Azərbaycan Respublikası adından QƏTNAMƏ Samux rayonu İş № 2(058)-242/2024 22.05.2024 SAMUX RAYON MƏHKƏMƏSİ X18 Əhməd oğlunun sədrliyi, Tağıyev Hüseyn Firqət oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi – vəkil X6, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş 8000 manat maddi zərərin tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində 0,7744 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsində çox (yeddi) illik yonca bitkisi əkilmişdir. Yonca bitkisi il ərzində 4 dəfə biçilir. Hər dəfə yonca biçimində 0,7744 hektar sahədən 150 ədəd yonca bağı əldə olunur. Orta hesabla il ərzində 600 ədəd yonca bağı (pres) əldə olunur. Samux rayon İcra Hakimiyyəti Başçısının Ziyadlı kəndi üzrə nümayəndəsi Cavabdeh vəzifə mövqeyindən sui- istifadə edərək, ona məxsus 0,7744 hektar torpaq sahəsini öz başına biçib aparmışdır. Cavabdeh heç bir qanuni əsas olmadan torpaq sahəsinin özünə məxsus olduğunu bildirmişdir. O, dəfələrlə mülkiyyət sənədlərinə görə torpaq sahəsinin ona məxsus olmasını cavabdehə bildirsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh qeyri-qanuni hərəkətləri ilə onun xüsusi mülkiyyətində olan torpaq sahəsindən istifadə etməyə imkan verməmişdir və o, cavabdeh tərəfindən təqiblərə məruz qalmışdır. Cavabdehin vəzifə mövqeyindən sui-istifadə etməsi və qeyri-qanuni hərəkətləri barədə dövlət idarəetmə və inzibati orqanlara şikayət vermişdir. Şikayət ərizələri Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən araşdırılmış, qeyd olunan faktlar öz təsdiqini tapmış dır və ona 8000 (səkkiz min) manat ziyan dəyməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cavabdeh barəsində cinayət təqibi ilə əlaqədar toplanmış materiallar adiyyatı üzrə Samux Rayon Prokurorluğuna göndərilmişdir. Ona cavabdeh tərəfindən vurulmuş 8000 (səkkiz min) manat maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, torpaq sahəsini aldıqdan sonra Elvinə zəng vuraraq bildirmişdir ki, mübahisəli torpaq sahəsini o, almış və artıq torpaq sahəsi ona məxsusdur. Təxminən aprel ayının axırlarında, Elvinə torpağa dair çəkdiyi xərci ödəməyə hazır olduğunu bildirmiş, 300-500 manat pul təklif etmiş, həmin pulun müqabilində Elvinə torpaq sahəsindən çıxmasını təklif etmişdir. Elvin isə həmin təkliflə razılaşmamış, torpaq sahəsini ala bilməzsən deyərək, həmin torpaq sahəsinin ona kimin tərəfindən satılmasını soruşmuşdur. O, və atası dəfələrlə sənədi Elvinə göstərmişlər. O, Daşınmaz Əmlakın mütəxəssislərini dəvət etmiş, xx.xx.2023-cü ildə mütəxəssislər torpaq sahəsinin ona məxsus olmasını bildirmişlər. Həmin sənəd əldə olunduqdan sonra Elvin həmin torpaq sahəsini yararsız hala salmışdır. 2023-cü ilin iyul ayının 7-də alqı-satqı etmişlər, iyulun axırı çıxarış almış, avqust ayında isə Elvin torpaq sahəsindən çıxmadığı üçün akt tərtib edilmiş və torpaq sahəsi ona təhvil verilmişdir. Məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi – vəkil X12 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, torpaq sahəsi mülkiyyətçilər X3, X4 və X1 payına düşən pay torpağıdır, torpaq sahəsi etibarnamə ilə X9 verilmiş, Orxan isə mülkiyyətçilərin adından etibarnamə əsasında alqı-satqı müqaviləsi ilə iddiaçıya satmışdır. Həmin torpaq sahəsinin icrarə müqaviləsi olmamışdır. Cavabdeh tərəfindən öz vəzifə mövqeyindən sui-istifadə edilərək torpaq sahəsini uzun müddətdir əkilir. Elvin kənd icra nümayəndəsinin müavinidir və bilə-bilə uzun müddətdir ki, öz vəzifə mövqeyindən suiistifadə edərək özbaşına icarə haqqı ödəmədən iyirmi ildir ki, torpağı əkir. İddiaçı həmin torpaq sahəsini almış, cavabdehə torpaq sahəsindən çıxmasını demişdir. Cavabdeh faktiki olaraq üç dəfə yoncanı biçib aparmışdır. Məhkəmədən iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, onun yonca əkdiyi torpaq sahəsi 3 ildir ki, onun istifadəsindədir. Həmin torpaq sahəsini ona istifadə etməsi üçün mülkiyyətçilər deyil, bibisi oğlu Asif Zərbəliyev vermişdir. 23 ildir ki, Aqrar İslahat Komissiyası tərəfindən həmin torpaq sahəsi bibisi oğlu Asifə verilmişdir. O, və Asif həmin torpaq sahəsinin Asifə məxsus olmasını hesab etmişlər. 3 il ərzində o, yoncanı əkmiş, istifadə etmiş və hər il Asifə icarə haqqı vermişdir. Torpaq sahəsi mübahisəli olduğu üçün iddiaçının torpaq sahəsinin yeri müəyyən edilməmişdir. Sonradan iddiaçın müraciəti əsasında torpaq sahəsinin döngə nöqtələri yerində ölçülərək xx.xx.2023-cü il tarixdə iddiaçıya təhvil verilmişdir. Torpaq sahəsini bir hissəsi Orxan Əliyevin sahibliyində olmuş, Orxanın sahibliyində olan torpaq sahəsində onun yonca əkməsi barədə məlumatı olmuşdur. Məhkəmədən iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X14 bildirdi ki, torpaq sahələrinin mülkiyyətçiləri olsa da faktiki həmin torpaq sahələrinə o, sahiblik etmişdir. Torpaq sahəsinin elektron uçotla bağlı sənədi düzgün olmamışdır. Torpaq sahəsi onun tərəfindən etibarnamə əsasında Vidadiyə satılmışdır. Torpaq sahəsi satılarkən torpaq sahəsini İddiaçı atasına göstərmişdir. İddiaçı ilə aralarında notarial qaydada alqı-satqı olmuş, Vidadi torpağa dair çıxarış almışdır. Cavabdeh həmin torpaq sahəsində yonca əkmiş və bundan Vidadinin məlumatı olmuşdur. Torpağın sotu və yeri təxminən bilinirdi, lakin koordinatları bilinmirdi, ona görə də, çıxarış aldıqdan sonra yerin müəyyən olunması üçün İddiaçı mütəxəssisləri dəvət etmiş və yerin koordinatları məlum olmuşdur. Torpaq sahəsinin döngə nöqtələri bilinmədiyindən 2023-cü ilin avqust ayında akt tərtib olunaraq, torpaq sahəsi İddiaçı təhvil verilmişdir. Yonca ildə 3-4 dəfə biçilir, yoncanın sonuncu biçimi təxminən sentyabr ayının 10-15-i arası biçilib götürülür. Cavabdehlə arasında icarə müqaviləsi olmamışdır. O, alqı-satqı vaxtı Vidadiyə bildirmişdir ki, torpaq sahəsinə dair sənəd aldıqdan sonra Elvin əkdiyi yoncanı biçib torpaq sahəsindən çıxacaqdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 bildirdi ki, ərizəçi onun qardaşıdır. Vidadi torpaq sahəsini Orxan Əliyevdən almışdır, torpaq sahəsini almamışdan əvvəl qardaşı həmin torpaq sahəsinə təxmini biçilməmişdən əvvəl baxmışdır və yonca yeri olması barədə Vidadinin məlumatı olmuşdur. O, alqı-satqı prosesində iştirak etməmişdir. Sənədin düzəlməsi təxmini aprel-may-iyun aylarına təsadüf etmişdir. Vidadi Elvinə zəng vuraraq torpaq sahəsini aldığını, faktini sənədin onda olmasını, ona məxsus torpaq sahəsindən çıxmasını bildirmişdir. Elvin yoncanı birinci və ikinci baş biçiləndə aparmış, üçüncü baş biçiləndə artıq X21 Nazirliyinə müraciət etmişdir. Həmin məsələdən sonra kəndin bələdiyyəsi bildirmişdir ki, yoncanı pres formasında qaytaracaqdır. Vidadi ərizəni geri götürmüş, həmin gün axşam Elvin qəsdən həmin yonca sahəsini şumlatmışdır. O, Elvinə zəng vuraraq yeri şumladıb-şumlatmamasını soruşmuş, lakin Elvin bildirmişdir ki, torpağı öz sahibi şumlatmışdır. Elvin yoncanı üç dəfə biçib aparmışdır. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, Samux rayonu, Ziyadlı kəndində yerləşən 0.7744 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İş materiallarında olan 07 iyul 2023-cü il tarixli “Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi”nin surətindən görünür ki, X10, X11 və X5 tərəfindən (etibarnamə əsasında nümayəndə X14) Samux rayonu, Ziyadlı kəndində yerləşən, ümumi sahəsi 0.7744 ha olan torpaq sahəsi 5000 manata İddiaçı satılmışdır. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı 28 avqust 2023-cü il tarixli müraciəti ilə bağlı **********21 nömrəli çıxarışa əsasən Samux rayonu, Ziyadlı kəndi ərazisində mülkiyyətində olan 0.7744 ha torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək ona tanıdılmışdır. İş materiallarında olan Göy-gol rayon Yeniqızılca qəsəbəsi mal satış bazarı tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fərdi fəaliyyət göstərən vəkil Fuad Xəlilova ünvanlanmış məktubdan görünür ki, Göy-göl rayonu, Yeniqızılca satış bazarında 2022-ci il təsərrüfat ilində bir ədəd yonca bağının satış qiyməti 5,50 manat olmuşdur. İş materiallarında olan 15 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Samux rayon Ziyadlı kənd icra nümayəndəsinin müavini Cavabdeh və X7 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki hüquq münasibətlərində riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir, hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Haqlar istənilən şəkildə deyil, yalnız onların tanınma məqsədlərinə uyğun gəldiyi hədlər daxilində istifadə oluna bilər. Məhkəmələr hüquqi mübahisələrə baxarkən hüquqdan sui-istifadə hallarını tərəflərin irəli sürüb-sürməməyindən asılı olmayaraq nəzərə almalıdırlar. Əks halda, yəni hüquqdan sui-istifadə halını nəzərə almadan çıxarılan məhkəmə qərarları başda konstitusiya olmaqla bütün qanunvericiliyə zidd olaraq ədalətsiz nəticələrin əmələ gəlmə səbəbi olar. Belə bir nəticə “ədalət mühakiməsi” anlayışının özünə kökündən ziddir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh torpağın keçmiş mülkiyyətçilərinin razılığı ilə onlara məxsus Samux rayonu, Ziyadlı kəndində yerləşən torpaq sahəsində çoxillik yonca bitkisi əkib becərmişdir. Həmin torpaq sahəsi 07 iyul 2023-cü il tarixdə X10, X11 və X5 tərəfindən (etibarnamə əsasında nümayəndə X14) 5000 manata İddiaçı satılmışdır. Torpaq satıldıqdan sonra torpağın naturada verilməsi mümkün olmadığına görə İddiaçı müraciəti əsasında 28 avqust 2023-cü il tarixdə torpaq sahəsinin döngə nöqtələri yerində (naturada) ölçülərək, İddiaçı təhvil verilmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü də hər bir iddia üzrə iddiaçı tərəfin üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərdiyi pul tələbini sübut etməlidir. İddiaçı tərəfindən isə tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia tələbini dəstəkləyən sübutlar isə yalnız özünün izahatı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hazırkı mübahisənin həlli ilə əlaqədar olaraq məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Samux Rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №2(058)-242/2024
Samux Rayon Məhkəməsi Qətnamə — İş №2(058)-242/2024
22.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver