irəli sürməkdə də subyektiv hüquqa malik deyil və bu hal İddiaçı2 tələbinin rədd edilməsinə əsas yarardır. Belə ki, irəli sürülmüş tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləkilə, yuxarıda sadalanan əsaslar nəzərə alınmaqla məhkəmə hesab edir ki, İddiaçı1 tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh tərəfindən onların ümumi paylı mülkiyyətində olan həyətyanı torpaq sahəsinə ümumi giriş-çıxış qapısından İddiaçı1 istifadəsinə yaradılan maneə aradan qaldırılmalıdır. İddiaçı2 isə hazırki tələbi irəli sürməkdə subyektiv hüququ olmadığından ona münasibətdə idda tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Samux rayonu Qarayeri qəsəbəsində yerləşən, İddiaçı1 və X2 paylı mülkiyyət hüququ ilə məxsus olan həyətyanı torpaq sahəsinə ümumi-giriş çıxış qapısından İddiaçı1 istifadəsinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddiaçı2 tələbinə münasibətdə isə iddia təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tərifə Kərimova
Məhkəmə qərarları › İş №2(058)-227/2025
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-227/2025
07.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver